logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

ABŞ 30 ildir hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınlarla bağlı susub?

ABŞ 30 ildir hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınlarla bağlı susub?

Xəbərin qısa icmalı

  • 1999-cu ildə dərc olunan Dövlət Departamentinin “İnsan hüquqları vəziyyətinə dair” hesabatında qeyd olunub ki, evlərinə qayıda bilməyən 800 min azərbaycanlı qaçqın və məcburi köçkün var.
  • 2019-cu ildə dərc olunan “İnsan hüquqları vəziyyətinə dair” hesabatda qeyd edilib ki, Azərbaycanda 651 mindən çox məcburi köçkün var, onların işsizlik səviyyəsi ölkə üzrə orta göstəricidən yüksəkdir.
  • ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Ümumdünya Qaçqınlar Günündə bildirib ki, ABŞ 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan çox yardım edib.
  • ABŞ-ın məcburi köçkünlərlə bağlı həyata keçirdiyi müxtəlif layihələrə məktəblərin tikilməsi və təmiri, gənclərin inkişafı proqramları, məcburi köçkün icmalarına ingilis dili, humanitar minatəmizləmə proqramları daxildir. 
  • ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağ müharibəsi ilə bağlı 822, 853, 874, 884 nömrəli 4 qətnaməsinin lehinə səs verib. 
  •  

“Əgər ABŞ-ı məhz Cənubi Qafqazda insan haqları maraqlandırırsa, 30 il ərzində təməl hüquqlarından məhrum olan bir milyondan artıq Qarabağ və Şərqi Zəngəzur sakininin səsini dinləsin, yaxud Qərbi Azərbaycandan didərgin salınan 300 mindən artıq soydaşımızın haqlarından başlasın. Lakin səfirlik bu məsələlərdə görməyən, eşitməyən lal müqəvvaya çevrilir”. 

Bunu “Oxu.az”-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib.

Bəs ABŞ Qarabağ, Şərqi Zəngəzur və Qərbi Azərbaycandan (indiki Ermənistan) qaçqın və məcburi köçkün düşən insanlar haqqında mövqe sərgiləyibmi?

“Fakt Yoxla” bu iddianı araşdırıb.

Qaçqın və məcburi köçkün anlayışları haqqında.

Məcburi miqrasiyanın hüquqi çərçivədə verilən anlayışlarına görə, Qarabağ və Şərqi Zəngəzur ərazilərindən didərgin düşən insanlar məcburi köçkünlər, Ermənistan Respublikası ərazisindən (iddiada Qərbi Azərbaycan) Azərbaycana köç edən etnik azərbaycanlılar isə qaçqınlar olaraq qəbul edilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) 2016-cı ildəki məlumatına əsasən, Azərbaycanda təxminən 613 min məcburi köçkün mövcuddur (səh.5).

1998-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən Ermənistandan gələn qaçqınlara kütləvi şəkildə Azərbaycan vətəndaşlığı verilib. BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasında qeyd edilib ki, yeni vətəndaşlıq əldə etdikdə və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etdikdə şəxsə qaçqınlıq statusu şamil edilmir. Azərbaycan bu konvensiyaya 1992-ci ildə qoşulub.

Məhz yuxarıda qeyd edilən qanunun nəticəsidir ki, BMT QAK 1999-cu ildə Ermənistandan qaçqın düşənlərinin sayını 188 min 400 nəfər qeyd etsə də, təşkilat artıq 2000-ci ildən başlayaraq Ermənistandan qaçqın düşənləri Azərbaycanadakı qaçqınların sayını statistikasına daxil etmir (səh.28). 

ABŞ-ın qaçqınlar və məcburi köçkünlərlə bağlı mövqeyi

ABŞ-ın qaçqın və məcburi köçkünlərlə bağlı mövqeyi 1999-cu ildən indiki vaxta qədər hər il dərc olunan Dövlət Departamentinin “İnsan hüquqları vəziyyətinə dair” hesabatlarında öz əksini tapıb. 

Məsələn, 1999-cu ildə dərc olunan hesabatda qeyd edilib ki, evlərinə qayıda bilməyən 800 min azərbaycanlı qaçqın və məcburi köçkün var.

2019-cu ildə dərc olunan hesabatda məcburi köçkünlər haqqında məlumatlar öz əksini tapmış, 651 mindən çox məcburi köçkün olduğu vurğulanmış, onların işsizlik səviyyəsinin ölkə üzrə orta göstəricidən yüksək olduğu qeyd edilmişdi. 

2013-cü ildə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə müsahibəsində bildirmişdi ki, qaçqınların və məcburi köçkünlərin yeganə arzusu doğma yurd-yuvalarına qayıtmaqdır. O 1990-ci illərdə məcburi köçkünlərin şəraiti yaxşı olmadığını qeyd etmişdi. “Amma qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları vacibdir” – deyə ABŞ səfiri bildirmişdi.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger 2022-ci ildə Ümumdünya Qaçqınlar Günü münasibəti ilə bəyanat yayımlayıb. O bildirib ki, ABŞ 1992-ci ildən bəri Azərbaycanda məcburi köçkünlərə 125 milyon dollardan çox yardım edib və ölkəsi bu icmaya dəstək vermək öhdəliyinə sadiq qalır.

ABŞ məcburi köçkünlərlə bağlı həyata keçirdiyi müxtəlif layihələrə məktəblərin tikilməsi və təmiri, gənclərin inkişafı proqramları, məcburi köçkün icmalarına ingilis dili, humanitar minatəmizləmə proqramları daxildir. 

Daimi üzv olaraq ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağ müharibəsi ilə bağlı 822, 853, 874, 884 nömrəli 4 qətnaməsinin lehinə səs verib. 

Bu qətnamələrə əsasən erməni silahlı birləşmələrinin işğal etdikləri ərazilərdən didərgin düşmüş əhali öz yerlərinə qaytarılmalı idi. ABŞ-ın bu qətnamələrin qəbulu istiqamətində lehinə səsi, məcburi köçkünlərin öz ərazilərinə qayıtması hüququnu dəstəklədiyini göstərir. 

Həmsədr dövlətlərindən birinin ABŞ olduğu ATƏT-in Minsk Qrupunun 2007-ci ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Madrid prinsip”lərində Ermənistan və qondarma “Dağlıq Qarabağ silahlı qüvvələri”nin Dağlıq Qarabağ ətrafında işğal etdiyi ərazilərdən deportasiya olunmuş əhalinin öz yerlərinə qayıtması vurğulanıb. Başqa sözlə, bu da ABŞ-ın məcburi köçkünlərin öz ərazilərinə qayıtmalı olduğuna dair rəsmi bəyanıdır.

ABŞ-ın Dövlət Departamenti, Müdafiə və Kənd Təsərrüfatı nazirlikləri, ayrı-ayrı donor təşkilatlar tərəfindən 1992-2010-cu illərdə ayrılmış vəsait hesabına qaçqınlara və məcburi köçkünlər üçün ərzaq, qeyri-ərzaq yardımı, səhiyyə xidməti, təhsil müəssisələrinin əsaslı təmiri, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, mikro kreditlərin paylanması və başqamüxtəlif layihələr həyata keçirilib.

2021-ci ildə BMT-nin Qaçqınlar üzrə Agentliyi bildirib ki, ABŞ BMT QAK-ın Azərbaycandakı proqramlarının ən böyük donorudur.

Beləliklə, yuxarıdakı məlumatlardan da göründüyü kimi, ABŞ münaqişə nəticəsində didərgin düşmüş məcburi köçkünlərlə və qaçqınlarla bağlı açıqlamalar və bəyanatlar verib, həmçinin bu qrupdan olan əhaliyə müxtəlif yardımlar edib. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputatın iddiası yanlışdır.

“oxu.az”, “Qrant hesabına istənilən tapşırığı yerinə yetirənlər ABŞ-nin ən yaxşı alətləridir” - ŞƏRH + FOTO

“columbia.edu”, Definitions

“icmpd.org”, Azərbaycanda miqrasiya vəziyyətinə dair tədqiqat

“e-qanun.az”, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“amerikaninsesi.org”, Li Litzenberger: ABŞ Azərbaycanda məcburi köçkünlərə $125 milyon dollardan çox yardım edib

“azerbaijan.un.org”, BMT QAK Azərbaycandakı proqramlarına ABŞ-ın dəstəyini alqışlayır

“idp.gov.az”, Amerika Birləşmiş Ştatları

“idp.gov.az”, ABŞ səfiri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdur

“azadliq.org”, «Madrid prinsipləri» nə deməkdir?

 “digitallibrary.un.org”, Security Council resolution 822 (1993) [on the conflict between Armenia and Azerbaijan]

 “digitallibrary.un.org”, Resolution 853 (1993) / adopted by the Security Council at its 3259th meeting, on 29 July 1993.

 “digitallibrary.un.org”, Security Council resolution 874 (1993) [on settlement of the conflict in and around Nagorny Karabakh]

 “digitallibrary.un.org”, Security Council resolution 884 (1993) [on the conflict in and around Nagorny Karabakh]

 “migration.gov.az”, Qaçqınların statusu haqqında Konvensiya

“e-qanun.az”, Azərbaycan Respublikasının BMT-nin Qaçqınların statusuna dair konvensiyasına və protokoluna qoşulması barədə AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 “tile.loc.gov”, Armenia, Azerbaijan, and Georgiacountry studies

 “1997-2001.state.gov”, 1999 Country Reports on Human Rights Practices Released by the Bureau of Democracy, Human Rights, and Labor U.S. Department of State, February 25, 2000

 “az.usembassy.gov”, 2019-Cİ İLDƏ AZƏRBAYCANDA İNSAN HÜQUQLARİNA DAİR HESABAT

Yanlış
  • 29 Avqust, 2023
  • 249

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə