logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına təsirləri

Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına təsirləri

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin bir ili tamamlandı. Toqquşmalar saysız-hesabsız insan tələfatı ilə yanaşı, ciddi iqtisadi itkilərə də səbəb oldu. Müharibə faktoru həm Ukrayna, həm də Rusiya ilə ticarət tərəfdaşı olan Azərbaycanın gəlirlərinə də təsirsiz ötüşməyib.

“Fakt Yoxla” Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına təsirlərini analiz edib. 

Rusiya ilə ticarət 

2022-ci ildə Azərbaycan və Rusiya arasında xarici ticarət dövriyyəsi 3 milyard 710 milyon dollar təşkil edib. İdxal-ixrac əməliyyatlarının 24 % artması ilə Rusiya Azərbaycanın ən böyük ticarət dövriyyəsinə malik olduğu üçüncü ölkəyə çevrilib. 

Rusiyaya ixrac edilən məhsulların həcmində isə 6% artım qeydə alınıb. Ötən il bu ölkəyə 921 milyon dollar dəyərində mal göndərilib. 2021-ci ildə bu göstərici 975 milyon dollar təşkil edirdi. Qeyd edək ki, Rusiya həm də Azərbaycanın ən çox idxal (2 milyard 74 milyon dollar) həyata keçirdiyi ölkə olub.

Azərbaycanın şimal qonşusuna ən çox idxal etdiyi məhsul buğda olub. Ötən il Rusiyadan gətirilən buğda və meslinin həcmi 100 min ton artaraq 1 milyon 8 min tona çatıb. İdxal edilən buğda üçün ödənilən vəsaitin məbləği də yüksək – 337 milyon dollar olub. Beləcə, 1 ton buğdanın alışı təxminən 334 dollara başa gəlib. Əvvəlki ilə nisbətən bu kateqoriyadan olan məhsulun hər tonuna 50 dollar daha çox vəsait ödənilib. 

Rusiyadan idxalına ən çox vəsait sərf edilən ikinci məhsul benzin olub. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ötən ilin aprelindən təmirə dayanıb. “Aİ-95” və “Aİ-98” markalı benzinin daxili bazarda qiymətinin bahalaşması Rusiyadan idxalı daha da artıb. 2022-ci ildə hər iki növdən olan benzinin alışı üçün Rusiyaya 76 milyon dollar ödənilib. Maraqlıdır ki, həcm olaraq 2021-ci illə müqayisədə idxal təxminən 50 faiz artsa da, ödənilən vəsaitin artımı iki dəfədən çox olub. 

Rusiyadan idxal olunan ağac materialları isə Azərbaycana 33% baha başa gəlib. Ötən il bu tip məhsulların idxalı üçün Rusiyaya 76 milyon dollara yaxın vəsait ödənilib. İdxal edilən məhsulun həcmi əvvəlki illə müqayisədə 170 min ton azalaraq 343 min tona ensə də, ödənilən vəsait demək olar dəyişməz qalıb. 

Azərbaycandan Rusiyaya ixracın əsasını isə kənd təsərrüfatı məhsulları təşkil edib. Bu sahədə ən çox paya malik olan pomidor satışından 161 milyon dollar əldə edilib. 2021-ci illə müqayisədə bu tərəvəzin gətirdiyi gəlir ancaq 4 milyon dollar arta bilib. 

Rusiyaya göndərilən xurma (106 milyon dollar) və fındıq da (52 milyon dollar) Azərbaycana ən çox gəlir gətirən məhsullar arasında olub. Amma ixracın 12 min ton azalması 2022-ci ildə xurma ixracından gələn gəliri də 11 milyon dollar azalıb. Fındıq isə əksinə, ixracdan 5 milyon dollara yaxın əlavə gəlir gətirib.

Rusiya-Ukrayna müharibəsi Azərbaycanın ticarət əlaqələrinə dolayı yollarla da təsir göstərib. Bu təsir özünü daha çox enerji sektorunda biruzə verib. Rusiyaya tətbiq olunan sanksiyalardan sonra digər ölkələrin təbii qaz ehtiyatlarına tələbatın yüksəlməsi qiymətlərin artmasına yol açdı. Beləcə, təbii qaz ixracına görə Azərbaycan da qiymət artımından faydalanan ölkələrdən biri oldu.

2022-ci ildə Azərbaycan Avropaya təbii qaz satışından 14 milyard 990 milyon dollar vəsait qazanıb ki, bu da ölkənin ixracdan əldə etdiyi gəlirlərinin 39.3%-ni təşkil edib. Azərbaycan 2021-ci ildə 20 milyard kubmetr təbii qaz ixracından 5 milyard 534 milyon dollar əldə etdiyi halda, 2022-ci ildə 19 milyard kub metr qaz satışından 15 milyard dollar qazanıb. 

Ukrayna ilə ticarət

Müharibədən sonra Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi Rusiyadan fərqli olaraq 33% azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-ci ildə iki ölkə arasında dövriyyə 922 milyon dollar təşkil etdiyi halda, 2022-ci ildə bu göstərici 618 milyon dollaradək aşağı düşüb. Azərbaycanın Ukraynaya göndərdiyi məhsulların həcmi 21%, Ukraynadan gətirdiyi malların həcmi isə 45% azalıb.  

İki il əvvəl Azərbaycanın Ukraynadan idxalına ən çox vəsait sərf etdiyi məhsul tütün idi. 2021-ci ildə bu ölkədən 4 min 467 ton, ötən il isə 1 min 122 ton tütün gətirilib. 

Ukraynadan tütün tədarükü çətinləşdiyindən, Azərbaycan digər ölkələrdən, xüsusilə də Türkiyədən idxalı artırıb. Buna görə Azərbaycanın tütün idxalı üçün Ukraynaya ödədiyi vəsait də 50 milyon dollara yaxın azalaraq 17 milyon dollara bərabər olub. 

2021-ci ildə Ukraynadan idxal olunan digər məhsulların da idxalında ciddi azalma müşahidə edilib. Məsələn, son bir ildə polad prokatı idxalı 20 milyon dollardan 4 milyon dollara, kərə yağı idxalı 15 milyon dollardan 7 milyon dollara, hazır siqaretlər 12 milyon dollardan 955 min dollara qədər azalıb.

Əgər 2021-ci ildə Ukraynadan 5 min 145 ədəd diri iribuynuzlu heyvan gətirilmişdisə, ötən il onların sayı 110-a enib. Azərbaycan Ukraynaya ən çox dondurulmuş toyuq idxalına görə vəsait ödəyib (22 milyon dollar).

2021-ci ilin göstəricilərinə baxanda məlum olur ki, Azərbaycandan Ukraynaya ixracın 82%-i neft satışından əldə edilən gəlirlərin payına düşüb. Son bir ildə  Ukraynaya satılan neftin həcmi 850 min tondan 506 min tonadək, yəni 40% azalıb.

Ukraynaya satılan digər məhsulların həcmində də enmə müşahidə olunub. Əgər 2021-ci ildə Azərbaycan Ukraynaya 11 milyon dollarlıq polietilen satmışdısa, 2022-ci ildə bu göstərici 5 milyon dollara düşüb. Xurma ixracı isə 30 min tondan 14 min tona qədər azalıb. Demək olar ki, bütün növ kənd təsərrüfatı məhsullarının satışında azalma qeydə alınıb. 

Maliyyə sektoruna təsirlər

Müharibə ticarət dövriyyəsi ilə yanaşı, ölkənin maliyyə sektorunda da yeni trendlərin ortaya çıxmasına səbəb olub. Bu təsir özünü, əsasən, iki formada göstərib: pul köçürmələrinin həcmi və qeyri-rezidentlərin Azərbaycan banklarında saxladıqları vəsaitlərin həcmi kimi.

