logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Elman Nəsirovun yanlış iddiası: Avropa Şurası Ermənistana qarşı hər hansı qətnamə qəbul etməyib

Elman Nəsirovun yanlış iddiası: Avropa Şurası Ermənistana qarşı hər hansı qətnamə qəbul etməyib

Foto süni intellekt vasitəsilə hazırlanıb

Xəbərin qısa icmalı

- AŞPA Ermənistanın Azərbaycan ərazilərinin işğal etdiyi faktını 1416 və 2085 saylı qətnamələrdə təsdiqləyib, Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməli olduğunu bildirib.

- AİHM 2015-ci ildə qəbul etdiyi qərarda köçkün düşmüş Azərbaycanlı şikayətçilərin mülkiyyət hüququnun pozulduğunu, öz yaşadığı ərazilərdən köçməyə məcbur edildiyini, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini göstərib.

- İddia yanlışdır.

Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışında Avropa Şurasını tənqid etməsindən sonra hökumət nümayəndələri və deputatlar Avropa Şurasını tənqid edən açıqlamalar veriblər. Deputat Elman Nəsirov iddia edib ki, Avropa Şurası Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Ermənistana qarşı hər hansı qətnamə qəbul etməyib.

Halbuki, deputatın iddiasının əksinə olaraq Avropa Şurası Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Ermənistana qarşı qətnamələr qəbul edib. Bundan əlavə, Avropa Şurasının qurumu olan Avropa İnsan Haqları Məhkəməsi də öz qərarında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiqləyib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnamələri

AŞPA 2005 və 2016-cı illərdə qəbul etdiyi qətnamələrdə açıq şəkildə göstərib ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib.

  • 2005-ci ildə AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı açıq şəkildə göstərilib: “Erməni qüvvələri Azərbaycan ərazisinin əhəmiyyətli hissəsini işğal edib və separatist qüvvələr hələ də Dağlıq Qarabağ regionuna nəzarət edir”. Parlament göstərib ki, işğal nəticəsində yüz minlərlə insan öz yaşadığı ərazilərdən köçüb və pis şəraitdə həyatlarını davam etdirirlər. Qətnamədə Şuraya başqa bir dövlətin ərazisini işğal etməsi üzv ölkənin (Ermənistanın) götürdüyü öhdəliyin pozuntusu olduğu bildirilib.
  • 2016-cı ildə qəbul edilən 2085 saylı qətnamədə AŞPA bildirib ki, Ermənistan Dağlıq Qarabağ və ona bitişik əraziləri işğal edib. Qətnamədə göstərilib ki, Sərsəng su anbarında davamlı təmir işlərinin aparılmaması bütün region üçün təhlükə yaradır. Həmçinin, hesabatın hazırlanması dövründə Ermənistan tərəfinin iştirak etməməsi pislənib. Qətnamə Ermənistana işğal etdiyi ərazilərdən çəkilməsini tələb edib.

 

Avropa İnsan Haqları Məhkəməsinin qərarı

Avropa Şurasının qurumu olan Avropa İnsan Haqları Məhkəməsi də Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini öz qərarında təsdiqləyib. Belə ki, məhkəmə 13216/05 saylı qərarında bildirir ki, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarətə sahibdir, qondarma “Dağlıq Qarabağ” Respublikası Ermənistanın hərbi, siyasi və maliyyə dəstəyi nəticəsində varlığını davam etdirir. Məhkəmə həmçinin bildirib ki, şikayətçilər öz yaşadıqları ərazidən köçməyə məcbur ediliblər. Qərarda şikayətçilərin itirdikləri mülkiyyətə görə kompensasiya ala bilmədikləri və öz evlərinə qayıda bilmədikləri, Ermənistanın şikayətçilərin mülkiyyətlərinə çatımlılığını təmin etmək üçün alternativ yollar təqdim etməli olduğu göstərilib.

Hətta, Azərbaycanın hökumət rəsmiləri bu qərarı alqışlamışdı. Hazırda Ali Məhkəmənin sədr müavini, 2016-cı ildə isə AİHM yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirmişdi ki, sənəddə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi və bu ərazilərdə baş verən pozuntulara görə tam məsuliyyət daşıdığı göstərilib.

Beləliklə, AŞPA öz qətnamələrində Ermənistanın Azərbaycan ərazisini işğal etdiyini, bu işğal nəticəsində yüz minlərlə insanın köçkün düşdüyünü, Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməli olduğunu bildirib. AİHM 2015-ci ildə qəbul etdiyi qərarda qaçqın düşmüş Azərbaycanlı şikayətçilərin mülkiyyət hüququnun pozulduğunu, öz yaşadığı ərazilərdən qaçmağa məcbur edildiyini, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini göstərib. 

“Fak Yoxla”nın gəldiyi nəticəyə görə iddia yanlışdır.  

Yanlış
  • 22 İyul, 2026
  • 20

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə