Jurnalist Elçin Alıoğlu Ukraynanın “Şaxtyor Donetsk” futbol klubunun gələn mövsümdən etibarən Rusiya İkinci Liqasında çıxış edəcəyini xəbər verib. O, Ukrayna klubunun məsələ ilə bağlı rəsmi açıqlama yaydığını və Rusiya Futbol Federasiyasından təsdiq aldığını qeyd edib. Eyni xəbəri “Musavat.com”, “News.milli.az” və “Sia.az” saytları da dərc edib.
Skrinşot Elçin Alıoğlunun feysbuk səhifəsindən götürülüb
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.
Jurnalist Elçin Alıoğlunun iddiasının əksinə, Ukraynanın “Şaxtyor Donetsk” klubu Rusiya ikinci liqasında oynamaq istəyi ilə bağlı hər hansı açıqlama yaymayıb. Məsələ burasındadır ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərində yerli futbol klubları ilə eyni adlı futbol klubları yaradır. “Şaxtyor Donetsk” də bu siyasətə uyğun olaraq Rusiya işğalındakı Donetsk şəhərində “yenidən” yaradılıb. Lakin, komandanın Ukrayna “Şaxtyor”-u ilə heç bir əlaqəsi yoxdur.
“Şaxtyor Donetsk”in Rusiya ikinci liqasında çıxış etmək istəməsi ilə bağlı saxta xəbərlər yayıldıqdan sonra, Ukrayna Futbol Assosiasiyası hadisə ilə bağlı UEFA-ya etiraz məktubu göndərərək bu addımın qeyri-qanuni olduğunu bəyan edib. Qurum işğal olunmuş bölgə təmsilçilərinin adı ilə eyni klubların yaradılmasını və onların Rusiya liqasına cəlb edilməsini hüquqa zidd hesab edib.
Teleqram kanallarına istinadən Rusiya mediasında dərc olunan xəbərlərdə də klubun yeni formalaşdırıldığı qeyd olunub. Ukraynanın “Şaxtyor Donetsk” klubu isə hazırda Ukrayna çempionatında çıxışına davam edir. İndiyədək Rusiya oxşar addımı Ukraynanın Xerson vilayətinin “Fregat” və Luqanskın “Zorya” klubları ilə bağlı da atıb və onların da eyni adlar altında Rusiya liqasında iştirakına çalışır.
Beləliklə, rəsmi məlumatlardan da göründüyü kimi, Ukraynanın “Şaxtyor Donetsk” futbol klubu Rusiya İkinci Liqasında çıxış edəcəyi ilə bağlı rəsmi açıqlama yaymayıb. Xəbər işğal edilmiş bölgədə eyni ad altında yaradılmış komandaya aiddir.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, xəbər saxtadır.