logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Ermənistanlı xilasedicilərin zəlzələ bölgəsində oğurluq etməsi iddiası

Ermənistanlı xilasedicilərin zəlzələ bölgəsində oğurluq etməsi iddiası

Ötən həftə “milli.az” saytı yazıb ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq edən Arsen Qazaryan və Vahan Sürmalyan adlı xilasediciləri saxlayıb. 

Saytın yazdığına görə, Hatay prokurorluğunda hər iki şəxsə qarşı talan maddəsi ilə cinayət işi açıb. 

Skrinşot “milli.az” saytından götürülüb.

“Milli.az”la yanaşı “musavat.com”, “dia.az”, “globalinfo.az”, “news365.com” kimi xəbər portalları da eyni məlumatı paylaşıblar. 

“Dia.az” ermənistanlı xilasedicilərin saxlanıldığı haqqında məlumatın Türkiyənin “Anadolu” Agentliyi tərəfindən dərc olunduğunu bildirib. 

Azərbaycanda fəaliyyət göstərən saytlar İstanbulda nəşr olunan “Aqos” qəzetinin redaktoru Baqrat Estukyanın da məlumatı təsdiq etdiyini vurğulayıblar. 

“Fakt Yoxla” bu iddiaların doğru olub-olmadığını yoxlayıb. 

“Anadolu” Agentliyinin yazdığına görə, fevralın 6-da mərkəzi Kahramanmaraş şəhərində qeydə alınan zəlzələdən sonra Azərbaycan Türkiyəyə 37-si tibb işçisi olmaqla 725, Ermənistan 57 xilasedici heyəti göndərib

Ermənistandan olan heyətin üzvü Qarri Armağanyan “Anadolu” Agentliyinə açıqlamasında zəlzələdən iki gün sonra Qaziantep hava limanına endiklərini, 28-dək həmkarının Adıyaman şəhərinin müxtəlif bölgələrindərində xilasetmə işlərində iştirak ediyini bildirib. 

Amma agentliyin xəbər lentində ermənistanlı xilasedicilərin saxlandığına dair məlumata rast gəlinmir. 

“Sputnik Ermənistan”a açıqlama verən “Aqos” qəzetinin baş redaktoru Baqrat Estukyan Azərbaycan mediasında onun adından yayılan xəbərləri təkzib edib.

“Bu məlumat saxtadır. Mən heç kimə belə bir açıqlama verməmişəm. Bu məlumat həqiqətəuyğun deyil. Bu haqda ilk dəfədir ki, eşidirəm”, – deyə Estukyan açıqlayıb. 

Qeyd edək ki, Türkiyədə soyğun hallarına qarşı mübarizə Türkiyə Milli Kəşfiyyat Təşkilatının yox, Daxili İşlər Nazirliyininsəlahiyyətinə aiddir. 

Zəlzələ bölgəsində qarətə görə saxlanılan şəxslər olub. Türkiyə polisi fevralın 10-da Hatayda dağıntılar arasında oğurluğa cəhddə şübhəli bilinən 20-dək şəxsin nəzarət altına alındığına dair məlumat yaymışdı.  

Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu fevralın 15-də etdiyi çıxışında axtarış-xilasetmə qruplarının qarətlə məşğul olduğuna dair yayılan iddiaların dezinformasiya olduğunu deyib.

Ermənistanlı xilasedicilər fevralın 17-də ölkələrinə geri qayıdıblar

Onların dağıntılar arasından 3 yaralı şəxs, 10 cəsəd aşkarladıqları bildirilib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, ermənistanlı xilasedicilərin Türkiyənin zəlzələ bölgəsində qarətlə məşğul olduqlarına dair iddialar yalandır

Yalan
  • 22 Fevral, 2023
  • 1601

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə