logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Plastik istifadəsini niyə azaltmalıyıq? Bizi nələr gözləyir?

Plastik istifadəsini niyə azaltmalıyıq? Bizi nələr gözləyir?

Demək olar ki, hər gün plastik çirklənmə haqqında müxtəlif mənbələrdən məlumat alır, çirklənmənin qarşısının alınması üçün bir sıra addımların atıldığını görürük. Bəs bütün bunların məqsədi nədir? Plastik çirklənmənin qarşısı alınmasa, nələr baş verə bilər?

“FaktYoxla” plastik çirklənmənin səbəblərini və təhlükələrini araşdırıb.

Plastik nədir?

Plastik insanların hər gün istifadə etdiyi minlərlə məhsulu hazırlamaq üçün istifadə olunan materialdır. O, ağaclarda və digər bitkilərdə tapılan təbii qatranlara bənzəyən sintetik və ya insan tərəfindən yaradılan polimerdir

Polimer kimyası inkişaf etdikcə günümüzdə istifadə etdiyimiz plastiklərin növləri get-gedə artıb və hələ də artmaqdadır. Buna görə plastikləri müxtəlif cür qruplaşdırmaq mümkündür. Məsələn, kimyəvi quruluşlarına, fiziki xassələrinə, yenidən emala, sintez zamanı istifadə olunan kimyəvi maddəyə görə və s. 

Plastik sənayesi günü-gündən artıb inkişaf etdikcə onun istifadədən sonrakı vəziyyətini idarə etmək problemə çevrilib və “plastik çirklənmə” terminini yaradıb. 

Plastik çirklənmə nədir?

Plastik çirklənmə ən aktual ekoloji problemlərdən biridir. İllik plastik istehsalı 1950-ci ildə 2 milyon tondan 2021-ci ildə 390,7 milyon tona qədər artıb. “OECD Global Plastic Outlook”a görə, 2019-cu ildə dünyada 353 milyon ton plastik tullantı əmələ gəlib ki, bunun yalnız 9%-i təmizlənib, 50%-i zibilliyə atılıb, 19%-i yandırılıb, 22%-i isə nəzarət olunmayan ərazilərə və ya ətraf mühitə atılıb

Plastikin xüsusiyyətləri onun daha çox istifadə olunmasına şərait yaradır. Xüsusilə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məhsulların istehsalı artdıqca, dünyanın plastiklə mübarizədə vəziyyəti xeyli çətinləşir. 

Plastik çirklənmə ən çox zibil toplama sistemlərinin səmərəsiz olduğu və ya ümumiyyətlə mövcud olmadığı Asiya və Afrika ölkələrində müşahidə olunur. Lakin inkişaf etmiş dünya ölkələri, xüsusən yenidən emal göstəriciləri aşağı olan ölkələr də plastikləri effektiv toplamaqda çətinlik çəkir. 

Düzgün idarə olunmayan plastiklərin kütləsinə görə 192 sahilyanı ölkə arasında aparılmış araşdırma göstərir ki, 2010-cu ildə ilk 3-lükdə Çin, İndoneziya və Filippin ölkələri dayanır. 

 

 

Data Jenna Jambeck və digərləri tərəfindən yazılmış “Plastic waste inputs from from land into the ocean” məqaləsindən götürülmüşdür. 

 

Plastik çirklənmənin təhlükələri nələrdir?

Plastik dünyaya bir sıra müsbət töhfələr versə də, plastik çirklənmə nəticəsində yaşayış yerlərini və təbii prosesləri dəyişir, ekosistemlərin iqlim dəyişiklilərinə uyğunlaşma qabiliyyətini azaldır, həmçinin milyonlarla insanların gündəlik təlabat vasitələrinə, qidaların istehsal imkanlarına və sosial rifahına birbaşa təsir göstərə bilir.

Plastik çirklənmə canlı təbiətə birbaşa və ölümcül təsir göstərir. Hər il minlərlə dəniz quşları və dəniz tısbağaları, suitilər və digər dəniz məməliləri plastiki qəbul edərək və ya ona dolaşaraq ölür. Havay rahib suitiləri və Sakit Okean dəniz tısbağaları kimi nəsli kəsilməkdə olan vəhşi təbiət nümunələri plastik yeyən və plastik zibillərdə ilişib qalan 700-ə yaxın növdən biridir.

Plastik qalıqların 10-12 %-ni bərk məişət tullantıları təşkil edir və istifadədən sonra bu tullantılar yandırılır. Yanma prosesindən sonra qazlar ətraf mühitə atılır ki, bu da havanın çirklənməsini artırır və istixana effektinə səbəb olur. 

Müasir qablaşdırma sənayesində insanlar tez-tez plastik materiallardan istifadə edirlər. Bu materialların tullantıları yaxşı utilizasiya edilmədikdə, həm birbaşa, həm də dolayı yolla əhalinin sağlamlığı üçün ciddi sağlamlıq problemlərinə səbəb olur. Plastiklər karbon əsaslı birləşmələr olub ətraf mühitə və ictimai sağlamlığa zərərli təsir göstərə bilən ftalatlar, poliftorlu kimyəvi maddələr, bisfenol-A, bromlu alov gecikdiricilər və antimon trioksid də daxil olmaqla bir sıra zəhərli komponentlərə malikdir. Plastik tullantılar plastiklərin istehsal həcminə və müxtəlif regionlarda səmərəsiz idarəetmə siyasətinə görə qlobal ekoloji və ictimai sağlamlıq probleminə çevrilmişdir

Ümumi olaraq, plastik tullantıların təsirləri heyvanlara, ictimai sağlamlığa və ətraf mühitin çirklənməsinə təsiri daxil olmaqla üç əsas sinif altında təsnif edilir. 
 

Plastik çirklənmə necə yarandı?

İkinci Dünya Müharibəsindən sonra plastik məhsulların istehsalı və inkişafı sürətlənib. Bu inkişaf müasir dövrü elə dəyişdirdi ki, hal-hazırda plastiksiz həyatı təsəvvür etmək mümkünsüz hala çevrilib. 

Plastiklər insan həyatını asanlaşdıran məhsulların hazırlanmasında istifadə olunduğu üçün yeni bir inqilaba səbəb oldu desək, yanılmarıq. Çünki məhz plastik sayəsində kosmosa səyahət mümkünə çevrildi, avtomobillərin, habelə jetlərin kütləsi xeyli azaldı, dəbilqələr, inkubatorlar, təmiz içməli su üçün avandanlıqlar insanların həyatını xilas etdi. 

Plastikin həyatımızda yeri böyüdükcə plastikin qaranlıq tərəfi də yavaş-yavaş ortaya çıxmağa başladı. Qaranlıq tərəfi isə məhz plastikin istifadə olunduqdan sonrakı dövrü - atılması və bunun gətirib çıxardığı problemlər idi. 

Bu gün birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məhsullar əmulatlar hər il istehsal olunan plastiklərin 40 %-ni təşkil edir. Bu məhsulların bir çoxu, məsələn, plastik torbalar və qida qabları, cəmi bir neçə dəqiqədən bir neçə saata qədər istifadə müddətinə malik olsa da, təəssüf ki, ətraf mühitdə yüz illərlə qala bilər.

Plastik istifadəsinin artması nələrə səbəb olur?

1970-ci illərdən bəri plastik istehsalının sürəti hər hansı digər materialdan daha yüksək olmuşdur. Tarixi artım tendensiyaları davam edərsə, 2050-ci ilədək ilkin plastikin qlobal istehsalının 1,100 milyon tona çatacağı proqnozlaşdırılır.

Bundan əlavə, birdəfəlik plastik məhsulların təxminən 98 %-i qalıq yanacaqdan və ya istifadə olunmamış xammaldan istehsal olunur. 2040-cı ilə qədər qalıq yanacaq əsaslı plastiklərin istehsalı, istifadəsi və atılması ilə bağlı istixana qaz emissiyasının səviyyəsinin qlobal karbon kütləsinin 19 faizinə qədər artacağı gözlənilir.

Karbon dioksid, metan və azot oksid istixana qazları artdıqca atmosfer özündə daha çox istini saxlayacaq və Yer kürəsi isinəcək. Bu isə atmosferdə duman və hava kirliliyinə, insan sağlamlığında və tənəffüs xəstəliklərinə səbəb olur. Əlavə olaraq, həddən artıq isti hava, qida təchizatının pozulması və artan meşə yanğınları da istixana qazlarının yaratdığı iqlim dəyişikliyinin digər təsirləridir.

 

Təmizləmək üçün hansı işlər görülür?

Dünyada sənayenin inkişafı və əhalinin artımı səbəbindən plastik tullantılar sürətlə istehsal olunur. Həm bioloji parçalana bilən, həm də parçalana bilməyən tullantılar insan fəaliyyəti (sənaye artımı, sosial-iqtisadi inkişaf) və canlıların təbii prosesləri nəticəsində getdikcə daha çox əmələ gəlir

Müxtəlif ölkələrdə hökümət, bələdiyyələr, sosial icmalar və yerli hakimiyyət orqanları tərəfindən əhaliyə plastik tullantıların düzgün atılmasına istiqamət verə biləcək müxtəlif tədbirlər və ekoloji təhlükəsizlik qanunvericiliyi qaydaları müəyyən edilir. Bu tullantıların idarə olunması strategiyaları isə ölkədən-ölkəyə dəyişir. Əsas idarə olunma strategiyalarına daxildir:

- təkrar emal;

- yandırma; 

- bioremediasiya (torpaqda və digər mühitlərdə çirkləndiriciləri zərərsizləşdirmək üçün əsasən mikroorqanizmlərdən, bitkilərdən və ya mikrob və ya bitki fermentlərindən istifadə edilən proses) və poliqonlar. 

Bu üsullar təmiz ətraf mühitə sahib olmaq üçün müəyyən edilmişdir

Ölçüsü 20 millimetrdən böyük olan plastiklər makroplastiklər adlanır (məsələn, plastik butulka) və bütün makroplastiklər mikroplastik və nanoplastiklərin meydana gəlməsinə səbəb olur. Ona görə də plastik çirklənmə əleyhinə üsullar dedikdə həm də mikro və nanoplastiklərin təmizlənməsi nəzərdə tutulur. Bu məqsədlə dünyada bir sıra ölkələr müxtəlif metodlardan istifadə etmişlər.

Məsələn, 2019-cu ildə ABŞ-da “Çamaşırxana Topları” adında üsuldan istifadə olunub. Bu üsulla paltaryuyan maşına qoyulan toplar sintetik lifləri yuyarkən tökülən mikrolifləri tutur.

Qum filtri ilə “Dəniz mikroplastik təmizləmə aləti” də buna bir misaldır. 2013-cü ildə ABŞ-da istifadə olunmuş bu metod vasitəsilə iki uzun dirək arasında torun üstünə qum tökülür və tor qumun keçməsinə imkan verərkən mikroplastikləri tutub saxlayır.

2019-cu ildə Kanadada vakuum vasitəsilə həyata keçirilən üsul mikroplastiklərin yığılması üçün digər alternativlərdən biridir. Belə ki, bu metodda təxminən 11 kq qum və zibil hissəcikləri bir çənə vakuumlanır və orada qaldırma qüvvəsi ilə plastiklər ayrılır və xaric olunur.

Analiz
  • 2 Sentyabr, 2023
  • 1590

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə