logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Yerevanda Rusiya bayrağının yandırılması xəbəri doğrudur?

Yerevanda Rusiya bayrağının yandırılması xəbəri doğrudur?

Rus dilində fəaliyyət göstərən “Haqqin.az” saytı Ermənistanın paytaxtı Yerevanda aprelin 23-də başlayan yürüş zamanı Rusiya bayrağının yandırıldığını bildirib və bayrağın yandırılmasını göstərən foto paylaşıb. 

Xəbər saytları bu fotonun aprelin 23-də Yerevanda çəkildiyini iddia edir

Oxşar iddia və foto “Operativ Məlumat Mərkəzi - OMM” adlı 100 mindən çox abunəçisi olan teleqram kanalında, “axar.az”, “yenicag.az”, “gununsesi.info” və digər saytlarda da yayımlanıb.

Skrinşot “Operativ Məlumat Mərkəzi - OMM” adlı teleqram kanalından götürülüb.

“Fakt Yoxla” Yerevanda aprelin 23-də başlayan yürüş zamanı Rusiya bayrağının yandırıldığı iddia edilən fotonu yoxlayıb.

Aprelin 23-də Yerevan şəhərində “erməni soyqırımı”nın 108-ci ildönümü ilə əlaqədar yürüş keçirilib. Yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb

Rusiyalı hərbi müxbir Semyon Peqovun adı ilə fəaliyyət göstərən “Telegram” kanalı “məşəl yürüşü” zamanı Rusiya bayrağının yandırıldığını bildirib və bununla əlaqədar foto paylaşıb. Azərbaycan xəbər saytları da həmin paylaşıma istinad edərək bu fotonu paylaşıblar.

Ancaq Rusiya bayrağının yandırıldığını göstərən foto aprelin 23-də Yerevanda keçirilən yürüşə aid deyil. Müvafiq görüntülər Gürcüstanın paytaxtı Tbilisidə 10 mart 2023-cü il tarixində keçirilən etiraz aksiyaları zamanı çəkilib. “Arbat.media” nəşri yazır ki, “xarici agentlər haqqında” qanunun qəbuluna qarşı etiraz aksiyası zamanı etirazçılar Rusiya bayrağını yandırıblar. Ukraynalı jurnalist Dmitri Qordon özünün “Telegram” kanalında bayrağın yandırılmasını əks etdirən videogörüntülər paylaşıb.

Axar.az” və “gununsesi.info” saytlarında dərc edilən xəbərdə rusiyalı hərbi müxbir Semyon Peqovun adı ilə fəaliyyət göstərən “Telegram” kanalında paylaşılan növbəti foto da yerləşdirilib. Paylaşımda Rusiya bayrağının və Rusiya Prezidenti Vladimir Putinin fotosunun yandırılması görüntülərinin də Yerevanda çəkildiyi iddia edilir.

Skrinşot rusiyalı hərbi müxbir Semyon Peqovun adı ilə fəaliyyət göstərən teleqram kanalından götürülüb.

Ancaq bu foto da Yerevanda çəkilməyib. Foto 2019-cu ilə aiddir və Ukraynanın Odessa şəhərində çəkilib. Ukraynanın “apostrophe.ua” saytı bildirir ki, 2019-cu il mayın 24-də Odessada rus müğənni Yelena Temnikovanın çıxış etməli olduğu “İbiza” gecə klubunun yaxınlığında Rusiya Federasiyasının bayrağı yandırılıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Yerevanda aprelin 23-də keçirilən yürüş zamanı Rusiya bayrağının yandırılmasını əks etdirən fotolar saxtadır.

Saxta
  • 25 Aprel, 2023
  • 189

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə