logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Mehman Əliyev: “1992-ci ildə 2-3 həftə ərzində seçki keçirilib”

Mehman Əliyev: “1992-ci ildə 2-3 həftə ərzində seçki keçirilib”

Xəbərin qısa icmalı

-“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, Azərbaycanda 1992-ci il iyunun 7-də keçirilən seçkilərin kampaniya müddəti 2-3 həftə olub. 

- Ayaz Mütəllibov 1992-ci il martın 6-da Azərbaycan Respublikası prezidentliyindən istefa verib. Bundan sonra Azərbaycan Respublikası Ali Soveti 1992-ci il martın 25-də 1992-ci il 7 iyun tarixində Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi barədə qərar qəbul edib

Prezident seçkilərinə 1 aydan az qalmış müddətdə mayın 14-də ölkədəki siyasi vəziyyətdə qarışıqlıq yaranıb. Ayaz Mütəllibov mayın 14-də yenidən vəzifəsinə qayıdır

- 16 mayda Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası deputat komissiyasının rəyini əsas tutaraq 14 mayda verilən qərarların Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 121-7- ci maddəsinin tələblərinə zidd olduğundan hüquqi qüvvəsi olmadığını, həmçinin Azərbaycan Respublikası Prezidentinin istefa verməsi barədə Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 6 mart tarixli qərarının və Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi barədə Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 25 mart tarixli qərarının qüvvədə olduğunu təsdiq edib.

“Azərbaycanda demokratik seçkilər heç vaxt olmayıb. Əgər biz o seçkilərdən danışırıqsa, Xalq Cəbhəsi hakimiyyətə gəldi mayın 15-i. Seçki isə iyunun 7-si idi. Yəni 2-3 həftə ərzində seçki keçirilib. Biz indi gileylənirik ki, seçki kampaniyası çox qısa müddətdə keçirilir, imkanlar yoxdur və s...O zaman heç nə yox idi. Çox qısa müddətdə seçki kampaniyası keçirmək nə qədər demokratik ola bilərdi?!”

Bunu “Toplum TV”-nin “Labirint” verilişində danışarkən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.

Bəs 1992-ci il iyunun 7-də keçirilən seçkilərin kampaniya müddətinin 2-3 həftə olması iddiası həqiqətə uyğundurmu?

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

Ayaz Mütəllibov 1992-ci il martın 6-da Azərbaycan Respublikası prezidentliyindən istefa verib. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyasının 121-7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidenti bu və ya digər səbəblərə görə öz vəzifələrini icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək onun səlahiyyətləri Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidentinin seçkiləri üç ay müddətində keçirilməlidir. Nəticədə, 6 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarlarına əsasən, Ayaz Mütəllibovun istefası qəbul edilib və Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək onun səlahiyyəti Ali Sovetin sədri Yaqub Cavad oğlu Məmmədova keçib.

Bundan sonra Azərbaycan Respublikası Ali Soveti 1992-ci il martın 25-də 1992-ci il 7 iyun tarixində Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi barədə qərar qəbul edib (səh. 67). Başqa sözlə Azərbaycanda Prezident seçkiləri həmin vaxt qüvvədə olan qanuna və Konstitusiyaya uyğun olaraq Prezidentin istefasından 93 gün sonraya təyin edilib.

Həmin vaxt qüvvədə olan “Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında” Qanunun 6-cı maddəsində bildirilib ki, Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin göstərilməsi seçkilərə altmış gün qalmış başlayır və qırx beş gün qalmış başa çatır. 8-ci maddədə bildirilib ki, Mərkəzi Seçki Komissiyası namizəd göstərilənləri seçkiyə ən geci qırx gün qalmış qeydə alır.

9-cü maddədə isə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentliyinə namizədlər qeydə alındıqları andan etibarən bərabər əsaslarla seçkiqabağı kampaniyada iştirak edirlər. Yəni, namizədlərin qeydə alınması ilə onların seçkiqabağı kampaniya müddəti də rəsmən başlayıb.

9 aprel 1992-ci ildə AXC Ali Məclisinin fövqəladə sessiyasında Əbülfəz Elçibəy prezidentliyə rəsmən namizəd göstərilib (səh.226). Bu isə səsvermədən 59 gün öncəyə təsadüf edir. Namizədliyi qeydə alındıqdan sonra Elçibəy seçkiöncəsi kampaniyaya başlayıb. Məsələn, aprelin 24-də prezidentliyə namizəd Elçibəy Xarici Dillər İnstitutunda seçicilərlə görüşüb. Aprelin 27-də AXC Azadlıq Meydanında mitinq keçirib. (səh. 227)

1992-ci il aprelin 27-də Mərkəzi Seçki Komissiyasının üzvü Çingiz Qəniyev bildirib ki, prezident seçkisinə ümumilikdə 7 namizəd qeydə alınıb (səh.227). Başqa sözlə, seçkiyə 42 gün qalmış prezident seçkilərinə namizədlər bəlli olub. Qeyd edək ki, sonradan 2 nəfər namizədliyini geri götürüb.

Prezident seçkilərinə 1 aydan az qalmış müddətdə mayın 14-də ölkədəki siyasi vəziyyətdə qarışıqlıq yaranıb. Ayaz Mütəllibov mayın 14-də yenidən vəzifəsinə qayıdır.  Belə ki, həmin gün Ali Sovet onun istefasının qəbul edilməsi ilə bağlı öz qərarını ləğv edir və onu mayın 14-də yenidən prezident vəzifəsinə qaytarır. Amma Mütəllibov bir gün sonra Azərbaycanı tərk edir. 

Bu zaman 14 may tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovun imzası ilə Ayaz Mütəllibovun istefa verməsi barəsində Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 6 mart tarixli qərarı etibarsız hesab olunması və “Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 25 mart tarixli qərarının qüvvəsini itirmiş hesab edilməsi barəsində 2 qərar imzalanıb.

Bundan sonra Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il mayın 14-də keçirilmiş sessiyasının qərarlarının (yuxarıdakı) qəbul  edilməsinin qanunauyğunluğunu araşdırmaq üçün Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının deputat komissiyası işə başlayıb. 15 mayda tarixində komissiya mayın 14-də verilən 2 qərar haqqında rəyini açıqlayıb

Rəydə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin istefa verməsi barədə Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 6 mart tarixli qərarının etibarsız hesab edilməsi haqqında və “Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin  1992-ci  il 25 mart tarixli qərarının qüvvəsini itirmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 14 may tarixli qərarları Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinin tələblərinə zidd olduğundan hüquqi qüvvəyə malik deyil.

“Bununla əlaqədar 1992-ci il martın 6-da Azərbaycan Respublikası Prezidentinin istefası qəbul edildikdən sonra həmin maddə fəaliyyətə başlamış və Konstitusiyada bu mexanizmin dayandırılması nəzərdə tutulmamışdır. Buna görə də Prezident seçkiləri mütləq keçirilməlidir və bunu dəyişdirməyə Ali Sovetin səlahiyyəti yoxdur” – komissiyanın rəyində vurğulanıb.

16 mayda Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası deputat komissiyasının rəyini əsas tutaraq 14 mayda verilən qərarların Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 121-7- ci maddəsinin tələblərinə zidd olduğundan hüquqi qüvvəsi olmadığını, həmçinin Azərbaycan Respublikası Prezidentinin istefa verməsi barədə Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 6 mart tarixli qərarının və Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi barədə Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 25 mart tarixli qərarının qüvvədə olduğunu təsdiq edib.

Nəticədə iyunun 7-də prezident seçkiləri keçirilib, Əbülfəz Elçibəy 5 namizəd arasından ən çox səs toplayaraq prezident seçilib. ATƏT-in (həmin vaxtı ATƏM) dərc etdiyi sənəddə də qeyd olunub ki, beynəlxalq müşahidəçilərin çoxuna görə, seçkilər, əsasən, azad, ədalətli və demokratik şəraitdə keçirilib.

Beləliklə, 1992-ci il 7 iyunda keçirilən prezident seçkisi 2-3 həftə ərzində deyil, qanunauyğun olaraq prezidentin istefasından 3 ay sonraya təyin edilib, prezident seçkilərinin dəqiq tarixi isə  əvvəlcədən məlum olub. Prezidentliyə namizədlər isə qanunauyğun olaraq seçkidən 40 gün öncə rəsmən məlum olub və qanuna görə namizədlərin qeydə alınması ilə onların seçkiöncəsi kampaniya müddəti rəsmən başlayıb. Beynəlxalq müşahidəçilərin rəyinə görə seçkilər demokratik şəraitdə keçirilib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə Mehman Əliyevin iddiası yanlışdır.

“youtube.com”, Mehman Əliyev: Rusiya ilə partnyorluq Azərbaycanın xeyrinə işləyir

“academia.edu”, MUSA QASIMLI, BAHAR MURADOVA. AZƏRBAYCAN PARLAMENTARİZMİ TARİXİ 2 cilddə II cild

“Azadliq.org”, Azərbaycanın ilk prezidenti vəfat edib

“e-qanun.az”, Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək onun səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədrinə keçməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

“e-qanun.az”, Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının deputat komissiyasının rəyi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ  MİLLİ ŞURASININ QƏRARI

“e-qanun.az”, Azərbaycan Respublikasının Prezidenti Ayaz Niyazi oğlu Mütəllibovun istefa verməsi barədə ərizəsinə baxılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN Q Ə R A R I

“e-qanun.az”, Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

“e-qanun.az”, Azərbaycan Respublikası Prezidenti Ayaz Niyazi oğlu Mütəllibovun istefa verməsi barəsində Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 6 mart tarixli qərarı haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

“e-qanun.az”, “Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 25 mart tarixli qərarı barədə AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

“e-qanun.az”, Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il mayın  14-də keçirilmiş  sessiyasının   qərarlarının  qəbul  edilməsinin qanunauyğunluğunu öyrənən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının deputat komissiyasının RƏYİ

“e-qanun.az”, Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il mayın 14-də keçirilmiş sessiyasının qərarlarının qanunauyğunluğu haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ MİLLİ ŞURASININ QƏRARI

 “csce.gov”, PRESIDENTIAL ELECTION IN AZERBAIJAN

“e-qanun.az”, Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“scribd.com”, Meydan Gundeliyi 2ci Hisse

Yanlış
  • 12 Dekabr, 2023
  • 3518

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə