Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Respublika” qəzetində dərc edilən məqaləsində iddia edib ki, Mayot kimi digər Fransa müstəmləkələri beynəlxalq humanitar və donor təşkilatlardan yardım ala bilmir. Deputatın dediyinə görə, buna onların siyasi və inzibati statusu və bu fondların uyğunluq kriteriyaları mane olur.
“Fakt Yoxla” deputatın iddiasının doğruluğunu araşdırıb.
Fransa Avropadan kənarda ümumilikdə 13 əraziyə malikdir. Bu ərazilərdən 6-sı (Qavdelupe, Fransız Gvianası, Martinika, Reyunyon və Mayot) “dənizaşırı departament” statusunda, digər ərazilər (Fransız Polineziyası, Yeni Kaledoniya, Sen-Bartelemi, Sen-Marten, Sen-Pyer və Mikelon, Uollis və Fortuna) isə daha kiçik ərazi vahidi hesab olunan “dənizaşırı kollektiv” statusundadır. Klipperton və Cənubi Antarktika əraziləri isə əsasən elmi araşdırmalar üçün istifadə edilir.
Fransanın dənizaşırı departamentləri Avropa İttifaqının tərkib hisəsi hesab olunur. 2017-ci ildə Avropa Komissiyasının hazırladığı strateji tərəfdaşlıq barədə yeni strategiya Avropa İttifaqının ən kənar ərazilərində iqtisadi inkişafı dəstəkləmək və sosial müdafiəni yaxşılaşdırmaq üçün maliyyə alətlərinin uyğunlaşdırılmasını təklif edirdi. “Ən kənar regionlar”a doqquz bölgə - Qvadelupe, Fransız Qvianası, Martinika, Mayot, Reyunyon adası və Sen-Martin (Fransa), Azor və Madeyra (Portuqaliya) və Kanar adaları (İspaniya) - aiddir.
2020-ci ilin martında isə Avropa Komissiyası strategiya çərçivəsində icra olunan fəaliyyətləri əks etdirən hesabat yayımlayıb. Hesabata əsasən “Avropa İnvestisiya Bankı” və “Avropa Strateji İnvestisiyalar Fondu”nun dəstəyi ilə Reunion və Qvadelupa hava limanlarına müvafiq olaraq 100 milyon avro və 60 milyon avro maliyyə ayrılıb. “Avropa Regional İnkişaf Fondu”-nun dəstəyi ilə bu regionlarda daxili yol və dəniz nəqliyyatı infrastrukturu təkmilləşdirilib, Fransız Qvianası və Mayotda yol infrastrukturunun təhlükəsizliyinin artırılması və ictimai nəqliyyatın inkişafı istiqamətində işlər görülüb.
Strategiya çərçivəsində nəzərdə tutulan fəaliyyətlər Avropa İttifaqının 5 fondunun - “Avropa Regional İnkişaf Fondu”, “Avropa Sosial Fondu”, “Avropa Kənd Təsərrüfatı Fondu”, “Avropa Dənizçilik və Balıqçılıq Fondu” və “Birləşmə Fondu” (Cohesion Fund) maliyyə dəstəyi hesabına həyata keçirilib.
Avropa fondları tərəfindən dəstəklənən layihələr içində ərazi əməkdaşlıq proqramları xüsusi yerə malikdir. Bu proqramlar Fransanın Atlantik və Hind okeanındakı dənizaşırı departamentlərini əhatə edib.
2014-2020-ci illəri əhatə edən “İnterrag Caribbean” proqramı Qvadelupe, Fransız Qvianası, Martinika və Sen-Marten ərazilərinin Karib dənizi hövzəsi və digər ölkələrlə əməkdaşlığını inkişaf etdirməyə yönəlmiş Avropa Ərazi Əməkdalıq proqramıdır. Proqram “Avropa Regional İnkişaf Fondu” tərəfindən maliyyəşdirilib və həcmi təxminən 85,7 milyon avro olub.
2014-2020-ci illəri əhatə edən “İnterrag İndian Ocean” proqramı regional siyasətin bir hissəsi kimi “Avropa Regional İnkişaf Fondu” tərəfindən maliyyələşdirilib. Proqram çərçivəsində Reyunyon və Mayot adaları ilə Hind okeanı ölkələri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi nəzərdə tutulub. Proqram üçün ümumilikdə 63.2 milyon avro vəsait ayrılıb.
Regional ərazi proqramları ilə yanaşı birbaşa Mayot dənizaşırı departamentinin özündə də Avropa fondları tərəfindən müxtəlif layihələr icra edilib. 2014-2020-ci illəri əhatə edən ERDF-ESF proqramı “Avropa Regional İnkişaf Fondu” və “Avropa Sosial Fondu” tərəfindən maliyyələşdirilib və proqramın icrası üçün ümumilikdə 350.457 milyon avro vəsait ayrılıb. Proqram üçün nəzərdə tutulan büdcənin əsas hissəsi su və tullantı sektorlarına, sosial və səhiyyə infrastrukturunun yaxşılaşdırılmasına, dövlət, özəl binalarda və sosial mənzillərdə enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji strukturunun inkişaf etdirilməsinə sərf olunub.
2014-2020-ci illər arası müddətdə icra olunan bir digər proqram “Interreg V-Mayotte-Comores-Madagascar” əməkdaşlıq proqramıdır. Mayot regionu ilə qonşu Komor və Madaqaskar adaları arasında transsərhəd əməkdaşlığın inkişafına yönələm proqramın prioritet istiqaməti ticarətin artırılması, təcili tibbi yardım xidmətlərinin və əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, mobillik vasitəsilə təhsilə çıxışın təşviq edilməsidir. “Avropa Regional İnkişaf Fondu” tərəfindən maliyyələşdirilən layihənin həcmi 11.651 milyon avro-dur.
Mayotda həmçinin “Avropa Regional İnkişaf Fondu” tərəfindən 2021-2027-ci illəri əhatə edən FEDER proqramı maliyyələşdirilir. Proqram çərçivəsində ümumilikdə 332.3 milyon avro vəsaitin ayrılması nəzərdə tutulur. Proqramın prioritet istiqamətləri sırasına Mayotun infrastruktur və xidmətlər vasitəsilə daha əhatəli əraziyə çevirilməsi, karbon emissiyası və su ehtiyatlarının davamlı idarə olunması, innovativ inkişaf modelinin formalaşdırılması və s. daxildir.
Adları çəkilən ərazilər Avropa İttifaqı ilə yanaşı Fransanın özündən də müxtəlif həcmdə maddi vəsait əldə edib. “Fransa İnkişaf Agentliyinin” məlumatına əsasən 2022-ci ilədək Mayotda 47 layihə icra olunub. Həmçinin 2008-2022-ci illər ərzində Mayota 855 milyon avro vəsait ayrılıb. Oxşar maliyyə yardımları Fransanın digər dənizaşırı departamentlərinə də edilib. Agentliyin məlumatına əsasən 2009-2018-ci illər arasında Reyunyon iqtisadiyyatına 2 milyard avro yönəldilib və ümumilikdə 233 layihə icra edilib. Fransız Gvianasına 2013-2022-ci illər arasında 471 milyon avro vəsait ayrılıb. Bu müddət ərzində dövlət və özəl qurumlar tərəfindən 180-dən çox layihə maliyyələşdirilib. Martinikaya isə 2016-2021-ci illər arasında 1.3 milyard avro sərmayə qoyulub, hazırda 85% Martinika bələdiyyələri Agentliyin dəstəyindən faydalanır.
2024-cü ilin dekabrında Hind okeanında baş verən “Çido” qasırğası ilə bağlı hazırda Mayotda rəsmi qurumlarla yanaşı “MFS” (İsveçə) və “Doctors Worldwide” (Britaniya) kimi humanitar təşkilatlar fəaliyyət göstərir. Həmçinin fransız QHT “Secours Popularie” qasırğanın nəticələrini aradan qaldırmaq məqsədilə 100 min avro məbləğində yardım ayırıb.
Qeyd edək ki, Mayot, o cümlədən digər dənizaşırı departamentlər digər ərazilərdən fərqli olaraq Aİ zonasına daxildirlər. Müqayisə üçün qeyd edək ki, Mayotda minimum aylıq əməkhaqqı 1.335 avro-dur. Bu göstərici Mayotun qonşusu Komor adalarında isə 122 avro təşkil edir.
Bu səbəblə BMT-nin tərkibindəki və digər beynəlxalq humanitar təşkilatlar (UNİCEF, İCRC) Mayott və digər dənizaşırı ərazilərdə birbaşa yox, həmin təşkilatların Fransa üzrə nümayəndəlikləri çərçivəsində faliyyət göstərir.
Məlumatların təhlili göstərir ki, Fransanın “dənizaşırı departamentlər”ində, o cümlədən Mayotda Avropa İttifaqının fondları tərəfindən maliyyələşdirilən müxtəlif layihələr icra olunub və bu cür proqramlar hələ də davam etdirilir. Həmçinin bu ərazilərə Fransanın özü tərəfindən də maliyyə yardımları həyata keçirilir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən deputat Pərvanə Vəliyevanın Mayot və digər ərazilərlə bağlı səsləndirdiyi iddialar yanlışdır.