logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Dövlət Neft Fondunun ötən ilki fəaliyyəti qənaətbəxşdirmi?

Dövlət Neft Fondunun ötən ilki  fəaliyyəti qənaətbəxşdirmi?

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2022-ci il üzrə fəaliyyətinin kənar auditinin nəticələrini özündə əks etdirən illik hesabatını açıqlayıb.

“Fakt Yoxla” Dövlət Neft Fondunun hesabatı əsasında qurumun ötən ilki fəaliyyətini analiz edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra – “Fond” adlanacaq) Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli Fərmanına əsasən yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının mənafeyi naminə bağlanmış neft və qaz sazişlərini həyata keçirmək və Fondun əldə etdiyi valyuta və digər vəsaitlərin səmərəli idarəsini təmin etməkdir.

Fondun gəlir və xərcləri

2022-ci ildə fondun gəlirlərinin 15.8 milyard manat olması proqnozlaşdırılıb, lakin gəlirlər 16.8 milyard manata bərabər olub. Yəni, il ərzində fond proqnozla müqayisədə 1 milyard 77 milyon manat və ya 7 faiz daha çox gəlir əldə edib.

Ötən il fondun xərclərinin 11.6 milyard manat olması nəzərdə tutulmuşdu, lakin xərclər 7.8 milyard manata bərabər olub. Yəni, fond il ərzində nəzərdə tutulandan 3.6 milyard manat və ya 31 faiz daha az vəsait xərcləyib. Yekunda fondun gəlirləri xərclərini 4.2 milyard proqnoza qarşı 9 milyard manat üstələyib.

Fondun gəlirlərinin proqnozdan çox, xərclərinin isə proqnozdan az olması ötən il neft qiymətlərinin gözləniləndən daha yüksək olması ilə bağlıdır. 2022-ci ilin dövlət büdcəsində neftin 1 barelinin orta satış qiyməti 70 dollar olaraq götürülsə də, ötən il ərzində Azərbaycan neftinin bir barelinin orta satış qiyməti 101 dollara bərabər olub. Yəni, proqnoz göstəricisi ilə müqayisədə 44 faiz daha yüksək.

Enerji daşıyıcılarının qiymətlərinin gözləniləndən yüksək olması bu sahədə fəaliyyət göstərən şirkətlərin daha çox mənfəət əldə etməsinə və dolayısıyla dövlət büdcəsinə daha çox vergi ödəməsinə yol açıb. Bu səbəbdən, ötən il fonddan büdcəyə 11.5 milyard manat transfert nəzərdə tutulsa da, fondun büdcəyə ödədiyi vəsait yekunda 7.9 milyarda bərabər olub. Fond ötən ilki büdcəsindən xaricdə təhsil proqramlarının icrasına 37 milyon manat, fondun saxlanmasına isə 28 milyon manat vəsait sərf edib.

Rəsmi rəqəmlərə görə, indiyə qədər fonda daxil olan vəsaitin həcmi 176 milyard dollara bərabər olub.

Dövlət Neft Fonduna daxil olan vəsait aşağıdakı istiqamətlərdə xərclənib: 

  1. Dövlət Büdcəsinə transfertlər – 118.2 milyard dollar (67%) 
  2. Müxtəlif layihələrin (xaricdə təhsil proqramı, məcburi köçkünlər üçün qəsəbələr, infrastruktur layihələri) – 11.8 milyard dollar (7%) 
  3. İnvestisiya qoyuluşu 45.8 milyard dollar (26%) 

Fondun investisiya fəaliyyəti

2022-ci ildə Dövlət Neft Fondunun gəlir və xərclərlə bağlı göstəriciləri uğurlu olsa da, eyni sözü fondun investisiya fəaliyyəti ilə bağlı demək mümkün deyil. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə fond investisiya fəaliyyətindən 3 milyard 613 milyon manat (5.2%) zərər edib. Fondun sabit gəlirli qiymətli kağızlar portfeli 3.8%, səhm investisiyaları 16.7% geriləmiş, daşınmaz əmlaka investisiyalar isə 9.2% dəyər qazanmışdır.

