logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

YAP-ın gəlirləri ötən il ərzində 2 dəfə artıb

YAP-ın gəlirləri ötən il ərzində 2 dəfə artıb

“Siyasi partiyalar haqqında” qanunda deyilir ki, partiyalar hər il aprel ayının birindən gec olmayaraq, illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. 

“Fakt yoxla” Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların 2022-ci il üzrə maliyyə göstəricilərini analiz edib.

2022-ci ilin dövlət büdcəsindən siyasi partiyalar üçün 5 milyon manat vəsait ayrılıb. 2022-ci ildə qüvvədə olan Siyasi partiyalar haqqında qanunun 17.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizlik hissəsi Milli Məclisdəki deputatların sayına bölünür, alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulur, müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Milli Məclisdə təmsil olunan müstəqil deputatların sayı vəsaitin bölünməsində nəzərə alınsa da, vəsaitlər verilərkən onlara ödəniş edilmir, vəsait sadəcə siyasi partiyalara verilir. Büdcədən ayrılan vəsaitin yerdə qalan 5 faizi Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin ən azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar üçün nəzərdə tutulub. Hazırda Azərbaycanda bu kriteriyaya uyğun gələn siyasi partiya yoxdur. Digər 5 faizi isə Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılması nəzərdə tutulur.

Son parlament seçkilərindən sonra Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Həmin 11 partiyanın 2022-ci il üzrə toplam gəliri 30 milyon manata yaxın olub. 

Cədvəl: Milli Məclisdə təmsil olunan siyasi partiyaların 2022-ci il üzrə gəlirləri

Vətəndaş Birliyi Partiyası hər il büdcədən ayrılan puldan imtina edir.

Cədvəldən göründüyü kimi, parlamentdə təmsil olunan partiyaların illik gəlirinin təxminən 90 faizi bir partiyanın – hakim Yeni Azərbaycan Partiyasının (YAP) payına düşür. Onu da qeyd edək ki, parlamentdə təmsil olunan partiyalardan  Yeni Azərbaycan Partiyası istisna olmaqla yalnız üç partiyada - Böyük Quruluş partiyası, Demokratik Maarifçilik partiyası və Respublikaçı Alternativ partiyası büdcədən daxil olan vəsaitdən başqa mənbədən gəlir qeydə alınıb. Bu üç partiya il ərzində müvafiq olaraq 100 manat, 125 manat və 1400 manat məbləğində üzvlük haqqı toplaya bilib.

İqtidar partiyasının maliyyə hesabatından aydın olur ki, ötən il ərzində hakim partiya toplam 26 milyon 794 min manat gəlir əldə edib. Müqayisə üçün bildirək ki, partiyanın 2021-ci ildəki toplam gəliri cəmi 13 milyon 156 min manata bərabər olmuşdu. Daha bir il öncə, 2020-ci ildə YAP-ın gəliri 12 milyon 300 min manat idi. Bu isə o deməkdir ki, YAP 2022-ci ildə gəlirlərini iki dəfə artırıb. Xatırladaq ki, 2022-ci ilin əvvəlindən etibarən, iqtidar partiyası üzvlük haqqını artırmaqla bağlı qərar vermişdi. Maliyyə hesabatından da məlum olur ki, partiyanın gəlirlərindəki artımın əsas səbəbi elə üzvlük haqlarının artırılmasıdır. Belə ki, 2022-ci ildə partiyanın üzv sayı təxminən 14 min nəfər artsa da, partiyanın üzvlük haqlarından əldə etdiyi gəlir 11 milyon manatdan, 22 milyon manatadək yüksəlib. Bu isə o deməkdir ki, Yeni Azərbaycan Partiyasının 2022-ci ildə əldə etdiyi gəlirin 86 faizi üzvlük haqları hesabına təmin edilib. Ötən il bu göstərici 84 faizə bərabər idi. 

2021-ci ildə Yeni Azərbaycan Partiyasının toplam gəlirləri 13 milyon 156 min manat olmuşdu ki, bunun da, 1 milyon 888 min manatı büdcə vəsaitləri hesabına, yerdə qalan 11.2 milyonluq hissə isə üzvlük haqları və əmlakdan əldə edilən gəlir hesabına formalaşmışdı.

Hazırda YAP üzvləri üzvlük haqlarını aşağıdakı qaydada ödəyirlər:

- muzdlu işçilər: aylıq əmək haqqının 1 faizi;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olan partiya üzvləri:  minimum aylıq əmək haqqının 2 mislinin 1 faizi; (yəni, 6 manat 90 qəpik)
- mülki-hüquqi xarakterli müqavilələrlə və özünüməşğulluğun digər formaları üzrə işləyən Partiya üzvləri: minimum aylıq əmək haqqının 1 faizi; (yəni, 3 manat 45 qəpik)

Həmçinin, sosial ödəniş (əmək pensiyası, ünvanlı dövlət sosial yardımı, sosial müavinət, təqaüd və s.) alıb-almamasından asılı olmayaraq qazanc (gəlir) gətirən hər hansı fəaliyyətlə məşğul olmayan  partiya üzvləri, o cümlədən tələbələr üçün üzvlük haqqı könüllülük əsasında müəyyən edilir.

Onu da əlavə edək ki, parlamentdə təmsil edilən siyasi partiyalar istisna olmaqla ölkədə fəaliyyət göstərən digər siyasi partiyaların əksəriyyətinin illik gəliri və xərci maliyyə hesabatlarında sıfır manat olaraq göstərilir.

Cədvəl: Parlamentdə təmsil olunmayan bəzi siyasi partiyaların 2022-ci il ərzində gəlirləri

Nə qədər qəribə olsa da, təqdim olunan məlumatlar göstərir ki, parlamentdə kənarda qalan və dövlət büdcəsindən vəsait ala bilməyən partiyalar az qala hər hansı gəlir mənbəyi olmadan mövcudluqlarını davam etdirirlər.

 

Analiz
  • 19 Aprel, 2023
  • 378

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə