logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Azərbaycan Dağlıq Qarabağ ərazisinə effektiv nəzarət edə bilirmi?

Azərbaycan Dağlıq Qarabağ ərazisinə effektiv nəzarət edə bilirmi?

23 aprel 2023-cü ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Azərbaycan-Ermənistan sərhəddində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. 26 apreldə isə həmin məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub.

 

Yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi 

Həmin günlərdə həm Azərbaycan mediasında, həm də ictimai şəxslərin açıqlamasında Azərbaycanın ərazi bütövlüyübü bərpa etdiyi bildirilib. Məsələn, “Baku TV” hazırladığı video reportajı “Azərbaycan ərazi bütövlüyünü bərpa etdi” başlığı ilə dərc edib.

Skrinşot “Baku TV”nin “YouTube” kanalından götürülüb

Milli Məclisin deputatı Hikmət Babaoğlu da aprelin 26-da öz feysbuk  hesabında “Milli qürurumuzun ən yeni tablosu, ərazi bütövlüyümüz tam bərpa  edildi!” deyə açıqlama verib.

Deputat Hikmət Babaoğlunun sosial media paylaşımı

Bəs Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə nəzarət baxımından hansı dəyişikliklərə səbəb olacaq?

“Fakt Yoxla” bu mövzunu araşdırmaq qərarına gəlib.

Azərbaycan Xarici İşlər Nazirliyi Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatında bildirir ki, Azərbaycan hökuməti, Azərbaycan və Ermənistan arasında sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında həmin yola nəzarət etməyə başlayıb.

Həmçinin bəyanatda qeyd olunub ki, bu nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.

Beynəlxalq Böhran Qrupunun 2005-ci ildə dərc etdiyi məlumatda qeyd edilir ki, Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 13,4%-i (11,722 kvadrat kilometr) işğal edilib. Həmin əraziyə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisinin 92.5%-i, Dağlıq Qarabağın ətrafında olan beş rayon və daha iki rayonun böyük bir hissəsi daxil idi. Başqa sözlə həmin ərazilərə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Xocalı, Şuşa, Xankəndi daxil idi. Bundan başqa, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də işğal edilmiş ərazilərdəndir. 

İkinci Qarabağ müharibəsinin və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtləri əsasında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları, Şuşa şəhəri işğaldan azad edildi. Xocavənd rayonunun Xocavənd şəhəri, 47 kəndi və 1 qəsəbəsi (Qırmızı Bazar) Azərbaycanın nəzarəti altında deyil.

Xocalı rayonunun Xocalı şəhəri, Əsgəran qəsəbəsi və 43 kənd separatçıların idarəsi altındadır. Həmçinin Ağdərə şəhəri və keçmiş Ağdərə rayonuna aid olan bir sıra kəndlər, Qazax rayonunun 7 və Naxçıvan MR-nın 1 kəndi də Azərbaycan hakimiyyətinin nəzarəti xaricindədir. 

Separatçıların nəzarəti altında qalan ərazilər təxminən 3170 kv. km, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi isə təxminən 54,4 kv. km.-dir. Yəni, Azərbaycanın 86,6 min kv. km ərazisinin 3224,4 kv. km.-nin bütövlüyü təmin olunmayıb.  

Üçtərəfli bəyanata əsasən, keçmiş Dağlıq Qarabağa aid Azərbaycan Respublikasının nəzarəti olmayan ərazilərində Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Prezident İlham Əliyevin açıqlamasına əsasən, Azərbaycan höküməti tanınmayan Dağlıq Qarabağın muxtar region statusu haqqında razılığa gəlməyib. O bildirib ki, beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.

10 dekabr 2021-ci il tarixində separatçı “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Arayik Harutyunyan ictimaiyyətə müraciətində “Dağlıq Qarabağ Respublikası”nın müstəqil olduğunu iddia edib. Bu açıqlamanın müəllifinin Azərbaycan yurisdiksiyasına tabe olmaması Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin tamamının (separatçıların nəzarətində qalan hissə) üzərində nəzarət etməsi fikri ilə ziddiyət təşkil edir.

Bundan əlavə Azərbaycan vətəndaşları sərbəst şəkildə Rusiya sülhməramlılarının nəzarətində olan bölgəyə səfər edə bilmirlər. Həmçinin,  

Artsax ordusu” adlandırılan seperatçı hərbi birləşmələr, o cümlədən Ermənistana aid hərbi qüvvələr hələ də bölgəni tərk etməyib. 

Bundan əlavə qeyd etmək lazımdır ki, Ermənistan Prezidenti Nikol Paşinyan 17 may 2023 tarixində Reykyavikdə keçirilən 4-cü Avropa Şurası Sammiti zamanı elan edib ki, Ermənistan Azərbaycanın 86.6 kv.km ərazisini tanımağa hazırdır. O həmçinin əlavə edib ki, Dağlıq Qarabağda yaşayan ermənilərin haqları və təhlükəsizliyi Bakı-Stepanakert (Xankəndi) formatında müzakirə edilməlidir. Amma hələlik bununla bağlı rəsmi sənəd imzalanmayıb. Hər halda, Azərbaycanın ərazi bütövlüyü Ermənistan Prezidenti tərəfindən şifahi olaraq tanınsa da, yuxarıda sadaladığımız səbəblərə görə Azərbaycan Dağlıq Qarabağ regionuna hələ də effektiv nəzarət edə bilmir. 

Beləliklə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qursa da Dağlıq Qarabağ regionuna tam nəzarət edə bilmir. Belə ki, orada hələ də separatçı Dağlıq Qarabağ bürokratiyası və silahlı birləşməsi mövcuddur və 10 noyabr bəyanatına baxmayaraq 10 min silahlı erməni birləşməsi ərazidən çəkilməyib. Bundan əlavə separatçı “Dağlıq Qarabağ Respublikası” hələ də müstəqilliyə iddia edir. 

 

“facebook.com”, Hikmət Babaoğlunun feysbuk paylaşımı

“dsx.gov.az”, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı (26.04.2023)

“dsx.gov.az”, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı (23.04.2023)

“youtube.com”, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi - BAKU TV

“mfa.gov.az”, No:220/23, Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanat

“faktyoxla.info”, Çingiz Qənizadə:  “...Torpaqlarımız Ermənistanın işğalından tamamilə azad edildi”

“president.az”, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı

“artsakh.news”, Arayik Harutyunyan: THe international recegniton of the independence of the Republic of the Arstakh on the basis of the right to self-determination is our main and uncompromising goal

“radar.am”,  It is necessary to send an international fact-finding mission to NK and Lachin Corridor. Prime Minister (VIDEO)

“arka.am”, Pashinyan: Armenia recognizes Azerbaijan's territorial integrity of 86,600 square kilometers

“eurasiantimes.com”, Armenia ‘Ready To Recognize’ Karabakh As The Territory Of Azerbaijan, Armenian PM Pashinyan Hints At Ending War

“nkrmil.am”, News

“president.az”, İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi

“qazax-ih.gov.az”, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün  nəticələri barədə  MƏLUMAT

“azertag.az”, Erməni işğalına məruz qalan ilk yurd yerimiz - Kərki kəndi

“bbc.com”, Nagorno-Karabakh profile

 

Analiz
  • 27 May, 2023
  • 519

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə