"İran Ermənistan dövlətinə qarşı heç bir addım atmayıb, onları qınamayıb. İran parlamentinin deputatları Ermənistanın işğalçılıq, etnik təmizləmə siyasətini, azərbaycanlılara qarşı soyqırımı, terror siyasətini pisləyən bəyanat qəbul etməyib”.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını tənqid edən bəyanatı haqqında danışarkən bildirib.
“Fakt Yoxla” deputat Elman Nəsirovun iddiasının doğru olub-olmadığını yoxlayıb.
İran dövlət başçılarının bir neçə çıxış və bəyanatlarında Ermənistanın işğalçılıq siyasəti pislənib. Bunlara nəzər salaq.
1993-cü il 26-28 oktyabr tarixlərində İran İslam Respublikasının Prezidenti Əkbər Haşemi Rəfsəncani Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan-Ermənistan arasında davam edən müharibə barəsində də danışmışdı.
“Əminəm ki, bu müharibə tezliklə sizin qələbənizlə başa çatacaq və torpağınızda sülh, əmin-amanlıq bərpa olunacaqdır. Biz təcavüzkarın tezliklə öz cəzasına çatacağına, ərazi bütövlüyünüz və müstəqilliyiniz yolunda verdiyiniz şəhidlərin ruhunun sakit uyuyacağına, qaçqınların yaxın vaxtlarda öz evlərinə dönəcəklərinə inanırıq. Allahdan istəyimiz də ancaq budur” - deyə İran Prezidenti vurğulayıb. Prezident Rəfsəncaninin Ermənistanı aqressor adlandırması digər mənbələrtərəfindən də təsdiqlənir.
1994-cü il 29 iyun - 2 iyul tarixlərində həmin vaxt Azərbaycan Respublikasının prezidenti olan Heydər Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin İrana rəsmi səfəri zamanı Azərbaycanla İran arasında dostluq münasibətlərinin inkişafına dair 13 maddəlik bəyanat imzalanıb. Sözügedən bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənibvə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu qeyd edilib.
Bundan başqa, birbaşa Ermənistanı pisləyən bəyanatlar olmasa belə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlamalar da İranın prezidentləri tərəfindən səsləndirilib. Belə ki, 2007-ci il avqustun 21-22-də İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Azərbaycan və İran prezidentlərinin Birgə Bəyanatı imzalanıb. Bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə dair xüsusi bir bənd öz əksini tapıb. Qeyd olunub ki, münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
İran prezidentlərinin rəsmi bəyanatlarına baxmayaraq, İran parlamentinin Ermənistanın işğalçılıq siyasətini pisləyən hər hansı bəyanatına rast gəlinməyib.
Beləliklə, "Fakt Yoxla"nın araşdırması nəticəsində məlum olub ki, İran dövlət başçılarının Ermənistanın işğalçılıq siyasətini pisləyən çıxış və bəyanatları olsa da, İran parlamenti bu vaxta qədər belə bir bəyanatla çıxış etməyib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə Elman Nəsirovun iddiası əsasən doğrudur.