logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Azərbaycanlı yazıçı: "Buça qətliamını Qərb, Atlantik blok, Böyük Britaniya və ABŞ təşkil edib"

Azərbaycanlı yazıçı: "Buça qətliamını Qərb, Atlantik blok, Böyük Britaniya və ABŞ təşkil edib"

“Rusiya Buça hadisələrinin obyektiv araşdırılmasında maraqlıdır. Əgər kimsə buna əks gedirsə, demək hadisənin obyektiv araşdırılmasını istəmir. Bu da təbiidir. Ukraynada bu hadisəni təşkil edənlər - Qərb, Atlantik blok, Böyük Britaniya və ABŞ təbii ki, bu məsələlərin obyektiv araşdırılmasında maraqlı deyillər”. 

Yazıçı və tərcüməçi Nadir Quliyev (Qocabəyli) bunu “Bakı-Xəbər” TV-də yayımlanan veriliş zamanı deyib.

“Fakt Yoxla” Nadir Quliyevin Buçada törədilən qətliamın təşkilinə dair iddiasının doğru olub-olmadığını yoxlayıb.

(AP Photo/Felipe Dana, File)

Ukraynanın paytaxtı Kiyevin yaxınlığında yerləşən Buça şəhərində qətliamlar mart ayının ilk günlərindən başlayıb. Belə ki, “The Kyiv Independent” martın 4-də Rusiya qüvvələrinin it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc sakinini maşında öldürdüyünü yazmışdı.

The Guardian” qəzetində dərc dilən məqalədə isə bildirilir ki, martın 5-də, saat 7:15-də avtomobillərlə qaçmağa cəhd edən iki ailə Çkalova küçəsi yaxınlığında Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. İkinci avtomobildəki kişi öldürülüb, qarşıdakı maşın isə  pulemyot atəşinə məruz qalıb və nəticədə iki uşaq və anası həyatını itirib.

Aprelin ilk günlərindən etibarən Rusiya qoşunları Kiyev vilayətində işğal etdikləri yaşayış məntəqələrindən geri çəkildikcə uzun müddət şiddətli döyüşlər gedən Buça şəhərində sivil əhaliyə aid cəsədlər aşkarlanıb. 

Fotolarda insanların öz maşınlarında öldürüldüyü, yandırıldığı, tanklarla əzildiyi əks olunub. Cəsədlər rasında əlləri bağlı, ənsələrindən güllə ilə qətlə yetirilənlər də olub.

“BBC”  aprelin 3-də “Reuters” agentliyinə istinadən yazıb ki,  Buça sakinləri bir ay ərzində şəhəri işğal altında saxlamış Rusiya hərbçiləri tərəfindən öldürülüblər. 

Şəhərin meri Anatoli Fedoruk “Associated Frans Press”ə telefonla bildirib ki, 280 nəfərin cəsədi artıq kütləvi məzarlıqlarda basdırılıb. 

Fedoruk aprelin 3-də “Reuters” agentliyinə müsahibəsində həlak olan mülki şəxslərin sayının 300 nəfər, bundan iyirmi gün sonra verdiyi açıqlamasında isə 412 nəfər olduğunu deyib.  

O, bu hadisələrin Rusiya işğalının nəticələri olduğunu bildirib.

Ukrayna Müdafiə Nazirliyi “Twitter” hesabında Buçadan görüntülər paylaşaraq yazıb: “Ukraynanın Buça şəhəri bir neçə həftədir rusların əlində idi. Yerli mülki əhali edam edilirdi, bəzilərinin əlləri arxada bağlanmış, bədənləri şəhərin küçələrinə səpələnmişdi”. 

Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmyla Denisova “BBC”yə bildirib ki, Buçadan telefon xəttinə Rusiya əsgərləri tərəfindən 14-24 yaş arası qadın və qızların zorlanması ilə bağlı ən azı 25 məlumat daxil olub. 

O, “Ukrayna xalqının soyqırımı” və hərbi cinayətlərə dair sübutların olduğunu deyib və əlavə edib ki, zorlama Rusiya qüvvələrinin “yeni silahı”dır.

Ukraynanın Baş prokuroru İrina Venediktova aprelin 4-nə qədər Rusiya ordusundan azad edilmiş Kiyev vilayətinin rayonlarından 410 mülki vətəndaşın cəsədinin məhkəmə-tibbi ekspertizasına göndərildiyini bildirib. 

Venediktova cəsədlərin Rusiya hərbiçiləri tərəfindən hətta minalandığını da qeyd edib.

Avropa Şurasının prezidenti Çarlz Mişel aprelin 3-də “Twitter” hesabında Buça hadisələri ilə bağlı qeydində yazıb ki, Moskva Aİ-nin növbəti sanksiyaları ilə üzləşəcək. 

Mişel Rusiya ordusunun törətdiyi vəhşiliklərin dəhşətli görüntülərinin onu şoka saldığını bildirib. 

ABŞ prezidenti Co Bayden Buça hadisələrini “müharibə cinayəti” adlandırıb və Rusiyanın dövlət  başçısı Vladimir Putinin mühakimə edilməsini istəyib.

Aprelin 21-də “Human Rights Watch” təşkilatı Buçadakı hadisələrlə bağlı geniş hesabat dərc edib. 

Hesabatda bildirilir ki, Rusiya qüvvələri 2022-ci il martın 4-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdən təxminən 30 kilometr şimal-qərbdə yerləşən Buça şəhərini işğal edərkən bir sıra hərbi cinayətlər törədib.

Rusiya səlahiyyətliləri isə Buça hadisələri ilə bağlı iddiaları qəbul etmir, Ukraynanın hadisə ilə bağlı yalan görüntülər təqdim etdiyini iddia edirlər. Onlar cəsədlərin şəkillərini Qərbdən gələn saxta xəbər və Ukrayna rəsmilərinin təxribatı yaxud da əvvəlcədən hazırlanan səhnə kimi qiymətləndiriblər. 

2014-cü ildə Şərqi Ukraynada baş verən hadisələrin tanınmış iştirakçılarından biri olduğu bildirilən Rusiya Silahlı Qüvvələrinin hərbçisi Pavel Qubarev bu il aprelin 4-də həyat yoldaşı vasitəsilə paylaşdığı postda martın 2-dən 31-dək Buça istiqamətindəki batalyonun tərkibində olduğunu təsdiqləyib

Skrinşot Pavel Qubarevin “VKontakte” hesabından götürülüb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Nadir Quliyevin iddiası anti-Qərb propaqandasıdır.

Anti-qərb dezinformasiyası
  • 16 May, 2022
  • 3761

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə