“Oxu.az” saytının yayımladığı xəbərdə qeyd olunur ki, mətbuat konfransında energetika naziri Pərviz Şahbazov Azərbaycanın qaz ehtiyatlarının 2021-ci ildən 2024-ci ilə qədər 57 faiz artdığını qeyd edib.
"Fakt Yoxla" bu xəbərin doğru olub-olmadığını yoxlayıb.
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunlarına dair keçirilən mətbuat konfransında Cənub Qaz Dəhlizinin perspektivləri haqqında danışıb. Bu zaman o, Azərbaycanın qaz ehtiyatlarının deyil, Cənub Qaz Dəhlizi ilə ixrac olunan qaz həcminin artdığını bildirib. “2021-ci ildən 2024-cü ilə qədər Azərbaycan Cənub Qaz Dəhlizi ilə ixrac olunan qaz həcmlərinin 57 faiz artırılmasına nail olub”, – deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanın qaz ehtiyatları ilə bağlı müxtəlif rəqəmlər mövcuddur. Beynəlxalq Enerji Agentliyinin verdiyi məlumata əsasən Azərbaycanın 1.3 trilyon kubmetr, OPEC-ə görə 1,9 trilyon kubmetr, BP-yə görə isə bu ehtiyatlar 2,5 trilyon kubmetrdir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən Oxu.az nazirin açıqlamasını təhrif edib, xəbər saxtadır.