Ötən həftələrdə Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli “Oxu.az” xəbər saytına Azərbaycanda və dünyada təhsilin vəziyyəti ilə bağlı müsahibə verib. Müsahibə zamanı müşavir dünyanın heç bir yerində yeni elmi fəaliyyətə başlayan alimin ölkənin orta aylıq əmək haqqından yüksək maaş almadığını iddia edib.
“İnsan bilməlidir ki, müəyyən bir mərhələyə çatdıqdan sonra nüfuz da, gəlir də əldə edə biləcək, lakin kiminsə elmi fəaliyyətə başladığı anda orta aylıq maaşdan artıq məvacib alması nə normaldır, nə də praktik. Dünyanın heç bir yerində bu belə olmayıb və olmayacaq da”.
“Fakt Yoxla” iddianın doğru olub olmadığını yoxlayıb.
Son statistikalara əsasən Azərbaycanda orta aylıq nominal əmək haqqı 1083,8 manat, Bakı şəhərində isə 1357,3 manat olub. Azərbaycanda yeni elmi fəaliyyətə başlayan alimlər (postdoktorantlar) stajsız olaraq kiçik elmi işçi kimi fəaliyyətə başlayır və 550 manat maaş alırlar. Əlavə olaraq fəlsəfə doktoru statusu alan elmi işçilər 60 manat; elmlər doktoru statusu olan elmi işçilərsə 100 manat aylıq əlavələr alırlar.
Rezidenturada təhsil alanların aylıq konkret məvacibi rəsmi mənbələrdə göstərilməsə də, Nazirlər Kabinetinin qərarına əsasən, rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üçün illik 8600 manat vəsait ayrılır. Bu da aylıq təxmini 716 manat edir. Təhsil müəssisələri rezidentlərə bu məbləğin hamısını yaxud da bir hissəsini ödəyə bilər. Bu ilin əvvəlində sosial şəbəkələrdə rezident həkimlərin maaş azlığından şikayətlər var idi.
İddiaya gəlincə, dünya təcrübəsində yeni elmi fəaliyyətə başlamış şəxslərin maaşının ölkənin orta aylıq əmək haqqından yüksək olduğu bəzi ölkələr var. Bu, adətən ixtisasların növündən asılı olaraq dəyişir.
Gənc alimlərin 2025-ci il üzrə məvacibləri:
Cədvəldəki maaş miqdarları minimal göstəricilər olub əsasən təcrübəsiz və ya 0-1 il aralığında təcrübədə olan şəxslərə aid edilir.
Beləliklə, müxtəlif ölkələrdə gənc alimlər işə başlayan zaman orta aylıq əməkhaqqıdan daha artıq maaş alırlar.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Nicat Məmmədlinin iddiası yanlışdır.