logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Rusiya Azərbaycana yardım etməyibmi?

Rusiya Azərbaycana yardım etməyibmi?

Xəbərin qısa icmalı

Toplum TV”-də AXCP sədri Əli Kərimli Rusiyanın Azərbaycana yardım etməməsi haqqında danışıb.

- 2007-ci ilin dekabr ayında Rusiya azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə 2 milyon ABŞ dolları məbləğində yardım göndərib. 2008-ci ildə həmin vaxt Rusiya Federasiyasının Baş naziri olan Vladimir Putinin imzaladığı sərəncama əsasən, azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə Rusiya tərəfindən 500 min ABŞ dollar məbləğində yardım göndərilib.

- 2020-ci ilin dekabrın 24-də Rusiya Azərbaycanın cəbhəyanı bölgəsinə humanitar yardım göndərib. Bu yardım hərbi əməliyyatlar ərazisindən kənarda yerləşən və II Qarabağ müharibəsi zamanı mərmi düşməsindən və raket zərbələrindən ziyan çəkən yaşayış məntəqələrində dinc sakinlərin əmlaklarının təmir və bərpa işləri üçün nəzərdə tutulub.

“ABŞ 1,5 milyard, Avropa İttifaqı (Aİ) 1 milyard dəyərində yardım edib Azərbaycana (30 ildə). Aİ 2 milyard yardımın isə qərarını verib.  Bəs Rusiya neyləyib? 2 milyon veribmi Azərbaycana? Verməyib”.

Bunu “Toplum TV”-də AXCP sədri Əli Kərimli Rusiyanın Azərbaycana yardım etməməsi haqqında danışarkən deyib. Bəs həqiqətən Rusiya Azərbaycana heç bir yardım etməyibmi?

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb. 

Partiya sədrinin ABŞ və Avropa İttifaqının yardımları ilə bağlı iddiası doğrudur. Belə ki, 2022-ci ilə qədər Avropa İttifaqı Azərbaycana 1 milyard avro vəsait ayırıb. 2022-ci ildə isə Aİ iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bəyan etmişdi. Həmçinin, ABŞ-ın yardımları 1,5 mlrd dollardan çox olub. 

Bəs Rusiyanın yardımları nə qədər olub?

2007-ci ilin dekabr ayında Rusiya azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə 2 milyon ABŞ dolları məbləğində yardım göndərib. 2008-ci ildə həmin vaxt Rusiya Federasiyasının Baş naziri olan Vladimir Putinin imzaladığı sərəncama əsasən, azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə Rusiya tərəfindən 500 min ABŞ dollar məbləğində yardım göndərilib. 2020-ci ilin dekabrın 24-də Rusiya Azərbaycanın cəbhəyanı bölgəsinə humanitar yardım göndərib. Bu yardım hərbi əməliyyatlar ərazisindən kənarda yerləşən və II Qarabağ müharibəsi zamanı mərmi düşməsindən və raket zərbələrindən ziyan çəkən yaşayış məntəqələrində dinc sakinlərin əmlaklarının təmir və bərpa işləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, həmin vaxta qədər Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi Azərbaycana ümumilikdə 54 vaqon, 25 yük avtomobilindən ibarət yardım da göndərib.

Həmçinin, qeyd edək ki, Rusiya Federasiyası Hökümətinin 26 iyul 2010-cu il tarixli 1239-p nömrəli sərəncamı əsasında Azərbaycan FHN Akademiyasının formalaşdırılmasına dəstək çərçivəsində Akademiya üçün tədris-metodiki ədəbiyyat, kursantların avtomobil hazırlığı üçün müxtəlif nəqliyyat vasitələrinin trenajorları, laboratoriyaları, müasir yanğın və qəza-xilasetmə trenajor kompleksi, materialşünaslıq sinfi üçün avadanlıq və cihazlar, dağ-səhra şəraitində qəza-xilasetmə hazırlığı üçün və digər avadanlıqlar göndərilmişdir.

2021-ci ildə Rusiya Azərbaycana səhra şəraitində istifadə üçün 15 mobil konteyner göndərib.

Beləliklə, Rusiyanın Azərbaycana yardımları ABŞ və Aİ-nin yardımları ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı olub. Başqa sözlə, ABŞ və Aİ ilə bağlı iddia doğru olsa da, Rusiyanın Azərbaycana müəyyən yardımları da olub.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, AXCP sədrinin iddiası əsasən yanlışdır.

Əsasən yanlış
  • 26 Dekabr, 2023
  • 2760

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə