“Azərbaycanda nikaha daxilolma yaşı artır, 32,33,35 olur”
Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
İddianı yoxlamaq üçün Azərbaycanda son 5 ildə qeydə alınan orta nikaha daxil olma yaşı statistikasından (səh.57) istifadə edilib. Yazıda ümumi nikahlardan əlavə, ilk nikahla bağlı göstəricilərə də xüsusi yer verilib.
Nikaha daxil olan kişilərin orta yaşı 2018-2020-ci illərdə artsa da, 2021-ci ildə bu göstərici azalıb. 2022-ci ildə isə öncəki ilə nəzərən 0,1 faiz artıb olub.
Qadınların nikaha daxilolma orta yaşı da 2018-2020-ci illərdə artıb. Amma 2020-ci ildən sonra göstərici azalıb, son 2 ildə isə eyni qalıb.
Azərbaycanda nikaha daxilolmanın orta yaşı
Mənbə: Dövlət Statistika Komitəsi
Statistika göstərir ki, birinci nikaha daxil olan kişilərin və qadınların orta yaşı 2018-2020-ci illər aralığında artıb.
Lakin, kişilərdə bu göstərici sonrakı illərdə az qala dəyişməz qalıb. Belə ki, 2020-ci ildə 28,5, 2021-ci ildə 28,4, ötən il isə yenidən 28,5 olub. Qadınların 1-ci nikaha daxilolma yaşı da 2020-ci ildən sonra artmayıb və azalan templə davam edib.
1990-cı ildən sonrakı illərdə nikaha daxilolma orta yaşları artıb-azalan tendensiyada dəyişib. Baş verən artım isə iddiadakı rəqəmlərdən fərqli olaraq nəzərəçarpacaq qədər olmayıb. 1990 və 2022-ci illərdə nikaha daxil olan kişilərin orta yaşı müvafiq olaraq 27,4 və 29,8, qadınların isə 24,3 və 24,9 təşkil edib.
Həmin illərdə birinci nikaha daxil olan kişilərin orta yaşı müvafiq olaraq 26,2 və 28,5, qadınların isə 23,2 və 24,1 olub. Başqa sözlə, bu illərin müqayisəsində nəzərəçarpacaq artım olmayıb, nəinki 32, 33 və 35 yaşa çatmış, hətta hansısa bir ildə 30 yaşı keçməmişdir.
Beləliklə, son illərdə Azərbaycanda nikaha daxil olma yaşında həmişə artan tendensiya müşahidə edilməyib. Səslənən iddiadan fərqli olaraq nikaha daxilolma yaşı 32,33,35 olmayıb. Son illərdə birinci nikaha daxil olan kişilərdə orta yaşın ən yüksək həddi 28,5, qadınlarda 24,3 olub. Ümumi nikaha daxil olan kişilərdə və qadınlarda orta yaşın ən yüksək həddi 3 il öncə, 2020-ci ildə qeydə alınıb və müvafiq olaraq 30 və 25,2 yaş olub.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Sərdar Cəlaloğlunun iddiası yanlışdır.