logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputat: "Bayden Nensi Pelosinin Tayvana səfər etməsinə etirazını bildirib"

Deputat: "Bayden Nensi Pelosinin Tayvana səfər etməsinə etirazını bildirib"

“Prezident Bayden belə, Nensi Pelosinin Tayvana səfər etməsinə qarşı etirazını bildirsə də, səfər baş tutdu”. 

Deputat Nəsib Məhəməliyev ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini dəyərləndirərkən belə deyib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

Nensi Pelosi bu il avqustun 2-də Tayvana səfər edib. Səfər zamanı onu Demokratik Nümayəndələr Palatasının beş üzvündən ibarət nümayəndə heyəti müşayiət edib. 

Tayvana iki günlük səfər Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyanı da əhatə edən Asiya turunun bir hissəsi olub. 

Çin Xalq Respublikası ilə Tayvan arasında münaqişə XX əsrin ortalarından başlayıb. Həmin dövrdə Çan Kayşinin rəhbərlik etdiyi Qomindan Partiyasının hökumətiylə Mao Tszedunun başçılıq etdiyi Çin Kommunist Partiyasının qoşunları arasında vətəndaş müharibəsi başlayıb. 

Bu müharibə nəticəsində Qomindan məğlub olub. Bundan sonra 1949-cu ildə Çan Kayşi öz tərəfdarlarıyla birlikdə Tayvana qaçaraq sürgün hökuməti yaradıb, ərazini isə Çin Respublikası adlandırıb. 

Çindən fərqli siyasi sistemə malik olsa da, Tayvanın hüquqi statusu qeyri-müəyyən olaraq qalır. ABŞ Tayvanın müstəqilliyini tanımımayıb. Buna baxmayaraq, Nensi Pelosinin Tayvana səfəri Çin və ABŞ arasındakı münasibətlərdə gərginliyi xeyli artırdı. Bu haqda bir qədər sonra davam edəcəyik. Keçək azərbaycanlı deputatın Tayvan səfəri ilə bağlı iddiasına.   

ABŞ Nümayəndələr Palatasının spikerinin sentyabrın 17-də Ermənistanda verdiyi açıqlamalar Azərbaycan tərəfinin narazılığına səbəb olmuşdu. 

Pelosi Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pislədiyini bildirmiş, həmçinin rəsmi Vaşinqtonun demokratiya ilə avtokratiya arasındakı qlobal mübarizədə Ermənistana kömək və dəstək vermək istədiyini qeyd etmişdi. 

Bu bir tərəfə, amma ABŞ prezidentinin spiker Pelosinin Tayvana səfərinə münasibəti heç də deputat Nəsib Məhəməliyevin iddia etdiyi kimi olmayıb. 

Co Bayden səfərdən öncə ona ünvanlanan “Sizcə, spiker Pelosinin bu yay Tayvana getməsi yaxşı ideyadır?” sualına “Ordu [ABŞ ordusu - red.] bunun hazırda yaxşı fikir olmadığını düşünür, amma mən vəziyyətin nə yerdə olduğunu bilmirəm” – deyə cavab verib. 

Məhz Baydenin bu açıqlamasından sonra onun Nensi Pelosinin Tayvana səfər etməsinə etiraz etdiyinə dair iddialar yayılıb. 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Co Baydenin Nensi Pelosinin Tayvana səfəri ilə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, ABŞ lideri Pelosinin qərarına hörmət edir.

Kirbi prezident Baydenin spiker Pelosinin səfərinə etirazına dair iddaları da cavablandıb. O, Baydenin ordunun sözügedən səfərə fikri ilə bağlı açıqlamasının spikeri məlumatlandırmaq xarakteri daşıdığını bildirib. 

“Spiker özü qərar verir... Onun Tayvana səfər etmək hüququ var. Bizim işimiz ona məsələnin faktlarını, məlumatlarını təqdim etmək idi ki, o, səyahət üçün mümkün olan ən yaxşı qərarı verə bilsin” – Ağ Evin rəsmisi bildirib.

Çin Xalq Respublikasının prezidenti Si Tsinpin Nensi Pelosinin Tayvana səfəri ilə bağlı Baydenə etiraz edib. 

Bayden Si Tsinpin ilə telefon danışığı zamanı ona bildirib ki, Konqres hökumətin müstəqil qoludur və spiker Pelosi də Konqresin digər üzvləri kimi xaricə səyahətləri ilə bağlı öz qərarlarını verir. 

Beləliklə, ABŞ prezidenti Bayden spiker Nensi Pelosinin Tayvana səfərinə etiraz etməyib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Nəsib Məhəməliyevin iddiası faktlarla manipulyasiyadır. 

Faktlarla manipulyasiya
  • 22 Sentyabr, 2022
  • 338

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə