logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

YAP-çı deputatın AXCP-nin aksiyası haqqında iddiası

YAP-çı deputatın AXCP-nin aksiyası haqqında iddiası

Milli Məclisin deputatı Vüqar İskəndərov (YAP) deyib ki, Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) sentyabrın 30-da təşkil etdiyi etiraz aksiyasına partiya sədri Əli Kərimli də daxil olmaqla rəhbərlikdə təmsil olunan şəxslərin heç biri gəlməyib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Partiyanın rəhbərliyində təmsil olunan şəxslər və fəallar dedikdə partiya sədri, sədr müavini, Rəyasət Heyətinin üzvləri, komitə və rayon şöbələrinin rəhbərləri başa düşülür. 

AXCP-nin parlamentin qarşısında təşkil etdiyi aksiyanın əsas məqsədi “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz olub. Həm partiyanın Rəyasət Heyətinin üzvü, həm də aksiyanın təşkilatçılarından olan Vahid Məhərrəmli siyasi məhbuslara azadlıq, azad seçki, demokratik dəyişikliklər və sərhədlərin açılması kimi məsələlərin də səsləndirəcəkləri tələblər arasında olacağını bildirmişdi. 

“Abzas media”nın yazdığına görə, aksiyadan əvvəl partiyanın rəhbər şəxslərinin və fəalların yaşadıqları evlərinin qarşısında polis nəzarəti altında olub. Məhz buna görə də, onların bir qismi aksiyanın planlaşdırıldığı yerə çatmadan saxlanılıblar. 

AXCP-nin də təmsil olunduğu müxalif Milli Şura blokunun oktyabrın 3-də yaydığı bəyanatda aksiyada saxlanılan 177 nəfərin siyahısı dərc edilib. Onlar arasında partiya rəhbərliyində təmsil olunan şəxslər və fəallar da olub:

Seymur Həzi - AXCP sədrinin müavini 

Nurəddin Məmmədli - AXCP Ali Məclisinin sədri

Bəxtiyar İmanov - AXCP Rəyasət Heyətinin üzvü 

Saqif Qurbanov -  AXCP Rəyasət Heyətinin  üzvü

Vahid Məhərrəmli- AXCP Rəyasət Heyətinin üzvü

Faiq Nağıyev – AXCP Xətai rayon şöbəsinin sədri

Babək Həsənov – AXCP Nərimanov rayon şöbəsinin sədri

Əlizamin Salayev – AXCP Səlyan rayon şöbəsinin sədri

İsmayıllı Səməd – AXCP İsmayıllı rayon şöbəsinin sədri

Füzuli Qəhrəmanlı - AXCP Beyləqan rayon şöbəsinin sədri

Səttar Şahlarov – AXCP Sabirabad rayon şöbəsinin sədri

Ramid Nağıyev – AXCP Binəqədi rayon şöbəsinin sədri

Hüseyn İbrahimli – AXCP Naxçıvan MR KM-in sədri

Cəlil Hüseynli – AXCP Yasamal rayon şöbəsinin sədri

Kamal Heydərli – AXCP Hacıqabul rayon şöbəsinin sədri

Mehriban Hüseyinli – AXCP Xəzər rayon şöbəsinin sədri

Bəxtiyar Yusubov – AXCP Gəncə rayon şöbəsinin sədri

Qəşəm Əliyev – AXCP Ağsu rayon şöbəsinin sədri

Yaşar Məmmədov – AXCP Oğuz rayon şöbəsinin sədri

Əli Abdullayev – AXCP Şəki şöbəsinin sədri

Beləliklə, AXCP sədri Əli Kərimli sentyabrın 30-da təşkil olunan  mitinqdə iştirak etməyib. Sıravi üzvlərlə yanaşı, partiyanın rəhbərliyində təmsil olunan şəxslər və fəalların bir qismi aksiya yerinə çatmamış saxlanılaraq polis bölmələrinə aparılıblar. Onlar bir müddət sonra sərbəst buraxılıblar. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Vüqar İskəndərovun iddiası əsasən yanlışdır.

Əsasən yanlış
  • 28 Oktyabr, 2022
  • 1832

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə