logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Dünyada hərbi xərclər son 30 ildə ən yüksək səviyyəyə çatıb.

Dünyada hərbi xərclər son 30 ildə ən yüksək səviyyəyə çatıb.

Xəbərin qısa icmalı

  • Dünya ölkələrinin hərbi sahəyə xərclədiyi vəsaitin cəmi 2022-ci ildə 3,7 faiz artaraq 2.24 trilyon dollara çatıb.
  • Əvvəlki ilə nəzərən hərbi xərclərdə ən çox artım Avropa qitəsi, xüsusilə Şərqi və Mərkəzi Avropa ölkələrində olub.
  • Ukraynanın hərbi xərcləri 2022-ci ildə 640% artıb.
  • Ukraynanın ÜDM-nin 34%-ni hərbi xərclər təşkil edib ki, bu dünyada ən yüksək göstəricidir.
  • 2022-ci ildə Azərbaycanın hərbi xərcləri təxminən 5,1 milyard manata yaxın olub. 
  • 2022-ci ildə Azərbaycan müdafiə və təhlükəsizliyə əvvəlki illə müqayisədə 10.6% artıb.
  • 2022-ci ildə Azərbaycanın hərbi xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 4.5%-ni təşkil edib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) ölkələrin 2022-ci ildəki hərbi xərclərini əlavə edərək hərbi xərclərlə bağlı məlumat bazasını yeniləyib. Təşkilat, həmçinin ötən il qlobal hərbi xərclərlə bağlı hesabatını da yayımlayıb.

“Fakt Yoxla” SIPRI-nın və digər mənbələrin məlumatları əsasında Azərbaycan və ümumilikdə dünya ölkələrinin hərbi xərclərini analiz edib.

1966-cı ildə yaradılan SIPRI silahlı münaqişələr, hərbi xərclər, silah ticarəti, eləcə də tərksilah və silahlara nəzarət mövzusunda məlumat, təhlil və tövsiyələr təqdim edir. Təşkilatın məlumat bazası ölkələrin 1944-cü ildən başlayaraq hərbi sahəyə ayırdığı vəsaitləri əhatə edir. Təşkilat məlumat bazasını ölkələrin təqdim etdiyi rəsmi məlumatlara, NATO və BVF tərəfindən hazırlanan beynəlxalq statistik məlumatlara, eləcə də ixtisaslaşmış jurnal və qəzetlərə istinad edərək hazırlayır.

SIPRI silahlı qüvvələr (sülhməramlılar daxil olmaqla), ölkələrin müdafiə nazirlikləri, müdafiə layihələri ilə əlaqəli olan digər dövlət qurumları, hərbi əməliyyatlarda iştirak edən “hərbiləşdirilmiş qüvvələr” və hərbi kosmik fəaliyyətlər üçün nəzərdə tutulan xərcləri hərbi xərclər hesab edir. Məlumat bazasında Azərbaycanın hərbi xərcləri dövlət büdcəsində “müdafiə və milli təhlükəsizlik” başlığı altında göstərilən xərcləri əhatə edir.

Aprel ayında yayımlanan 12 səhifəlik hesabatda qeyd olunur ki, dünya ölkələrinin hərbi sahəyə xərclədiyi vəsaitin cəmi 2022-ci ildə real ifadədə 3,7 faiz artaraq 2.24 trilyon dollara çatıb. Qlobal xərclər 2013-2022-ci illərdə 19 faiz artıb və ardıcıl 8-ci ildir ki, artır (səh. 1)

Əvvəlki ilə nəzərən hərbi xərclərdə ən çox artım Avropa qitəsi, xüsusilə Şərqi və Mərkəzi Avropa ölkələrində olub. Belə ki, Avropa ölkələrinin hərbi xərclərində ümumilikdə 13 faizlik artım qeydə alınıb ki, bu da son 30 ilin ən kəskin artımıdır. Ukraynanın hərbi xərcləri 2022-ci ildə 640% artıb, bu, SIPRI məlumat bazasında qeydə alınan ən böyük illik artımdır və bu məbləğə Qərb tərəfindən verilən hərbi maliyyə yardımı daxil deyil. Avropa İttifaqı ölkələri arasında hərbi büdcə ən çox Finlandiya (36%), Litva (27%), İsveç (12%) və Polşada (11%) artıb. Təşkilat artımın səbəbinin Ukraynada müharibə olduğunu bildirib. 

Ötən il Ukraynanın ÜDM-nin 34%-ni hərbi xərclər təşkil edib ki, bu dünyada ən yüksək göstəricidir. ÜDM-də hərbi xərclərin payına görə ikinci yerdə 7.4%-lə Səudiyyə Ərəbistanı, üçüncü yerdə isə 7%-lə Qətər qərarlaşıb. (səh.10)

2022-ci ildə ABŞ hərbi sahəyə miqdar olaraq ən çox pul xərcləyən ölkə olub. Bu ölkənin 877 milyard dollarlıq hərbi büdcəsi qlobal hərbi xərclərin 39%-ni təşkil edib. İkinci yerdə 292 milyard dollarla ABŞ-dan təxminən 3 dəfə geri qalan Çin gəlir (səh.2).

Qrafik: Ən böyük hərbi büdcəyə sahib 10 ölkə

Mənbə: SIPRI (Aprel, 2023)

Ümumilikdə qlobal hərbi xərclərin 80%-dən bir qədər çoxu 15 ölkənin payına düşüb. 

Regionlara gəldikdə, 2021-ci ilə nəzərən 2022-ci ildə Afrika ölkələrinin hərbi xərcləri 5.3% azalıb.  Amerika qitəsində 0.7%, Avropa qitəsində 13%, Asiya və Okeaniya, Yaxın Şərq ölkələrində 2.7 və 3.2% artım olub (səh.6).

SIPRI-nın məlumat bazasına əsasən, 2022-ci ildə Azərbaycanın hərbi xərcləri təxminən 5,1 milyard manata yaxın olub. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna əsasən, bu vəsaitin 42.5%-i (2.17 milyard manat) müdafiə qüvvələri, 5.8%-i (295 milyon manat) milli təhlükəsizlik, 8.5%-i (433 milyon manat) sərhəd xidməti, 43%-i isə müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün nəzərdə tutulub.  2022-ci ildə Azərbaycan büdcəsində ümumi xərclərin 15.7%-i müdafiə və təhlükəsizlik üçün nəzərdə tutulub. 

Qrafik: 2003-2022-ci illərdə Azərbaycanın hərbi xərcləri (milyon manatla)

Mənbə: SIPRI-nın məlumat bazası (2023, aprel) və illər üzrə Azərbaycan büdcəsi haqqında qanunlar

Qrafikdən göründüyü kimi, Azərbaycan 2016-cı ildən başlayaraq hərbi xərclərini davamlı artırıb. 2022-ci ildə Azərbaycan müdafiə və təhlükəsizliyə əvvəlki illə müqayisədə 10.6%, 2016-cı illə müqayisədə 128%, İkinci Qarabağ müharibəsinin baş verdiyi 2020-ci illə müqayisədə 33.6% daha çox vəsait sərf edib. Müharibənin başa çatmasından sonra 2020-ci ilin dekabr ayının 22-də Prezident İlham Əliyev hərbi xərclərin artırılmasını “müharibə zamanı istifadə edilən silah-sursatın bərpa edilməsi”, “müasir texnikanın alınması”, “ordunun müasirləşdirilməsi və döyüş potensialının artırılması” ilə izah edib.

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna əsasən, 2023-cü ildə Azərbaycan müdafiə və təhlükəsizliyə 5.3 milyard manat vəsait xərcləmək niyyətindədir. Bu, 2022-ci illə müqayisədə 5%-ə yaxın artım deməkdir. Həmçinin bu, Azərbaycanın müstəqilliyini elan etdiyi 1991-ci ildən bu yana ən böyük hərbi büdcəsidir (manatla). ABŞ dolları ifadəsində Azərbaycanın ən böyük hərbi büdcəsi 3.4 milyard dollarla 2014-cü ildə olub. Beləliklə, 2023-cü ildə Azərbaycan büdcəsində ümumi xərclərin 16%-i müdafiə və təhlükəsizlik üçün nəzərdə tutulub. 

SIRPI-nın məlumat bazasına görə, 2022-ci ildə Azərbaycanın hərbi xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 4.5%-ni təşkil edib. Təşkilatın hesabatında bildirilir ki, bu göstəriciyə görə ölkə dünyada 9-cu, keçmiş sovet respublikaları və Avropa ölkələri arasında Ukraynadan sonra ikinci yerdədir. 

Cənubi Qafqazın digər iki ölkəsinin - Ermənistan və Gürcüstanın 2022-ci ildə hərbi xərcləri müvafiq olaraq 795 milyon dollar və 360 milyon dollar olub ki, bu da əvvəlki illə müqayisədə 28% və 20% artım deməkdir. Cənubi Qafqazın 3 ölkəsində ümumilikdə 2022-ci ildə hərbi xərclər bir il əvvəl ilə müqayisədə 14.4%, regionda ən son müharibənin baş verdiyi 2020-ci illə müqayisədə isə 31% artıb.

Cədvəl: Azərbaycan və qonşularında 2022-ci ildə hərbi xərclərin ümumi daxili məhsuldakı payı və adambaşına düşən hərbi xərclər

Mənbə: SIPRI-nın məlumat bazası (2023, aprel)

Təqdim olunan məlumatlar göstərir ki, Ukraynadakı müharibə 2022-ci ildə dünyada, xüsusilə Avropa ölkələrində Soyuq Müharibənin başa çatmasından sonra hərbi xərclərin rekord həddə çatmasına təkan verib. Hərbi xərclərin son 30 ildə ən yüksək səviyyəyə çatması dünyada təhlükəsizliklə bağlı vəziyyətin daha da gərginləşdiyini deməyə əsas verir.

Analiz
  • 12 May, 2023
  • 440

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə