“98 min əhalisinin əksəriyyəti gənclər olan Ucar rayonunda bir dənə olsun stadion yoxdur. Gəncləri sağlamlığa zərərli başqa işlərdən yayındırmaq üçün orada stadion tikilməlidir”.
Bunu Milli Məclisin deputatı Ramil Həsən deyib.
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.
Stadion əsasən açıq hava idman tədbiri üçün nəzərdə tutulmuş meydançanı və ya hər-hansısa tədbirin keçirildiyi səhnəni əhatə edən ərazidir. Beynəlxalq standartlara əsasən stadion hamar, təbii və ya süni ot örtüklü, həmçinin səthi (ot örtüyü) yaşıl olmalı və xətlər ağ rənglə işarələnməlidir. Qeyd edək ki, iddiada böyük və ya mini stadiondan xüsusilə danışılmadığından hər iki stadion forması araşdırma predmeti seçilib.
Açıq mənbələrdən (mənbə: 1, 2, 3, 4, 5, 6) əldə etdiyimiz məlumata əsasən, rayonun 20 Yanvar küçəsində yerləşən 1500 yerlik və 3 hektara yaxın ərazisi olan mərkəzi stadion 1982-ci ildə Ucar Rayon Pambıq Zavodunun vəsaiti ilə inşa edilərək istifadəyə verilib. Lakin bir çox mənbədən məlum olub ki, stadionun ot örtüyündə və oturacaqlarında problemlər var.
“Google map”dan stadionun peyk görüntüsü
Göründüyü kimi, Ucar Rayon Mərkəzi Stadionu mövcud olsa da standartları tam ödəmədiyindən bərpaya ehtiyacı var.
Bundan başqa, 2022-ci ilin avqust ayında Ucar rayonunun 20 yanvar küçəsində mini stadionun açılışı olub.
Ucar rayonunda yerləşən mini stadion (Mənbə: Ucar Gənclər Evi, facebook)
Beləliklə, Ucar rayonunda mərkəzi stadion olsa da, stadionun bərpaya ehtiyacı var. Həmçinin, rayon ərazisində 2022-ci ildə mini stadion istifadəyə verilib. Başqa sözlə, mini stadion istifadəyə yararlı olsa da, mərkəzi stadion istifadəyə yararlı deyil.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası əsasən doğrudur.