logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputat: “Dağlıq Qarabağ dünyanın ən hərbiləşdirilmiş ərazisi idi”

Deputat: “Dağlıq Qarabağ dünyanın ən hərbiləşdirilmiş ərazisi idi”

Deputat Hikmət Məmmədov (Babaoğlu) avqustun 26-da “Tv Musavatda” REAL Partiyasının sədri İlqar Məmmədovla debat zamanı məcburi köçkünlərin geri qaytarılması prosesinin ləngiməsini mina təhlükəsi ilə əsaslandırıb. 

Azərbaycan ordusunun Laçına yerləşdiyi gün təşkil olunan debatda deputat öz mövqeyini gücləndirmək üçün deyib ki, Dağlıq Qarabağ dünyanın ən hərbiləşdirilmiş ərazisi olub.

“Dağlıq Qarabağ ərazisi dünyanın ən militarizə edilmiş ərazisi idi. Bütün statistikalarda və beynəlxalq hesabatlarda belə çıxır”, – deyə Babaoğlu vurğulayıb. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Hərbiləşdirilmiş zona dedikdə silahlandırılmış əsgərlə təmin edilmiş ərazi başa düşülür. “Guinnesin rekordlar kitabı”nın 2011-ci ildə dərc etdiyi rekorda görə, dünyada adambaşına düşən hərbçilərin sayına görə ən çox hərbiləşdirilmiş ölkə Şimalı Koreyadır. Amma deputatın iddiası ölkələrə yönəlik olmadığından araşdırmanın miqyası konflikt zonaları ilə məhdudlaşdırılıb.

Böyük Britaniya hərbi qüvvələrinin əsas ali təhsil ocağı olan Birləşmiş Krallığın Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Təkmil Araşdırma və Dəyərləndirmə Qrupunun 2008-ci ildə dərc etdiyi hesabata görə, separatçı Dağlıq Qarabağ Respublikasında əsgər və zabitlərin sayı 18-20 min nəfər təşkil edib. Araşdırma qrupunun yazdığına görə, hərbçilərin 8 min 500-ü Qarabağdan olub, qalan 10 min nəfər isə Ermənistandan gətirilib. 

Separatçı respublikanın saytında Dağlıq Qarabağın sahəsi 11 500 kv.km, əhalisinin sayı 145 min nəfər göstərilib. Bu hesabla ərazidə hər 10 mülki şəxsə 1.2-1.4 əsgər, hər kvadrat kilometrə 1.6-1.7 əsgər düşüb. Bəs, bu faktlar Dağlıq Qarabağın ən hərbiləşdirilmiş ərazi olduğunu deməyə əsas verirmi? 

“Ümumdünya Faktlar Kitabı” dünyada baş verən bütün münaqişə zonaları haqqında araşdırma dərc edib. Qarabağ münaqişəsinin də yer aldığı yazıda göstərilib ki, Kəşmir dünyanın ən böyük və ən hərbiləşdirilmiş münaqişə zonasıdır. 2013-cü ildə ”Guinnesin rekordlar kitabı” da Kəşmirin ən hərbiləşdirilmiş münaqişə zonası olduğunu elan edib. “Forbes”-in 2016-cı ildə dərc olunan araşdırmasında, “SBS World News”un 2019-cu ildə dərc etdiyi məqalədə də eyni iddia vurğulanıb.

2004-cü ildəki hesablamaya görə, ağır münaqişə zonalarından olan Kəşmirdə 700 minə qədər əsgər yerləşdirilib. Burada hər kvadrat milə təxminən 57 əsgər, hər on mülki şəxsə isə təxminən bir əsgər düşüb. Başqa sözlə, Kəşmirdə hər kvadrat kilometrə 31 əsgər, hər 10 mülki şəxsə isə təxminən bir əsgər düşür. 

Dağlıq Qarabağda adambaşına düşən əsgər sayı Kəşmirdə olduğundan bir qədər çox olsa da, əraziyə düşən əsgər sayı Kəşmirlə müqayisədə 15 dəfə azdır. Həmçinin Kəşmirdə yerləşdirilən ümumi əsgər sayı Dağlıq Qarabağda olduğundan 35 dəfə çoxdur. 

“Fakt Yoxla”nın nəzərdən keçirdiyi hesabatlardan ancaq Təkmil Araşdırma və Dəyərləndirmə Qrupunun 2008-ci ildə hazırladığı araşdırmasında Dağlıq Qarabağ əhalisinin hər 1000 nəfərinə 65 hərbçi düşdüyünü, bunun isə Cənubi Qafqazda ən yüksək göstərici olduğu vurğulanıb. 

Nəticə

Beləliklə, ötən dövr ərzində dərc olunan məqalə və araşdırmalarda dünyanın ən hərbiləşdirilmiş ərazisinin Kəşmir olduğu vurğulanıb. Yalnız Böyük Britaniya hərbi qüvvələrinin əsas ali təhsil ocağı olan Birləşmiş Krallığın Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Təkmil Araşdırma və Dəyərləndirmə Qrupunun hesabatında Qağlıq Qarabağda adambaşına düşən hərbçilərin sayının Cənubi Qafqazda ən yüksək göstərici olduğu yazılıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Hikmət Babaoğlunun iddiası faktlarla manipulyasiyadır. 

Faktlarla manipulyasiya
  • 31 Oktyabr, 2022
  • 3737

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə