Milli Məclisin deputatı Elman Nəsirov “TV Musavat” Youtube kanalının efirində (1:02:10) bildirib ki, say baxımından dünyanın ən varlı adamları Çindədir.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
“Bloomberg” nəşrinin 2025-ci ilin oktyabrına olan “Milyarderlər İndeksi”nə görə dünyanın ən zəngin 20 nəfəri arasında Çin vətəndaşı yoxdur. Dünyanın ən zəngin 100 nəfəri arasında isə ABŞ vətəndaşları ilk sıradadır:
Mənbə: Bloomberg
“Forbes”in 2025-ci ilə aid araşdırmasına görə, milyarderlərin ümumi sayına görə də ilk sırada 902 milyarderlə ABŞ, ikinci sırada isə 516 milyarderlə Çin gəlir. Onların ümumi sərvətləri müvafiq olaraq 6.8 trilyon dollar və 1.7 trilyon dollardır:
Mənbə: Forbes
Milyonçularin sayına görə də ABŞ Çini qabaqlayır. Belə ki, ABŞ-də təxminən 23 milyon nəfər, Çində isə təxminən 7 milyon nəfər sərvəti bir milyon dollardan çox olan şəxs yaşayır.
Beləliklə, müxtəlif kateqoriyalara əsasən, dünyanın ən zəngin şəxsləri ABŞ-də yaşayır.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, iddia yanlışdır.