logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

“Yeni Azərbaycan” qəzetinin Ermənistanla bağlı verdiyi göstəricilər doğrudur?

“Yeni Azərbaycan” qəzetinin Ermənistanla bağlı verdiyi göstəricilər doğrudur?

“Yeni Azərbaycan” qəzetində jurnalist Mübariz Abdullayevin yazdığı “Partiya sədrinin “yan” reallığı..” adlı yazıdaAzərbaycan və Ermənistanın iqtisadi göstəriciləri müqayisə edilib. Müqayisə aparmaq üçün müəllif hər iki ölkənin milli statistika komitələrinin təqdim etdiyi rəqəmlərə istinad etdiyini qeyd edib. Müəllif yazıda iddia edir ki, minimum əməkhaqqı Azərbaycanda 345 manat, Ermənistanda 68 min dram (296 AZN), orta aylıq pensiya Azərbaycanda 456 manat, Ermənistanda 36 min dram (229 AZN), minimum pensiya Azərbaycanda 280 manat, Ermənistanda 20 min dram (87 AZN), adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) Azərbaycanda 13 min 292 manat, Ermənistanda  2,3 milyon dram (8 min 062 AZN), adambaşına düşən büdcə xərcləri Azərbaycanda 3345 manat, Ermənistanda 663 min dram (2688 AZN), adambaşına düşən xarici borc Azərbaycanda 1115 manat, Ermənistanda 1 milyon 482 min dram (5146 AZN) təşkil edir.

“Fakt yoxla” Azərbaycan və Ermənistanın iqtisadi göstəriciləri ilə bağlı verilən rəqəmlərin doğru olub-olmadığını araşdırıb.

Qeyd edək ki, mətnin anlaşılan olması baxımından Ermənistana aid rəqəmlər Azərbaycan manatına konvertasiya edilib, tarix olaraq məqalənin dərc edildiyi 17 aprel 2023 tarixi əsas götürülüb. Konvertasiya üçün xe.com saytından istifadə edilib. Həmin tarixə əsasən 100 Ermənistan dramı 0,44 Azərbaycan manatına bərabər olub. 

Maaş və pensiyalar

Azərbaycanda minimum əmək haqqı 2023-cü il yanvarın 1-dən etibarən 345 manat təyin edilib. Ermənistanda isə minimum əmək haqqı yazıda iddia edildiyi kimi 296 manata deyil, bu ilin yanvarın 1-dən etibarən  330 manata bərabərdir.Beləliklə, hazırda Ermənistanda minimum əmək haqqı məbləği yazıda göstəriləndən 34 manat və ya 11% daha yüksəkdir.

Qeyd edilən yazıda pensiya məbləğləri həm minimum, həm də, orta aylıq məbləğə görə müqayisə edilsə də, əmək haqqı ilə bağlı sadəcə minimum məbləğlər müqayisə edilir. Orta aylıq əmək haqlarına isə toxunulmur. Rəsmi rəqəmlərdən aydın olur ki, Ermənistanda orta aylıq əmək haqqı məbləği Azərbaycana nəzərən daha yüksəkdir. Belə ki, sonuncu açıqlanan göstəriciyə görə, hazırda Azərbaycanda orta aylıq əmək haqqı məbləği 854.5 manata bərabərdir. Ermənistanda isə orta aylıq əmək haqqı məbləği 1100 manata bərabərdir. Başqa sözlə, Ermənistanda orta aylıq əmək haqqı Azərbaycanla müqayisədə 28% daha yüksəkdir. 

Pensiya məbləğləri ilə bağlı müqayisəyə gəldikdə isə, Azərbaycanda hazırda minimum pensiya məbləği 280 manatdır. Ermənistanda minimum pensiya məbləği yazıda göstərildiyi kimi, 87 manat yox, 136 manata bərabərdir. Bu, iddia edilən rəqəmdən 56% daha yüksəkdir. 

Məqalədə iddia edilir ki, Azərbaycanda orta aylıq pensiya 456 manatdır. Halbuki, 456 manat yaşa görə orta aylıq pensiyanının məbləğidir. Azərbaycanda orta aylıq pensiyanın məbləği isə 423 manata bərabərdir. Ermənistanda isə orta aylıq pensiya məbləği isə yazıda iddia edildiyi kimi 158 manata (36 min dram) yox 204 manata bərabərdir. Bu baxımdan, aydın olur ki, yazıda Ermənistanın orta aylıq pensiya məbləği manat olaraq daha aşağı göstərilib. 

Qeyd edək ki, məqalədə 36 min dram 229 manat olaraq göstərilsə də, əslində 158 manata bərabərdir. 

Makroiqtisadi göstəricilər

“Yeni Azərbaycan” qəzetində yayımlanan yazıda əmək haqqı və pensiya göstəriciləri ilə yanaşı, makroiqtisadi göstəricilər də müqayisə edilir. Məsələn, bildirilir ki, adambaşına düşən ÜDM Azərbaycanda 13 min 292 manat, Ermənistanda isə 8 min 062 manatdır. 2022-ci ildə Azərbaycanada adambaşına düşən ÜDM-i göstərən rəqəmlər doğrudur. Ermənistana gəldikdə isə, 2022-ci ildə adambaşına düşən ÜDM göstəricisi təqribən 12 min 591 manata bərabər olub. Bu isə, “Yeni Azərbaycan” qəzetinin iddia etdiyi göstəricidən 4529 manat daha yüksək göstərici deməkdir.

Büdcə xərclərinə gəldikdə, rəsmi rəqəmlərə görə, 2022-ci ildə Azərbaycanın büdcə xərcləri 32 milyard 8 milyon manata,əhalisi isə, 10 milyon 127 min nəfərə bərabər olub. Bu baxımdan, adambaşına düşən büdcə xərclərinin məbləği iddiada qeyd edilən məbləğə yaxındır: 3160 manat. Ermənistanda isə 2022-ci ildə büdcə xərcləmələrinin məbləği 2 trilyon 188 milyard drama, əhalisi 2 milyon 996 min nəfərə bərabər olub. Yəni, ölkədə adambaşına düşən büdcə xərclərinin məbləği təxminən 3212 manat deməkdir. Bu isə, qəzetin iddia etdiyi 2688 manatdan təxminən 500 manat və ya 18% yüksək göstərici deməkdir. Eyni zamanda, bu göstərici həm də onu bildirir ki, Azərbaycan və Ermənistanda adambaşına düşən xərc məbləği təxminən bərabərdir.

Xarici borcla bağlı iddiaya gəldikdə, Maliyyə Nazirliyinin məlumatına görə,  2023-cü il 1 yanvar tarixinə Azərbaycanda adambaşına düşən xarici borc məbləği yazıda göstərildiyi kimi, 1115 manata bərabərdir. Ermənistanda isə, 2022-ci ilin sonuna xarici dövlət borcunun məbləği yazıda qeyd edildiyi kimi 5146 manat yox, 3687 manat olub. Bu isə, yazıda qeyd edilən məbləğdən 1459 manat və ya 28% faiz aşağı göstəricidir.

Cədvəl: Azərbaycan və Ermənistanın iqtisadi göstəriciləri (manatla)

 

“Fakt yoxla”nın araşdırmasına görə, “Yeni Azərbaycan” qəzetinin Azərbaycan və Ermənistanın iqtisadi göstəricilərinin müqayisəsi ilə bağlı yazısında göstərilən hər altı istiqamət üzrə Azərbaycanın Ermənistandan daha yaxşı nəticəyə malik olması doğru olsa da, Ermənistanla bağlı göstəricilər daha aşağı göstərilib. Bu baxımdan, “Yeni Azərbaycan” qəzetinin Ermənistanın iqtisadi göstəriciləri ilə bağlı iddiaları yanlışdır.

Analiz
  • 29 Aprel, 2023
  • 3769

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə