logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

İham Əliyev Azərbaycanda etnik-dini tolerantlığın olduğunu deyib

İham Əliyev Azərbaycanda etnik-dini tolerantlığın olduğunu deyib

Prezident İlham Əliyev sentyabrın 16-da yəhudi xalqına ünvanladığı yeni il bayramı təbrikində Azərbaycanda etnik-dini tolerantlığın mövcud olduğunu deyib.

“Fakt Yoxla” Prezidentin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanda əhalinin mütləq əksəriyyətini (8,9 mln.) azərbaycanlılar təşkil edir. 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, sonrakı yerləri ləzgilər (180 min), ermənilər (120 min), ruslar (119 min), talışlar (112 min) tutur. 

Qeyd olunan etnik azlıqlar qədər olmasa da, Azərbaycanda avarlar, axısxa türkləri, tatarlar, tatlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, kürdlər, udinlər, xınalıqlar, qrızlar və s. də yaşayır. 

DSK bu statistikaya Azərbaycanda yaşayan ermənilərin statistikasına nəzarət etmədiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin sayını da daxil edib.  

Amma Xarici İşlər Nazirliyinin 2010-cu ildə yaydığı açıqlamada Azərbaycanda 30 000 etnik erməninin yaşadığı bildirilib. 

Ölkə ərazisində ən çox etnik qrup (20) Quba rayonunda yaşayır. Rəsmilər bu rayonu etnik müxtəlifliyin modeli kimi təqdim edirlər. Avropa Şurasının İrqçilik və Dözümzüslüyə qarşı Avropa Komissiyasının yaydığı hesabata görə, 2011-ci ildən 2016-cı ilədək Azərbaycanda etnik zəmində nifrət cinayəti qeydə alınmayıb. Bununla belə hesabatda bildirilib ki, Azərbaycanda etnik mənşəyə əsaslanan ayrı-seçkiliklə bağlı müfəssəl qanunvericilik qəbul edilməyib.

Buna baxmayaraq, Cinayət Məcəlləsində etnik və milli zəmində ictimai təhlükəli əməlləri cinayət kimi nəzərdə tutan bir sıra normalar var. Bunlara soyqırım (103-cü maddə), soyqırımın törədilməsinə təhrik etmə (104-cü mnaddə), milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə (120.2.12-ci maddə), bərabərlik hüququnu pozma (154-cü maddə), milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (283-cü maddə) və s.daxildir.

Beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında münaqişənin dondurulduğu 26 il ərzində Azərbaycanda yaşayan ermənilərin etnik kimliklərinə görə azərbaycanlılarla konfliktlərinə dair faktlara rast gəlinmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)rəhbəri Mübariz Qurbanlı 2019-cu ildə bildirmişdi ki, Bakının mərkəzində yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə olunur, amma kilsə fəaliyyət göstərmir.

DQİDK-ın məlumatına görə, Azərbaycanda əhalinin 96%-ni müsəlmanlar təşkil edir. Onların da 65 % şiə, 35%-i isə sünnilərdir. Əhalinin geri qalan 4%-ni təşkil edən dini konfessiyalar arasında Rus Pravoslav Kilsəsi, Gürcüstan Pravoslav Kilsəsi, Erməni Apostol Kilsəsi, Yeddinci gün Adventistləri, Molokan Kilsəsi, Roma Katolik Kilsəsi, evangelist kilsələr və Yehovanın Şahidləri daxil olmaqla digər xristianlar, yəhudilər, Krişna Şüuru Beynəlxalq Cəmiyyəti də var. 

2016-cı ildə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRİ) yaydığı hesabatda qeyd olunur ki, 2011-ci ilin yanvarında İslam Partiyasının sədri Mövsüm Səmədov “hökumət sionistlərin tam nəzarətində olduğu müddətdə ən böyük faciələrlə üzləşəcək” ifadəsini işlədib. Təşkilat bunu dini dözümsüzlük nümünəsi kimi qiymətləndirmişdi.

Ancaq Səmədovun həbsinə səbəb olmuş məşhur çıxışında əsas kimi onun prezident İlham Əliyevi sərt tənqid etməsi göstərilir. Siyasi məhbusların İşçi qrupunun hesabatına görə, Səmədov 2011-ci il yanvarın 2-də İslam Partiyasının Baş Məclisində çıxış edərək hicaba qadağa ilə bağlı təhsil naziri Misir Mərdanovu, ölkədəki ictimai və sosial vəziyyətə görə isə prezident İlham Əliyevi sərt tənqid edib. Çıxışı zamanı M.Səmədov Dubayda prezident İlham Əliyevə və oğluna məxsus olan villalar barədə bir müddət əvvəl “Washington Post” və “New York Times” qəzetlərində dərc edilən məqalələrə istinadla Azərbaycan xalqının və dövlətinin sərvətlərinin oğurlandığını, bu qədər sərvətlərin olmasına baxmayaraq, Azərbaycan gənci üçün iş yerinin olmadığını, ölkədə ədalətsizlik və rüşvətin tüğyan etdiyini, keçmiş Prezident Heydər Əliyevin doğum günü keçirilən Gül Bayramına xərclənən pulların xalqdan oğurlandığını və Heydər Əliyevə sitayiş etməklə ölkədə bütpərəstliyin təbliğ edildiyini demişdi. 

Son beş ildə əhali arasında dini zəmində konfliktlər fraqmental olaraq İslam dininə aid təriqətlərə mənsub şəxslər arasında qeydə alınıb. 2014-cü ildə Sabirabad sakini Rəmzi Zeynalov İslamın sələfi məzhəbinə mənsub olduğu deyilən Kürdəmir sakini Cavanşir Zərbəliyevi ictimaiyyət qarşısında təhqir edərək saqqalını kəsmişdi. Bu hadisə ABŞ Dövlət Departamentinin hesabatına da daxil edilib. Rəmzi Zeynalov Sabirabad Rayon Məhkməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu ilin avqust ayında bir qrup dindar Sumqayıtda sosial şəbəkə hesabındakı paylaşımına görə bir gənci döyərək, üzr istətmişdi. Bu hadisəylə bağlı Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başladılıb.

Azərbaycanda inanclı şəxslərə qarşı dözümsüzlük və azadlıqların məhdudlaşdırılması halları daha çox dövət strukturlarınn fəaliyyətində qeydə alınıb. Ayrı-ayrı şəxslər arasında dini zəmində insidentlərlə müqayisədə dövlət strukturlarının təzyiqləri sistemli xarakter daşıyıb.

ABŞ Dövlət Departamentinin 2019-cu il üzrə Beynəlxalq dini azadlıqlara dair hesabatında Azərbaycanda dini icmaların təzyiq və cərimələrlə üzləşdiyi nümunələrlə göstərilir. Hesabatda qeyd olunur ki, evlərində dini ayin keçirən Yehova Şahidləri, bir sıra xristian dini azlıq nümayəndələri və s. polis basqınları və cərimələrlə qarşılaşa bilirlər. Təkcə Yehova Şahidlərinə görə, Bakı ilə digər səkkiz şəhər və ya qəsəbədə 2018-ci ilin sentyabrından 2019-cu ilin avqustuna qədər 17 hadisə qeydə alınıb.

İnzibati Xətalar Məcəlləsində dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə görə inzibati məsuliyyət (cərimə) nəzərdə tutub.

Yehova Şahidlərindən Emil Mehdiyevlə Vahid Əbilov 2018-ci ildə hərbi xidmətdən yayındıqlarına görə 1 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2019-cu ildə bu qərarı qüvvədə saxlayıb.

Konstitusiyanın 76.2-ci maddəsində qeyd olunur ki, vətəndaşların əqidəsi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən olunmuş hallarda hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Azərbaycan hökuməti 2001-ci ildə Avropa Şurasına daxil olarkən 2003-cü ilədək alternatv hərbi xidmətin qanunvericiliyə daxil edilməsinə dair öhdəlik götürsə də, buna hələ də əməl etməyib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM)“Müşfiq Məmmədov və digərləri Azərbaycana qarşı” işi üzrə şikayətçi “Yehovanın şahidləri” təriqətinin üzvlərinin ərizəsini təmin edib. AİHM Azərbaycan məhkəmələrin ərizəçilərin işlərinə baxarkən onların Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu (dini etiqad azadlığı) maddəsində nəzərdə tutulmuş hüquqlarını pozduğu qənaətinə gəlib.

Kişilərlə yanaşı inanclı qadınların da dini azadlıqları məhdudlaşdırılıb. Belə ki, onların baş örtüyü ilə şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu üçün şəkil çəkdirməsinə icazə verilmir. “Fakt Yoxla”nın dərc etdiyi əvvəlki araşdırmasında məlum olmuşdu ki, Azərbaycan hökuməti Beynəlxalq Mülki Aviasiya Təşkilatının baş örtüyü ilə foto çəkdirmək haqqında qaydalarını hələ də qanunvericiliyə daxil etməyib.

İyunun 10-na olan məlumata görə, Azərbaycanda 108 siyasi məhbusun 45-i inanclı fəallardır.

Beləliklə, hökumətin fəaliyyətində, eləcə də qanunvericilikdə inanclı şəxslərin hüquq və azadlıqlarına basqılar hələ də qalmaqdadır. Ancaq son dövrlərdə Azərbaycanda əhali arasında etnik-dini zəmində qarşıdurmaya nadir hallarda rast gəlinib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin iddiası əsasən doğrudur.

Əsasən doğru
  • 3 Noyabr, 2020
  • 398

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə