logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Azərbaycanda növbəti parlament seçkiləri nə zaman keçirilə bilər?

Azərbaycanda növbəti parlament seçkiləri nə zaman keçirilə bilər?

Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Ölkədə sonuncu parlament seçkiləri növbədənkənar qaydada 2020-ci ilin fevral ayında keçirildiyi üçün növbəti parlament seçkilərinin hansı ilin noyabr ayında keçirilməsi ictimai müzakirələrə səbəb olur.

“Fakt Yoxla” Azərbaycanda növbəti parlament seçkilərinin nə zaman keçirilməli olduğunu araşdırıb.

Qeyd etdiyimiz kimi, Konstitusiyada Milli Məclisin hər çağırışı üçün seçkilərin beş ildən bir noyabr ayının birinci bazar günü baş tutduğu qeyd edilib. Konstitusiyanın 98-1-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçilən Milli Məclisin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, hazırki çağırış parlamentin fəaliyyətinin beşinci ili 10 fevral 2024-cü ildən etibarən başlayır və Konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda bələdiyyələrin də səlahiyyət müddəti başa çatır. “Bələdiyyələr haqqında” qanunda qeyd edilir ki, bələdiyyələrin səlahiyyət müddəti beş ildir. Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 23 dekabr 2019-cu ildə keçirilib. Parlament seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərinin keçirilmə tarixi ilə bağlı qanunda konkret ay və həftə göstərilmir. Müvafiq qanunda qeyd edilir ki, bələdiyyələrin səlahiyyət müddəti beş ildir və bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.  Ölkədə son iki bələdiyyə seçksi (2014 və 2019-cu illərdə) 23 dekabr tarixinə təsadüf edib.

2024-cü ilin dövlət büdcəsi layihəsindən görünür ki, növbəti il Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılan vəsaitin həcmi kəskin artırılır. “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, gələn il dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min manat vəsait ayrılması nəzərdə tutulub. Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir.  

Qeyd edək ki, Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci ildə, sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə, sonuncu prezident seçkiləri isə 2018-ci ildə keçirilib.

Cədvəl: 2018-2024-cü ildə Azərbaycanın dövlət büdcəsindən Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait

“Fakt Yoxla”nın araşdırmasına görə, Milli Məclisə növbəti seçkilər növbədənkənar seçilən Milli Məclisin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, hazırki çağırış parlamentin fəaliyyətinin beşinci ili 10 fevral 2024-cü ildən etibarən başlayır və Konstitusiyanın 98-ci maddəsinə əsasən ölkədə növbəti parlament seçkiləri ən geci  2024-cü ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.

Analiz
  • 26 Oktyabr, 2023
  • 4305

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə