logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Ədalət Vəliyev: “Qələbə Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin həlli deməkdir”

Ədalət Vəliyev: “Qələbə Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin həlli deməkdir”

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib ki, İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbə Azərbaycanın qaçqın və məcburi köçkün problemini həll edəcək.

“Vətən Müharibəsində əldə olunmuş qələbə eyni zamanda Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin həlli deməkdir”,– deyə o, vurğulayıb.

“Fakt Yoxla” Ədalət Vəliyevin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna görə, qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayan, müxtəlif səbəblər üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən, məcburi köçkün isə Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsindən sonra Azərbaycanda toplam 1 176 776 nəfər qaçqın və məcburi köçkün var. Bunun 350 000 nəfəri Ermənistandan olan qaçqın, 716 054 nəfəri işğal edilmiş ərazilərdən məcburi köçkün düşənlər, 110 612 nəfəri isə Ermənistanla sərhəd və işğal edilmiş ərazilərə bitişik bölgələrdən köçürülmüş şəxslərdir. Bununla yanaşı 1990-cı illərin əvvəllərində Özbəkistandan Fərqanə hadisələri zamanı didərgin düşən 50 000 Mesheti türkü də Azərbaycana sığınıb.

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunda qeyd olunub ki, Azərbaycan vətəndaşlığı alan qaçqınlar qaçqın statuslarını itirirlər. Bu isə o deməkdir ki, həmin şəxslər artıq qaçqın sayılmırlar.

Ermənistandan köçürülmüş qaçqınlara və Mesheti türklərinə 1999-cu ildə Azərbaycan vətəndaşlığı verilib. Bundan sonra onların adları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının siyahısından çıxarılıb

Məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlara geri qaytarılması ilə bağlı 34 beynəlxalq təşkilat, 12 müxtəlif dövlət qurumu və qeyri-hökumət təşkilatının rəy və təklifləri ilə hazırlanan “Böyük Qayıdış” proqramı var.

Bu proqramda “Böyük sülh” sazişi imzalanandan sonra ərazidə minadan təmizləmə əməliyyatları, rayonlara dəymiş ziyanın və aparılacaq bərpa işlərinin yenidən qiymətləndirilməsi, infrastrukturun bərpası, yeni qəsəbələrin tikintisi, məcburi köçkünlərin qaytarılması və yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Həmçinin qeyd olunur ki, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndi və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsində proqramda nəzərdə tutulmuş tədbirlər artıq həyata keçirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qaçqın probleminin davamlı həlli üçün 3 çözüm yolu təklif edir:

1. Könüllü repatriasiya (vətənə qayıdış);

2. Yerli inteqrasiya;

3. Üçüncü ölkəyə yerləşdirmə.

Yuxarıda Azərbaycandakı qaçqınlara vətəndaşlıq statusu verildiyini, beləliklə də onların qaçqın statusunu itirdiyini qeyd etmişdik. Amma qanunvericiliyə görə, onlara vətəndaşlıq verilsə də, tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirməyiblər.

Həmin qaçqınlar ötən müddət ərzində yerli cəmiyyətə inteqrasiya olunublar. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında bildirilir ki, Azərbaycandakı qaçqın və məcburi köçkünlər heç bir halda cəmiyyət tərəfindən diskriminasiyaya məruz qalmırlar. Belə olan halda onların üçüncü bir ölkəyə yerləşdirilməsi gündəmdən düşmüş olur.

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatına əsasən, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qaytarılacaq. 

Ancaq bunun nə vaxt baş verəcəyi və mexnizmi, eləcə də hələ ki separatçı rejimin nəzarəti altında qalan ərazilərə qayıdışın necə reallaşdırılacağı aydın deyil. Bununla yanaşı, İkinci Qarabağ Müharibəsində əldə edilmiş qələbə sayəsində işğaldan tamamilə və ya bir qismi azad olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Şuşa, Kəlbəcər, Ağdam və Laçın rayonlarına toplam 680 min məcburi köçkünün geri qayıtması gözlənilir.

Beləliklə, Ədalət Vəliyevin iddiasının məcburi köçkünlərlə bağlı hissəsində doğruluq payı var. Onun qaçqın adlandırdığı şəxsləri nə mövcud qanunvericilik, nə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qaçqın hesab edir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Ədalət Vəliyevin iddiası yarı doğrudur.

Yarı doğru
  • 6 Yanvar, 2021
  • 4757

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə