Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Babaoğlu sentyabrın 10-da iddia edib ki, Fransa öz vətəndaşlarına Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Sünik bölgəsinə səyahət etməməklə bağlı xəbərdarlıq edib.
“Bir neçə gün bundan öncə Fransanın Ermənistandakı səfiri Emənistanda olan Fransa vətəndaşlarına xəbərdarlıq edib ki, bu xəritədə qırmızı və turuncu (narıncı-red.) rənglərlə işarələnmiş ərazilərə getməkdən çəkinsinlər. Səfirin işarələdiyi ərazilər 1920-ci ildən sonra qeyri-qanunui olaraq Ermənistana verilən Azərbaycan torpaqlarıdır”, – deyə H.Babaoğlu qeyd edib.
Söhbət son günlər mediada və sosial şəbəkələrdə Fransanın Xarici Siyasət Departamenti tərəfindən yayıldığı iddia edilən və bütün sərhəd boyu ərazilərin “təhlükəli zona” olaraq qeyd edildiyi xəritədən gedir. Xəritə son günlər Azərbaycanın Ermənistan ərazisinə hücum edəcəyi ilə bağlı iddiaların fonunda xarici və yerli mediada habelə sosial media platformalarında tirajlanır.
“Fakt Yoxla” Fransanın sentyabr ayında Ermənistana səyahət xəbərdarlığı iddiasının doğru olub-olmadığını yoxlayıb.
Sentyabrın 7-də “X” (keçmiş Twitter) platformasında “Artsakh Front” adlı hesab məlumat yayıb ki, Fransa səfiri Fransa vətəndaşlarına Ermənistanın cənubunda yerləşən Sünik bölgəsinə səyahət etməməklə bağlı xəbərdarlıq edib. Fransanın Ermənistandakı səfiri Olivier Decottigines öz “X” hesabından iddianı yalanlayaraq səfirliyin səyahət xəbərdarlığının 18 iyuldan bəri dəyişmədiyini bildirib. “Artsakh Front” hesabı daha sonra bağlanıb.
Sentyabrın 10-də eyni iddianı “X”-da 542 min izləyicisi olan “Visegrad 24” hesabı da paylaşaraq qeyd edib ki, bəzi azərbaycanlılar Sünikin 1921-ci ildə Sovet Rusiyası tərəfindən Ermənistana verildiyinə, indi isə geri almaq lazım olduğuna inanır. Fransanın Ermənistandakı səfiri iddianı yenidən təkzib edərək, vətəndaşları üçün xəbərdarlığın bu il iyulun 18-dən dəyişmədiyini bildirib. O, Sünikin Fransanın yaydığı xəritədə Ermənistan ərazisi olaraq qeyd edildiyinə diqqət çəkib.
Fransa Xarici Siyasət Departamentinin rəsmi saytında da Ermənistana səyahətlə bağlı sonuncu xəbərdarlıq 2023-cü ilin iyulun 18-ə aiddir. Departament bildirir ki, iki ölkə arasındakı davamlı gərginlik səbəbindən Ermənistanın Azərbaycanla bütün sərhəd bölgələri “təhlükəli zona” hesab olunur. Həmçinin, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yerləşən Ermənistanın Sünik bölgəsinə, habelə Vardenis rayonuna çox vacib səbəblər olmadan səyahət etmək tövsiyə olunmur. Məlumatda o da qeyd olunur ki, sözügedən xəbərdarlıq hər gün yenilənərək qüvvədə saxlanılır.
“Skrinşot” Fransa Xarici Siyasət Departamentinin rəsmi saytından götürülüb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Fransanın öz vətəndaşlarına Ermənistanın sərhəd bölgələrinə səyahət etməməklə bağlı xəbərdarlığı bir neçə gün öncə yox, 18 iyul tarixinə aiddir. Habelə, bu xəbərdarlıq hər gün yenilənir və hələ də qüvvədədir.
Lakin sözügedən xəbərdarlığın sentyabr ayında yeni məlumat kimi təqdim edilməsi faktlarla manipulyasiyadır.