logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Məleykə Abbaszadə: “Pandemiya bütün dünyada imtahan nəticələrinin aşağı düşməsinə səbəb olub”

Məleykə Abbaszadə: “Pandemiya bütün dünyada imtahan nəticələrinin aşağı düşməsinə səbəb olub”

“Dünyada müxtəlif beynəlxalq qiymətləndirmələr aparılır: TIMSS, PIRLS, PISA və s. Həmin qiymətləndirmələrin nəticələrindən də görünür ki, pandemiya bütün dünya üzrə imtahan nəticələrinə ciddi təsir göstərib. Bütün ölkələrdə pandemiyadan əvvəlkindən aşağı nəticələr göstərilib. Nəticələrlə bağlı ilkin araşdırmalar bəllidir və adətən ən yüksək nəticə göstərən Sinqapurda da şagirdlərin göstəriciləri aşağı düşüb”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya müsahibəsində deyib.

“Fakt Yoxla” TIMSS, PIRLS, PISA qiymətləndirmələrinə əsasən ölkələrin pandemiyadan əvvəlki dövrlə müqayisədə aşağı nəticələr göstərib-göstərmədiyini araşdırıb. 

Dünyada təhsil sahəsində tətbiq edilən 3 əsas beynəlxalq qiymətləndirmə proqramı Məleykə Abbaszadənin iddiasında adını çəkdiyi TIMSS, PIRLS və PISA-dır. 

TIMSS

TIMSS 1995-ci ildən etibarən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən 4 ildən bir olmaqla 4 və 8-ci sinif şagirdləri arasında keçirilən riyaziyyat və elm sahələri üzrə qiymətləndirmə proqramıdır. Azərbaycan TIMSS-nin 2011 və 2019-cu illərdə təşkil edilmiş 2 qiymətləndirməsində iştirak edib və qiymətləndirmə yalnız 4-cü sinif şagirdləri arasında aparılıb. 

TIMSS-in pandemiyadan, yəni 2020-ci ildən öncəki qiymətləndirməsi 2019-cu ilə baş tutub. Dünya üzrə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində ümumilikdə 64 ölkə iştirak edib.

Azərbaycan 4-cü siniflər üzrə 64 ölkə arasında riyaziyyat nailiyyətləri sıralamasında 515 balla 28-ci, təbiət elmləri nailiyyətlərinə görə isə xeyli aşağı sırada, 427 balla 58 ölkə arasında 50-ci yerdə qərarlaşıb. Hər iki göstəricidə Sinqapur ilk sırada qərarlaşıb. 

TIMSS-nin pandemiyadan sonrakı hesabatı üçün ölkələrin məlumatlarının toplanması 2023-cü ilin mart ayından etibarən həyata keçirilməyə başlanılıb. Təşkilatın saytında göstərilib ki, 2023-cü ilin qiymətləndirmə nəticələri 2024-cü ilin dekabrında paylaşılacaq. 

TIMSS yanlız 2023-cü il üçün qiymətləndirmə çərçivələri sənədini dərc edib ki, bu sənəddə də  COVID-19 pandemiyasının şagirdlərin təhsil təcrübələrində böyük maneə yaratdığı və onların bir müddət evdən, distant şəkildə təhsil almasına səbəb olduğu bildirilir. Sənəddə ölkələrin pandemiyadan əvvəlkindən aşağı nəticələr göstərdiyinə dair hər hansı məlumat yer almayıb.

PIRLS

PIRLS qiymətləndirmə proqramı 5 ildən bir olmaqla 2001-ci ildən etibarən keçirilir. İbtidai sinif şagirdləri arasında keçirilən bu qiymətləndirmə həmin sinif şagirdlərinin mətni oxu və anlama bacarıqlarını ölçür. Azərbaycan PIRLS-nin 2011, 2016 və 2021-ci illərdə keçirilən qiymətləndirmələrində iştirak edib. 

PIRLS-in pandemiyadan öncəki son qiymətləndirməsi 2016-cı ildə baş tutub və bu qiymətləndirmədə Azərbaycan 472 bala yüksəlib. Ölkənin əvvəlki qiymətləndirmədə müvafiq balı 462 olub. Başqa sözlə 2016-cı ildə Azərbaycanın PIRLS qiymətləndirməsində göstəricisi 10 bal artıb. Həmin il siyahıya Rusiya 581 balla liderlik edib. Sinqapur isə 576 bala 2-ci sırada qərarlaşıb. 

PIRLS 2021-ci ildə növbəti qiymətləndirmə proseduruna başlayıb. Lakin qiymətləndirmələrin nəticələri ictimaiyyətlə paylaşılmayıb. Proqramın saytında qeyd olunub ki, nəticələr 16 may 2023-cü ildə dərc olunacaq. 

PISA

Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramı (PISA) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 85-dən çox üzv və qeyri-üzv ölkədə 15 yaşlı məktəblilərin  oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə təşkil edilir. İlk dəfə 2000-ci ildə təşkil edilmiş qiymətləndirmə hər 3 ildən bir keçirilir. Azərbaycan 2006, 2009, 2018 və 2022-ci illərdə baş tutmuş qiymətləndirmələrdə iştirak edib. 

Pandemiyadan öncə baş tutmuş 2018-ci il qiymətləndirməsində Azərbaycan oxu üzrə 389, riyaziyyat üzrə 420,  təbiət elmləri və yaradıcı düşünmə üzrə 398 bal toplayıb. Hər üç göstəricidə Çin lider ölkədir.

PISA-nın pandemiyadan sonrakı qiymətləndirməsi 2021-ci ildən 2022-ci ilə keçirilmişdi. Nəticələr isə 2023-cü ilin dekabr ayında ictimaiyyətlə paylaşılacaq

Beləliklə, “Fakt Yoxla” Məleykə Abbaszadənin istinad etdiyi hər 3 qiymətləndirmə proqramının pandemiyadan öncə və pandemiyadan sonrakı qiymətləndirmələrini araşdırıb. Hər 3 proqramın pandemiya öncəsi nəticələri məlum olsa da pandemiyadan sonra baş tutan qiymətləndirmələrin heç biri ictimaiyyətə açıq şəkildə dərc olunmayıb. Belə olan halda "Fakt Yoxla" DİM-ə sorğu göndərərək Məleykə Abbaszadənin istinad etdiyi TIMSS, PIRLS və PISA-nın ilkin araşdırmalarının mənbəyini öyrənməyə çalışıb. 

DİM-dən "Fakt Yoxla"ya bildirilib ki, bu qurumlar nəticələrini rəsmi şəkildə açıqlamazdan əvvəl beynəlxalq ekspertlərə, o cümlədən Məleykə Abbaszadəyə göndərir: "O da adıçəkilən müsahibəsində beynəlxalq ekspert kimi əldə etdiyi məlumatlar əsasında beynəlxalq qiymətləndirmələrin təfsilatlarına deyil, ümumi trendlərinə qısaca toxunub" - deyə DİM bildirib. 

Nəticə olaraq, TIMSS, PIRLS, PISA pandemiyadan sonrakı nəticələrini açıqlamadığı üçün, ölkələrin pandemiyadan əvvəlki dövrlə müqayisədə aşağı nəticələr göstərib-göstərmədiyini müqayisə etmək mümkün olmayıb. “Fakt Yoxla” Məleykə Abbaszadənin iddiasını qiymətləndirərkən qərarsız qalıb.

Qərarsız
  • 30 Aprel, 2023
  • 1008

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə