2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu il həm də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Bakıda keçiriləcək. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar və müzakirələr edir. Konfransın məqsədlərindən biri də Paris Sazişinin tələbinə uyğun olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmağa nail olmaqdır. Paris sazişi Azərbaycan tərəfindən 2016-cı ildə imzalanıb və təsdiq edilib. Lakin, Dünya Bankının Azərbaycanla bağlı hesabatında qeyd edilir ki, Azərbaycan bu anlaşmanın məqsədlərinə qoşulmasına baxmayaraq, hələlik xalis sıfır hədəfinə dair öhdəlik götürməyib. Bununla belə, ölkə 1990-cu illə müqayisədə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib.
“Fakt Yoxla” 1990-cı ildən bəri Azərbaycanda istixana qazı emissiyaları ilə bağlı göstəricilərin necə dəyişdiyini analiz edib.
Dövlət Statistika Komitəsi tərəfindən atmosferə istilik effekti yaradan qazların atılması ilə əlaqədar sonuncu göstərici 2021-ci ilə aiddir.
Cədvəl 1: 1990-2021-ci illərdə Azərbaycanda atmosferə istilik effekti yaradan qazların atılması (milyon ton CO2 ekvivalentində)
Cədvəldən göründüyü kimi, 1990-cı ildən sonrakı illərdə sovet ittifaqının dağılması ilə əlaqədar ölkədə bir çox sənaye müəssisəsinin fəaliyyətini dayandırması səbəbi ilə ölkədə istixana effekti yaradan qazların emissiyası kəskin aşağı düşüb. 2005-ci illərin ortalarından etibarən ölkədə neft hasilatının artması səbəbindən istixana effekti yaradan qazların atmosferə atılmasının həcmi də artıb. 2005-ci ildə istilik effekti yaradan qazların atılması ilə bağlı göstərici 1990-ci ilə müqayisədə 43 faiz azalsa da, 2021-ci ilə istixana effekti yaradan qazların həcmi 1990-ci ildəki göstəricidən cəmi 26 faiz aşağıdır.
Azərbaycanın 2030-cu ildə istilik effekti yaradan qazların emissiyasını 1990-cı illə müqayisədə 35 faiz azaltmaqla bağlı milli hədəfinin gerçəkləşməsi üçün 2030-cu ildə istilik effekti yaradan qazların emissiyasının həcmi 51.3 milyon tona geriləməlidir. Yəni, 2021-ci ildə qeydə alınan nəticə ilə müqayisədə 12 faizə yaxın azalma tələb edilir. Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən bəlli olur ki, Azərbaycanda istilik effekti yaradan qazların emissiyası əsasən enerji sektoru ilə bağlıdır. 2021-ci ildə ölkədə enerji sektorunda atmosfer havasına atılan istixana qazları ümumi istixana qazı emissiyalarının 81,2 faizini təşkil edib.
Dünya Bankının Azərbaycanda iqlim göstəriciləri ilə bağlı hesabatında qeyd edilir ki, dekarbonizasiya üzrə öhdəliklərini gücləndirməsinə baxmayaraq, Azərbaycan hələ də öz milli hədəflərinə çatmaq trayektoriyasına qədəm qoymayıb. Qurumun hesablamalarına görə, indiki gediş dəyişməsə Azərbaycanda 1990-cı illə müqayisədə istixana effekti yaradan qazların emissiyası 2030-cu ilədək yalnız 28 faiz, 2050-ci ildə isə 30 faiz daha az olacaq. Dünya Bankının araşdırmasına görə, Azərbaycanın dekarbonizasiya hədəflərinə çata bilməməsinin əsas səbəbi milli iqtisadiyyatın strukturu ilə bağlıdır. Çünki dekarbonizasiya üzrə dəqiq kursun müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün Azərbaycanda iqtisadi diversifikasiya və daha dinamik özəl sektor tələb olunur. Azərbaycanda isə bu sahədə uzun illərdir əhəmiyyətli dəyişikliklər qeydə alınmayıb. Nəzərə almaq lazımdır ki, energetika və su təchizatı da daxil olmaqla yaşıl keçid üçün vacib olan sektorlarda dövlət müəssisələri üstünlük təşkil edir və onlar ölkənin işçi qüvvəsinin yarısına malikdirlər. Dekarbonizasiya üzrə dəqiq kursun müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün iqtisadi diversifikasiya və daha dinamik özəl sektor tələb olunur", - deyə hesabatda qeyd olunur.
“Fakt Yoxla”nın analizinə görə, Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35%, 2050-ci ilə qədər isə 40% azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. Ən son – 2021-ci ilə aid olan göstəricilərdən aydın olur ki, 1990-cı illə müqayisədə ölkədə istixana qazı emissiyası cəmi 26 faiz aşağı düşüb. Dünya Bankının məlumat bazasına görə, 2020-ci ildə dünya üzrə istixana effekti yaradan qazların emissiyası təxminən 50 faiz artıb. Dünyanın ən böyük iki iqtisadiyyatında - ABŞ-da 1990-2020-ci illərdə bu istixana effekti yaradan qazların emissiyası 3 faiz azalıb, Çində isə 4 dəfədən çox artıb.