“Sputnik Azərbaycan” saytı martın 7-də “AstraZeneca” öldürür: Avropa ölkəsi ondan imtina etdi” başlıqlı xəbər dərc edib. Məlumatda deyilir ki, Avstriyada yeni növ koronavirusa (COVID-19) qarşı “AstraZeneca” vaksini vurulan 49 yaşlı qadın ölüb, 35 yaşlı qadının vəziyyəti isə pisləşib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Martın 7-də Avstriyada "AstraZeneca" peyvəndinin istifadəsindən sonra bir qadın ölüb, digərinin isə ağciyər arteriyasında tromb yaranıb.
Avstriya Federal Sağlamlıq Təhlükəsizliyi Bürosu (BASG) məsələ ilə bağlı açıqlamasında bildirib ki, hadisənin peyvəndlə əlaqəli olub-olmaması dəqiq bilinmir.
İmtinaya gəlincə, Avstriya bu peyvənddən tam imtina etməyib, sadəcə, onun ABV5300 saylı partiyasından istifadəni dayandırıb.
Almaniya, İspaniya, İtaliya kimi dövlətlər də peyvəndin istifadəsini müvəqqəti olaraq dayandırıblar.
Avropa Dərman Agentliyi (EMA-nın) təhlükəsizlik komitəsi PRAC məsələ ilə bağlı bildirib ki, hadisələrə peyvəndin səbəb olması haqqında heç bir sübut yoxdur. “Peyvəndlənmiş şəxslərdə tromboembolik hadisələrin sayı normal hallardakından çox deyil”, - deyə qurum bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, baş verən hadisələrlə peyvənd arasında hər hansı əlaqənin olması sübut edilməyib və peyvəndlənmə prosesini davam etdirmək vacibdir.
“Fakt Yoxla”nın araşdırmasına görə “Sputnik Azərbaycan”nın xəbəri faktlarla manipulyasiyadır.