Sosial mediada yayılan görüntülərdə Bakıda insanların Pakistanın Hindistan üzərində hərbi qələbəsini qeyd etdiyi iddia olunur. Əsasən Pakistanlı sosial media istifadəçiləri tərəfindən paylaşılmış görüntülərdə Bakı şəhərinin mərkəzində yerləşən Nizami küçəsində minlərlə insanın Pakistan və Azərbaycan bayraqları ilə toplaşaraq “Pakistan” şüarları səsləndirdiyi müşahidə olunur. İzləyicilərin bir hissəsi bu görüntülərin Hindistan üzərində qazanılmış son hərbi uğurla bağlı təşkil olunduğunu irəli sürüb.
Sözügedən görüntülər yalnız Pakistan ictimaiyyəti deyil, həm də azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən dəfələrlə paylaşılıb. “Azernews.az” saytında dərc olunan yazıda müəllif bu aksiyanın Pakistanın qələbəsi münasibətilə təşkil edildiyini yazıb. “Ayshan Aslan-Mammadli” adlı “X” istifadəçisi isə görüntüləri paylaşaraq “'Pakistan' şüarları Bakının qəlbində əks-səda verir” ifadəsinə yer verib. Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhədov da həmin görüntüləri şəxsi sosial media hesabında paylaşaraq sadəcə “qardaşlar” qeydini əlavə edib.
Skrinşotlar (1; 2) X platformasından götürülüb.
Səfir paylaşımın tarixi və konteksti barədə məlumat verməsə də, video kontekstdən xəbərsiz istifadəçilər arasında bu hadisənin yeni baş verdiyi və Pakistanın Hindistan üzərindəki mümkün hərbi uğuru ilə bağlı olduğu təsəvvürünü yaradıb.
“Fakt Yoxla” bu iddiaların həqiqiliyini yoxlamaq üçün görüntülərin mənşəyini araşdırıb.
Vizual araşdırma görüntülərin 2020-ci ildə Şuşanın azad olunması ilə bağlı Bakıda keçirilən bayram tədbirlərindən birinə aid olduğunu ortaya çıxarıb. Həmin dövrdə Bakıda on minlərlə insan küçələrə çıxaraq işğalda olan ərazilərin azad olunmasını qeyd etmiş, bu zaman Azərbaycanın yaxın müttəfiqlərindən biri kimi tanınan və müharibə dövründə açıq siyasi dəstək göstərən Pakistanın bayraqları da geniş şəkildə nümayiş etdirilmişdi. Hətta həmin vaxt "Pakistan", "Türkiyə" kimi şüarların da səsləndiyi bir çox görüntü yerli və beynəlxalq mediada geniş yayılmışdı.
Məsələn, araşdırmalar nəticəsində məlum olub ki, eyni görüntülər 5 il əvvəl — 2020-ci ildə Reddit sosial şəbəkəsində paylaşılmış və orada da eyni “Pakistan” şüarlarından bəhs olunmuşdu.
Skrinşot “Reddit” platformasından götürülüb.
Bu görüntülər daha sonra 9 noyabr 2020-ci il tarixində “Pakistan Defence” adlı Facebook səhifəsində də yayımlanıb. Bu da aydın şəkildə göstərir ki, hazırda sosial mediada yayılan video və fotolar yeni deyil və hazırkı siyasi və hərbi vəziyyətlə heç bir əlaqəsi yoxdur.
Skrinşot “Facebook” platformasından götürülüb.
Beləliklə, bu görüntülərin Pakistanın Hindistan üzərində hərbi qələbəsini qeyd etmək məqsədilə çəkildiyi iddiası doğru deyil. Əksinə, görüntülər 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ilə bağlı keçirilən rəsmi və qeyri-rəsmi tədbirlər çərçivəsində lentə alınıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə xəbər saxtadır.