Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, məhkəmələrdə baxılan işlərin 50%-dən çoxu narkotiklə bağlıdır.
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.
İddianın yoxlanması üçün son 5 ildə və bu ilin birinci yarısında həmin tarixlər üzrə birinci instansiya məhkəmələrinə daxil olan sırf cinayət işləri araşdırılıb.
Ümumi cinayət işləri arasında narkotiklə bağlı cinayət işləri bu ilin birinci yarısı da daxil olmaqla son 5 ildə heç vaxt 50%-dən çox olmayıb. Bu göstəricinin ən yüksək həddi 46,9% təşkil edib. Lakin bu ilin birinci yarısını çıxmaq şərti ilə son 5 ildə məhkəmələrdə baxılan cinayət işlərinin arasında narkotiklə bağlı cinayət işlərinin xüsusi çəkisi hər keçən ilə nisbətən artıb. Belə ki, 2018-ci ildə bu göstərici 19,8% olduğu halda, 2022-ci ildə təxminən 2,4 dəfə artaraq 46,9% təşkil edib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26-cı fəsli narkotiklə bağlı cinayətlərdən bəhs edir. 234.1-ci maddəyə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddədə nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Burada yer alan “şəxsi istehlak miqdarından artıq miqdarda” və “külli miqdarda” ifadələrinə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, şəxsin narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi zamanı bu kəmiyyətlər nəzərə alınır.
Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarıyla bağlı siyahını Azərbaycan Prezidenti 2005-ci ildə təsdiqləyib. Həmin siyahıya əsasən, məsələn, metamfetamin (patı), heroin 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan artıq olduqda isə “külli miqdar” hesab edilir. Həmçinin, tiryək 0,5, həşiş 1 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar, müvafiq olaraq birinci 50, ikinci 100 qramdan artıq olduqda “külli miqdar” kimi qiymətləndirilir.
Azadlıq Radiosunun əldə etdiyi məlumata əsasən, hazırda həbsdə olanların böyük əksəriyyəti heroin, metamfetamin əldə etmə, saxlamaya görə cinayət məsuliyyətinə cəlb edilənlərdir. “Nəticədə cəzaçəkmə müəssisələri bu maddə ilə cəza çəkənlərlə doludur. Hakimlər özləri də təklif ediblər ki, çəkidə dəyişiklik edilsin” -deyə məlumatda bildirilib. Milli Məclis 6 oktyabr 2023-cü ildə bu siyahılara dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim etsə də, hələ qanunda bu dəyişiklər təsdiqlənmədiyindən yuxarıdakı kəmiyyətlər qüvvədədir. Qeyd edək ki, həmin qanun layihəsində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin 3 - xeyli, külli və xüsusilə külli miqdarı müəyyənləşdirilib. Həmçinin, bu miqdarlarda bir sıra dəyişikliklər edilib.
Beləliklə, Azərbaycanda məhkəmələrdə baxılan işlərin 50%-dən çoxu narkotiklə bağlı olmasa da, son 5 ildə bu göstərici 2,4 dəfə artıb.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası yarı doğrudur.