Fond öz hesabatında investisiya fəaliyyətindəki zərəri yüksək inflyasiya, iqtisadi artımın azalması və böyük volatilliklə izah edib. (səh. 17). Açıqlamada bildirilir ki, yüksək inflyasiya səbəbindən il ərzində həm istiqraz, həm də səhm portfellərinin kəskin dəyər itirməsi müşahidə olunub.

Cədvəl 1: Dövlət Neft Fondunun investisiya portfeli üzrə orta illik gəlirlilik

2022-ci ildə fondun investisiya portfelinə daxil olan valyuta məzənnələrinin ABŞ dollarına qarşı dəyişməsindən yaranan fərq üzrə 879 milyon dollar məbləğində büdcədənkənar xərc qeydə alınıb. Belə ki, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutalar üzrə 930 milyon dollar büdcədənkənar xərc, qızıl üzrə isə 52 milyon dollar büdcədənkənar gəlir yaranmışdır.

2022-ci ildə fondun investisiya fəaliyyətində zərər qeydə alınsa da, il ərzində fondun gəlirlərinin gözləniləndən çox, xərclərinin isə gözləniləndən az olması hesabına fondun aktivləri ilin əvvəlində 45 milyard dollardan, il sonunda 49 milyard dollara qədər yüksəlib. 

Cədvəl 2: 2012-2022-ci illərdə Dövlət Neft Fondunun aktivlərinin həcmi

Hazırda fondun ümumi portfelinin  62.1%-i və ya 30.4 milyard dolları borc öhdəlikləri və pul bazarları alətlərinə, 19.6%-i və ya 9.6 milyard dolları  səhmlərə investisiya edilib. Portfelin 6.2%-i və ya 3.1 milyard dolları daşınmaz əmlaka, qalan 12.1%-i və ya 5.9 milyard dolları isə qızıla investisiya edilib. 

Pandemiyadan öncəki dövrlə (2019) müqayisədə fondun investisiya portfelində qiymətli kağızların payı 6.6% azalıb. Səhmlərin toplam portfeldə payı 5.5%, daşınmaz əmlakın payı 0.4%, qızılın payı isə 0.7% yüksəlib.

Dövlət Neft Fondunun ən çox investisiya qoyduğu region Şimali Amerika və özəlliklə ABŞ-dır. Fondun bütün investisiyalarının 33.4%-i (16 milyard dollar) Şimali Amerikaya yönləndirilib. 

Cədvəl 3: Dövlət Neft Fondunun regionlar üzrə investisiya qoyuluşu

Neft Fondu analiz üçün xeyli məlumatlar açıqlasa da, hərtərərəfli təhlil üçün bir sıra məlumatların açıqlanması da çox mühümdür. Hesabatlarda açıqlanması vacib olan məlumatlar aşağıdakılardır:

1) Fondun sərmayə qoyduğu hər bir region (Avropa, Şimali Amerika, Asiya və s.) üzrə səhm, sabit gəlirli aktivlər və daşınmaz əmlak portfeli üzrə ayrı-ayrılıqda məlumatlar;

2) Hər bir region üzrə sabit gəlirli aktivlərin hər bir növü (suveren və korporativ istiqrazlar, depozitlər və s.) üzrə əldə olunan gəlirlər və hər bir altportfel üzrə gəlirlilik səviyyəsi barədə məlumatlar;

3)ARDNF-nin özünün idarə etdiyi və xarici menecerlərin idarəçiliyinə verdiyi sabit gəlirli aktivlərin həcmi və müqayisəli şəkildə onların gəlirliliyi barədə informasiyalar;

4) Hər bir region üzrə səhm portfelinin valyuta strukturu, Fondun yatırım etdiyi hər səhm indeksi üzrə həcmi, hər bir indeks üzrə gəlirlik və gəlirlik səviyyəsinin dünyanın aparıcı fond indeksləri ilə müqayisəsinə dair məlumatlar;

5) Hər bir aktiv və valyuta növü üzrə Fondun məzənnə dəyişikliyindən büdcədənkənar itkiləri barədə məlumatlar.

 

Analiz
  • 10 İyul, 2023
  • 282

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə