“İlin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olunacaq”.
Bunu, 2019-cu ilin oktyabrında jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
“Fakt Yoxla” Bakı Nəqliyyat Agentliyinin 2019-cu ilin sonunadək Bakıda bütün avtobusların kart sisteminə keçəcəyi ilə bağlı vədini yerinə yetirib-yetirmədiyini araşdırıb.
Qeyd edək ki, Bakıdakı avtobuslarda kartla ödəniş sistemi 2013-cü ildən etibarən fəaliyyətə başlayıb. BNA 2019-cu ilin sonunadək paytaxtdakı avtobusların hamısının kart ödəniş sisteminə keçiriləcəyini bildirsə də, 2021-ci ilin martında verdiyi açıqlamada qeyd edib ki, həmin vaxt Bakıdakı avtobusların 48%-i kartla ödənişi qəbul edir.
BNA-nın Bakıdakı avtobusların kart ödəniş sisteminə inteqrasiyası ilə bağlı sonuncu açıqlaması 2023-cü ilin yanvarına təsadüf edir. Bu ilin əvvəlinə olan göstəriciyə görə, paytaxtdaklı avtobusların 58%-də kartla ödəniş etmək mümkündür.
“Fakt Yoxla”nın araşdırmasına görə, Bakı Nəqliyyat Agentliyinin 2019-cu ilin sonunadək Bakıda bütün avtobusların kart sisteminə keçəcəyi ilə bağlı vədi yerinə yetirilməyib.