7 iyun 2026-cı ildə Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı Azərbaycan mediasında dərc edilən xəbərlərdə iddia edilir ki, qərb institutları seçki pozuntularına göz yumublar.
"Fakt Yoxla"nın gəldiyi nəticəyə görə iddia yanlışdır.
Ermənistanda keçirilən seçkilərlə bağlı qərb institutlarının hesabatı
Ermənistanda keçirilən parlament seçkilərini müşahidə edən əsas qərb instutları ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ODIHR), ATƏT-in Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti olub. ATƏT seçkilərlə bağlı son hesabatını hələ dərc etməsə də, ilkin müşahidələr və nəticələrlə bağlı hesabatını seçkidən bir gün sonra dərc edib. Dərc edilən hesabatın sonunda qeyd edilir ki, bu hesabat yuxarıda adı çəkilən qurumların ümumi işinin nəticəsidir. Yəni, hesabatda bildirilən fikirlər yuxarıda adı çəkilən qurumların ümumi fikrini ifadə edir. Hesabata nəzər saldıqda görmək olar ki, Azərbaycanın media qurumlarının iddialarının əksinə, seçkilərdə baş verən pozuntularla bağlı kifayət qədər tənqidi fikirlər mövcuddur. Məsələn:
- Səs satın alma və digər seçki pozuntuları iddialarına görə müxalif namizədlərə qarşı cinayət işlərinin açılması, müxalif seçiciləri kampaniyalarda aktiv iştirakdan çəkindirib (Səhifə 1);
- Dövlət işçilərinin və sıravi vətəndaşların hakim partiyanın xeyrinə tədbirlərdə iştiraka məcbur edilməsi seçki təbliğatına bərabər imkan yaradılması haqqında narahatlığa səbəb olur (Səhifə 1 və səhifə 2);
- Seçki kampaniyalarının maliyyələşməsinə nəzarətin yetərli olmaması ictimai nəzarət üçün şəffaflığı məhdudlaşdırıb (Səhifə 1);
- ATƏT-in və Venessiya komissiyasının təklifləri tətbiq olunmayıb (Səhifə 1);
- Namizədlərin qeydiyyatı ilə bağlı beynəlxalq standartlar tətbiq edilməyib (Səhifə 2);
- Səs satın alma və digər seçki pozuntuları ilə bağlı araşdırmalar daha çox müxalif namizədlərə qarşı aparılıb (Səhifə 2);
- İctimai Televiziya daha çox hakim partiyanın xeyrinə təbliğat aparıb (Səhifə 3);
- Yaxın dövrlərdə beynəlxalq insan haqları təşkilatları Ermənistanda təməl insan haqlarının vəziyyətində geriləmə olduğunu bildirib; məhkəmə azadlığının geriləməsinə, həbs qəti-imkan tədbirindən geniş istifadə edilməsinə və s. məsələlərə görə narahatlığını ifadə edib (Səhifə 5).
Göründüyü kimi, qərb təşkilatları heç də Ermənistanda keçirilən seçkilərdə baş verən pozuntular və neqativ hallarla bağlı susqun qalmayıblar.
Bundan əlavə, Azərbaycanın da üzv olduğu MDB təşkilatı da Ermənistandakı seçkiləri müşahidə edib. Qurum da seçki prosesini müsbət hesab edib və heç bir mənfi rəy bildirməyib.
Seçki prosesi və nəticələr
7 İyun tarixində Ermənistanda keçirilən seçkilər ölkənin tarixində ən əhəmiyyətli seçkilərdən biri hesab olunur. Belə ki, qərbyönümlü namizəd və hazırkı baş nazir Nikol Paşinyan ilə Rusiya yönümlü müxalif namizədlər olan Samvel Karapetyan, Robert Koçaryan və Qaqik Tsarukyan arasında gedən mübarizə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın gələcək siyasi trayektoriyasını müəyyənləşdirəcək seçki olaraq qiymətləndirilirdi. Həmçinin, seçki kampaniyasının əsas gündəm mövzularından birinin Ermənistan və Azərbaycanın gələcək münasibətləri olması səbəbindən seçkilər şiddətli mübarizə şəraitində baş tutub.
Rəsmi açıqlamalara görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,74 faizini qazanaraq seçkilərdən qalib ayrılıb. Onun əsas rəqibləri olan “Güclü Ermənistan” partiyası 23,27 faiz, “Ermənistan Alyansı” partiyası isə 9,9 faiz səs qazanıb.
“Vətəndaş Müqaviləsi” partiyası parlamentdə 64 yer, “Güclü Ermənistan” 29 yer, “Ermənistan Alyansı” isə 12 yer qazanıb.
Beləliklə, qərb institutlarının Ermənistanda keçirilən seçkilərdə baş verən pozuntulara göz yumması iddiası yanlışdır.