Mərkəzi Bankın açıqladığı məlumata görə, Ukraynadan Azərbaycana pul köçürmələrinin həcmi üç dəfədən çox azalıb. Belə ki, ötən ilin ilk doqquz ayı ərzində Azərbaycana təxminən 6 milyon dollar göndərilib. 2021-ci ilin eyni dövründə bu göstərici 20 milyon dollar təşkil edirdi. 

Azərbaycandan göndərilən pul vəsaitinin həcmində isə nisbətən artım qeydə alınıb. 2022-ci ilin ilk doqquz ayında Ukraynaya göndərilən köçürmələrin həcmi 4 milyon dollar artaraq 22 milyon dollara bərabər olub.

Rusiyadan göndərilən pul köçürmələrinin həcmi isə beş dəfədən çox artıb. Əgər 2021-ci ilin ilk 9 ayında Rusiyadan Azərbaycana 409 milyon dollar göndərilmişdisə, 2022-ci ildə bu göstərici 2 milyard 267 milyon dollara yüksəlib. 

Mərkəzi Bankın açıqlamasına görə, 2022-ci il fevralın 1-nə Azərbaycan banklarında qeyri-rezidentlərin saxladıqları vəsaitlərin ümumi həcmi 294 milyon manat təşkil edib. 2022-ci ilin fevralından etibarən bu məbləğdə ardıcıl olaraq kəskin artım qeydə alınmağa başlayıb. 2023-cü ilin əvvəlinə bu vəsaitlərin həcmi 1 milyard 174 milyon manata yüksəlib. Bu, 11 ay ərzində 900 milyon manata yaxın artım deməkdir. 

Müharibəyə görə Rusiyadan Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların həcmində də kəskin artım qeydə alınıb. Mərkəzi Bankın göstəricilərinə görə, 2021-ci ilin ilk doqquz ayı ərzində Rusiyadan Azərbaycan iqtisadiyyatına 36 milyon dollar xarici birbaşa investisiya cəlb edilmişdisə, 2022-ci ilin eyni dövründə bu göstərici on dəfədən çox artaraq 378 milyon dollara yüksəlib. Beləcə, Rusiyanın Azərbaycana qoyulan birbaşa xarici investisiyalarda payı 1%-dən 8.3%-ə yüksəlib. 

Azərbaycandan Rusiyaya qoyulan birbaşa xarici investisiyalar isə eyni müddət ərzində 11.6 milyon dollardan 9.5 milyon dollara enib. Ukrayna isə Azərbaycan iqtisadiyyatına yönəldilən xarici birbaşa investisiyalara görə 2021-ci ildə də ilk 20 ölkə arasında olmadığından, bu ölkəylə bağlı göstəricilər açıqlanmayıb.

Son iki ilə dair ticarət dövriyyəsindən aydın olur ki, müharibə Azərbaycanın Rusiyadan idxal etdiyi məhsulların daha da bahalaşdırıb. Digər tərəfdən, enerji daşıyıcılarının bahalaşması Azərbaycanın gəlirlərini daha çox artırıb. Müharibənin təsirləri Azərbaycan-Ukrayna iqtisadi əlaqələrində özünü həm idxalın, həm də ixracın kəskin aşağı düşməsi formasında göstərib. 

Maliyyə sektoruna gəlincə, Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmi kəskin artıb, Ukraynadan göndərilən pul köçürmələri  kəskin azalıb. Xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladıqları vəsaitlərin və Rusiyanın Azərbaycana qoyduğu birbaşa xarici investisiyaların həcmində isə böyük artım baş verib.  

“Dövlət Gömrül Komitəsi”, Xarici ticarət fəaliyyəti haqqında 2022

“Dövlət Statistika Komitəsi”, Azərbaycanın xarici ticarət əlaqələri

“trend.az”, Neft Emalı zavodunun təmirə dayanması yanacaq təminatına təsir etməyəcək

“Mərkəzi Bank”, Pul baratları

“Mərkəzi Bank”, Statistik Bülleten 2022

“Mərkəzi Bank, Xarici birbaşa investisiyalar

Analiz
  • 13 Mart, 2023
  • 595

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə