“...2013-2016-cı illəri əhatə edən "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı" qəbul ediləcəkdir”.
Bu vəd 2012-ci ildə İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında verilmişdi.
“Fakt Yoxla” bu vədin yerinə yetirilib-yetirilmədiyini yoxlayıb.
2012-ci ildən Mədəniyyət və Turizm Nazirliyi (indiki Mədəniyyət Nazirliyi) Dövlət Proqramının layihəsi üzərində hazırlıq işlərinə başlayıb. Bu məqsədlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, həmçinin, elmi institut və universitetlərdən bir sıra təkliflər qəbul edilib.
2013-cü ildə Mədəniyyət Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, AMEA-nın, Azərbaycan Turizm İnstitutunun, Dövlət Memarlıq və İnşaat Universitetinin, "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun və Alban-Udi xristian dini icmasının mütəxəssisləri tərəfindən sözügedən Dövlət Proqramının layihəsi müzakirə olunub.
2014-cü ildə nazirlik “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı”-nın layihəsini Nazirlər Kabinetinə təqdim edib (səh.42).
2015-ci ildə o vaxtki Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, Dövlət proqramının layihəsi razılaşdırma mərhələsindədir.
Lakin, layihə hazırlanıb aidiyyəti orqana təqdim edilsə də, Dövlət proqramı təsdiqlənməyib.(səh.8).
Beləliklə, 2013-2016-cı illəri əhatə edən "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı" qəbul edilməyib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə vəd yerinə yetirilməyib.