logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Real TV: “Son iki ildə Soros fondu humanitar yardımlar adı altında Ermənistanın silahlandırılması üçün 10 milyon dollar pul ayırıb”

Real TV: “Son iki ildə Soros fondu humanitar yardımlar adı altında Ermənistanın silahlandırılması üçün 10 milyon dollar pul ayırıb”

Xəbərin qısa icmalı

Real TV “Sorosun baş tutmayan C.Qafqaz planları” adlı video reportajında iddia edir ki, Soros fondu son iki ildə Ermənistanın silahlandırılması üçün 10 milyon dollar pul ayırıb.

- Fond Ermənistanda 1997-ci ildə “Açıq Cəmiyyət Fondu – Ermənistan”-nın yaradılması ilə fəaliyyətə başlayıb. 2020-ci ilin məlumatına görə fond bu müddət ərzində Ermənistanda demokratik idarəetmə, təhsil, media, səhiyyə və vətəndaş cəmiyyətinə ümumilikdə 53 milyon dollar pul xərcləyib.

- Açıq Cəmiyyət Fondu – Ermənistan nümunəsində olduğu kimi Demokratiya İnkişaf Fondunun da hərbi sahə və ya silahlandırmanı maliyyələşdirməsinə dair heç bir sübut yoxdur. rmənistanda fondun silahlandırma və ya müdafiə sahəsində hər hansı maliyyə ayırması ilə bağlı fakt yoxdur.

Real TV “Sorosun baş tutmayan C.Qafqaz planları” adlı video reportajında iddia edir ki, Soros fondu son iki ildə Ermənistanın silahlandırılması üçün 10 milyon dollar pul ayırıb.

Fakt Yoxla” iddianın doğru olub olmadığını yoxlayıb.

Soros fondu adı ilə tanınan “Açıq Cəmiyyət Fondu” 1979-cü ildə Macar-amerikan əsilli xeyriyyəçi milyarder Corc Soros tərəfindən yaradılıb. Fond qlobal miqyasda demokratiya, insan haqları və sosial ədalət kimi dəyərlər uğrunda mübarizə aparır. Bu dəyərlər üçün mübarizə aparan vətəndaş cəmiyyətini gücləndirməyi əsas qayəsi elan edən təşkilat bu məqsədlə indiyə qədər 32 milyard dollardan çox pul xərcləyib. Fond müstəqil media, anti-korrupsiya və hökumət hesabatlılığını gücləndirən fəaliyyətlər, şəffaflıq və effektiv idarə etmə proqramları və ümumilikdə avtoritarizmə qarşı müqaviməti artıran vətəndaş cəmiyyəti təşəbbüslərini maliyyələşdirir. Son dövrlər fondun dəstəklədiyi sahələr genişlənib və hazırda bura qaçqın haqları, irqi diskriminasiya mövzuları, iqlim dəyişikliyi, LGBTQ+ haqları və təhsil islahatları daxildir.

Ermənistana gəlincə, fond Ermənistanda 1997-ci ildə “Açıq Cəmiyyət Fondu – Ermənistan”-nın yaradılması ilə fəaliyyətə başlayıb. 2020-ci ilin məlumatına görə fond bu müddət ərzində Ermənistanda demokratik idarəetmə, təhsil, media, səhiyyə və vətəndaş cəmiyyətinə ümumilikdə 53 milyon dollar pul xərcləyib.  Fondun Ermənistanda demokratik təcrübə, iqtisadi inkişaf, təhsil və insan haqları sahəsinə ayırdığı büdcənin miqdarı 2017-ci ildə 3.5, 2019-cu ildə 3.6 milyon dollar təşkil edib. Fondun illər üzrə konkret hansı layihələri maliyyələşdirdiyi təşkilatın məlumat bazasında yer alır. Fondun Ermənistanın silahlanması üçün hər hansı maliyyə yardımı ayırması barədə heç bir məlumat yoxdur.

Lakin, 2022-ci ildə Açıq Cəmiyyət Fondu – Ermənistan fəaliyyətini dayandırıb. Təşkilat bəyanatında bildirib ki, Açıq Cəmiyyət Fondunun Ermənistan bölməsi şəbəkənin bir hissəsi kimi işini dayandırır və fəaliyyətini yeni strukturda müstəqil qurum kimi 2023-cü ildən davam etdirəcək. Yeni qurum olan “Demokratiya İnkişaf Fondu” əvvəlki fondun ardıcılı kimi 2022-ci ilin sonunda qeydiyyatdan keçib. Təşkilat missiyasını açıq cəmiyyət fondunun dəyərləri - demokratiyanın inkişafı, təhlükəsizlik və insan haqlarını dəstəkləmək - olduğunu bəyan edir. Demokratiya İnkişaf Fondu-nun ayırdığı qrant layihələr fondun saytında göstərilir. Açıq Cəmiyyət Fondu – Ermənistan nümunəsində olduğu kimi Demokratiya İnkişaf Fondunun da hərbi sahə və ya silahlandırmanı maliyyələşdirməsinə dair heç bir sübut yoxdur. Fondun son iki ildə təhlükəsizlik sahəsinə ayırdığı qrantların mövzusu bunlar olub.

- Milli təhlükəsizlik məsələləri ətrafında diplomatik və vətəndaş cəmiyyətinin iştirakını gücləndirmək;

- İnsan hüquqlarına əsaslanan sülh quruculuğu səylərinə töhfə vermək məqsədilə Azərbaycan və Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkiləri zamanı mövcud Ermənistan-Azərbaycan kontekstindən nə dərəcədə istifadə edildiyini araşdırmaq;

- Cənubi Qafqazdakı mürəkkəb geosiyasi məsələlərlə bağlı konstruktiv və məlumatlı ictimai müzakirəyə töhfə vermək; Saytın məlumatında ümumilikdə təhlükəsizlik kateqoriyasındakı bu 4 layihəyə 70 min dollar ətrafında vəsait ayrıldığı göstərilir. 

Ümumiyyətlə, Soros fondunun militarizasiyanı maliyyələşdirməsi iddiası fonda qarşı irəli sürülən ümumi tənqidlərdən biridir. Bu iddia təşkilatın konfliktlərin həlli istiqamətində icra olunan layihələri maliyyələşdirməsindən qaynaqlanır. Bu cür layihələrə dəstək Ermənistanın hərbiləşdiriləməsi kimi qələmə verilsə də Açıq Cəmiyyət Fondu xeyriyyə fondudur və missiyası əsas etibarilə demokratiya, insan haqqları, şəffaflıq və yaxşı idarəetməni dəstəkləməkdir. Fond ümumiyyətlə hərbi və müdafiə kimi sahələrə dəstək vermir və əksinə hərbiləşdirməni azaltmaq məqsədilə sülh quruculuğu, konflikt həlli və dialoq səylərini dəstəkləyir.

Beləliklə, göründüyü kimi Soros fondu liberal dəyərlərin dəstəkçisi kimi eyni dəyərləri təmsil edən ictimai, hökumət və vətəndaş cəmiyyəti fəaliyyətlərini maliyyələşdirir. Fond xüsusilə hərbi və silahlandırma kimi məsələləri özünün dəyərləri və prioritetləri sırasında görmür və bu sahələrə pul ayırmır. Ermənistanda fondun silahlandırma və ya müdafiə sahəsində hər hansı maliyyə ayırması ilə bağlı da fakt yoxdur.

Beləcə, “Fakt Yoxla”nın gəldiyi qənaət odur ki, Real TV-nin Soros fondu ilə bağlı iddiası yanlışdır.

 “Youtube.com”, Sorosun baş tutmayan C.Qafqaz planları

“Opensocietyfoundations.org”, Our History

 “Opensocietyfoundations.org” George Soros

“Wikipedia.com”, Open Society Foundations–Armenia

 “Opensocietyfoundations.org”, The Open Society Foundations in Armenia

“Civilnet.am”, Soros, Open Society Foundations and Activities in Armenia

“Opensocietyfoundation.org”, The Open Society Foundations in Armenia

“Caucasuswatch.de”, Soros Foundation Closes Its Armenian Branch

“Demdev.org”, About Democracy Development Foundation

“Demdev.org”, Grant List

“Demdev.org”, Grant List

Yanlış
  • 5 Fevral, 2025
  • 39

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə