“3-5 nəfərdən ibarət aksiya keçirdilər”.
Deputat Cavid Osmanov 20 iyul 2022-ci ildə Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın!” tələbi ilə keçirilən piketə münasibət bildirərkən belə deyib.
“Fakt Yoxla” deputatın aksiya iştirakçılarının sayı ilə bağlı iddiasını araşdırıb.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən, piket düzəldənlərin sayı 50 nəfərdən çox olmamalıdır.
Qanun piketin anlayışını verməsə də, ümumi yayılmış tərifə görə, piket müxtəlif ictimai-siyasi məsələlərlə bağlı kiçik sayda olan bir qrup şəxsin müəyyən bir yerdə toplaşmasıdır.
Aksiyada iştirak edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi “Turan” Agentliyinə verdiyi açıqlamada bildirib ki, müxalif partiyaların üzvü olan 36-a yaxın şəxs piket zamanı polis tərəfindən saxlanılıb.
Onlardan 28 nəfəri AXCP üzvü, qalanları isə digər partiyaların fəalları olub.
Bundan başqa, 10-a yaxın bitərəf şəxs də polis tərəfindən saxlanılıb.
Saxlanılan piket iştirakçılarından bir nəfər - Müsavat Partiyasının fəalı Əziz Məmiyev isə Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edilib.
Aksiya zamanı aparılmış videoçəkilişdə də, piketdə onlarla şəxsin iştirak etdiyi, polisin iştirakçıların bəzilərini tutaraq post-patrul maşınlarına apardığı görünür.
Videogörüntülərdə saxlanılanlardan əlavə onlarla şəxsin piketin təyin edildiyi ərazinin yaxınlığındakı küçələrdə etirazlarını davam etdirdiyi də əksini tapıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, deputat Cavid Osmanovun iddiası yalandır.