Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “demokrat.az” saytına müsahibəsində bildirib ki, turistlərin Azərbaycana gəlməsi üçün yetərincə imkanlar var: “Uçuşlar var, təyyarələr, qatarlar fəaliyyətdədir. Ona görə mən bu istiqamətdə turizm üçün problem görmürəm”.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
2020-ci ilin mart ayından etibarən koronavirus pandemiyası səbəbilə Azərbaycan Respublikasının quru sərhədləri vətəndaşların və turistlərin keçidi üçün qapadılıb. 2021-ci ilin ortalarından gücləndirilmiş rejim tədricən yumşaldılsa da, quru sərhədləri artıq 6-cı ildir ki, bağlıdır.
Quru sərhədlərin bağlanması nəticəsində fərdi minik avtomobilləri, avtobus və qatarlarla, eləcə də piyada olaraq turistlərin Azərbaycana gəlməsi qeyri-mümkün olmuşdur. Turistlər üçün yeganə nəqliyyat vasitəsi olan hava yollarının qiymət siyasəti isə davamlı olaraq yüksək qiymətlər səbəbilə tənqid edilib.
Quru sərhədlərin bağlanması Azərbaycana gələn turistlərin sayının pandemiyadan öncəki göstəricilərə nisbətən azalmasına səbəb olmuşdur:
Mənbə: Dövlət Statistika Komitəsi
Rəsmi rəqəmlərdən göründüyü kimi, 2024-cü ildə ölkəyə gələn əcnəbilərin sayı pandemiyadan öncəki dövrlər müqaiyisədə təxminən 35% azdır. Müqayisə üçün, qonşu Gürcüstan və Ermənistanda turizm göstəriciləri pandemiyadan öncəki sayı ötüb keçib. Belə ki, Gürcüstanda turist sayı 2024-cü ildə 2019-cu il göstərisicisini ötərək 5 milyona çatıb. Ermənistanda isə 2023-cü ildə turistlərin sayı 2019-cu ilə nisbətən 22% artaraq 2.3 milyona çatıb. Həmçinin, qonşu Gürcüstanda turistlərin ümumi sayının yarıdan çoxu ölkəyə məhz quru sərhədləri ilə gəlib.
Aşağıda təqdim olunan rəsmi məlumatlardan o da aydın olur ki, ölkəyə gələn turistlərin 98%-dən çoxu təyyarə ilə gəlməyə məcbur qalıb. Halbuki pandemiyadan əvvəl seçimi hava yolu olunların payı 50%-dən də aşağı idi.
Mənbə: Dövlət Statistika Komitəsi
Beləliklə, hazırda turistlərin Azərbaycana quru yolla gəlməsi (avtomobillə, qatarla yaxud piyada) qanunla mümkün deyil, çünki quru sərhədləri bağlıdır. Bundan əlavə, 2024-cü ildə ölkəyə gələn turist sayı pandemiyadan əvvəlki dövrdə gələn turistlərin təxminən 65 faizinə bərabərdir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Deputat Asim Mollazadənin səsləndirdiyi iddia yalandır.