logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Azərbaycanın OPEC-ə üzvlüyü qurumun Azərbaycanın neft hasilatı göstəricilərinə təsirini artıra bilər

Azərbaycanın OPEC-ə üzvlüyü qurumun Azərbaycanın neft hasilatı göstəricilərinə təsirini artıra bilər

OPEC Azərbaycanı təşkilatın daimi üzvlüyünə dəvət edib. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm Əl-Qeys öz açıqlamasında bildirib.

“Fakt Yoxla” OPEC-in funksiyalarını və quruma üzvlüyün mahiyyətini analiz edib.

Neft İxrac Edən Ölkələr Birliyi – OPEC 1960-cı ildə neft hasilatçısı ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi üçün yaradılıb. Qurum rəsmi açıqlamasında qeyd edir ki, OPEC neft istehsalçıları üçün ədalətli və sabit qiymətləri təmin etmək məqsədilə üzv ölkələr arasında neft siyasətini əlaqələndirir və unifikasiya (birliyi təmin etmək- red.) edir. Hazırda OPEC-in 13 üzvü var. İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela OPEC-in qurucu üzvləridir. Təşkilatın digər üzvləri isə Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, Liviya, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləridir. 

OPEC  həmçinin kartel olaraq da adlandırılır. Çünki, qurumun üzvləri öz aralarında razılıqlara gələrək bazardakı rəqabəti azalda bilirlər. Üzv ölkələrin özləri bu qənaətdədirlər ki, neft sənayesi üçün mürəkkəb vaxtlarda bazarın sabitləşdirilməsinə kömək edirlər.

Qlobal neft bazarındakı vəziyyətdən asılı olaraq üzv ölkələr neft hasilatının kvotalarını ya azaldır, ya artırır, ya da olduğu kimi saxlayırlar. Yəni, hasilatın həcmini dəyişərək qiymətlərə təsir etməyə çalışırlar. İqtisadi nəzəriyyəyə görə, kartel müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal və satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyən şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Qeyd edək ki, qlobal neft hasilatının 40, neft ehtiyatlarının isə 70 faizi bu təşkilata daxil ölkələrin payına düşür. Bu imkandan istifadə edərək OPEC neft qiymətlərinin üzv ölkələrin gözləntisindən aşağı olduğu dövrlərdə üzv ölkələrin neft hasilatı ilə bağlı kvotalarını aşağı salır. Bununla quruma üzv ölkələr neft təklifini aşağı salaraq qiymətlərin yüksəlməsinə yol açmaq istəyir. Quruma üzv ölkələr üçün tətbiq edilən kvotaların həcmi həmin ölkələrin sahib olduğu neft ehtiyatlarına uyğun olaraq müəyyən edilir.

2016-cı ildən etibarən OPEC quruma üzv olmayan neft hasilatçısı ölkələrlə OPEC+ adlanan yeni format yaradıb. Bu formata üzv ölkələrlə yanaşı, 10 qeyri-təşkilat ölkəsi də qoşulub. Azərbaycan da, bu ölkələr arasındadır. OPEC+ formatına qoşulan digər 9 qeyri-təşkilat ölkəsi isə Rusiya, Meksiya, Qazaxıstan, Oman, Malaziya, Bəhreyn, Cənubi Sudan, Bruney və Sudandır. Bu formata qoşulan ölkələrə də OPEC-ə üzv ölkələr kimi, neft hasilatı ilə bağlı kvotalar tətbiq edilib. 4 dekabr 2022-ci il tarixli sonuncu qərara görə, Azərbaycanın neft hasilatında ixtisarlarla bağlı günlük öhdəliyi 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmindədir. 2022-ci ildə OPEC+ formatına daxil olan ölkələr dünyadakı neft hasilatının 59 faizinə sahiblik edib. 

Hazırda OPEC+ ölkələri üçün hasilat kvotası ümumi kvotanın 40 faizinini təşkil ediyi halda, OPEC ölkələri üçün 60 faiz təşkil edir. Yəni, OPEC-ə üzv ölkələr kvotaların və ixtisarların icrasında OPEC+ ölkələrinə nəzərən daha yüksək paya sahibdir. Bu baxımdan, Azərbaycanın quruma potensial üzvlüyü OPEC-in Azərbaycanın neft hasilatı göstəricilərinə daha çox təsir etməsinə yol aça bilər. Çünki, təşkilata üzv ölkələrin kvotalarla bağlı öhdəliyi daha yüksəkdir.

“Fakt Yoxla”nın araşdırmasına görə, neft hasil edən ölkələrin birliyi olan OPEC dünyanın əsas neft hasilatçılarını bir araya gətirir və üzvlər qlobal neft bazarlarındakı vəziyyətə uyğun olaraq neft hasilatı göstəricilərini artırıb, azaltmaqla neft qiymətlərinə təsir etməyə çalışır. Eyni zamanda, Azərbaycan OPEC-ə üzv olmasa da, OPEC+ formatı çərçivəsində qurumla əməkdaşlıq edir və OPEC+ ölkələrinin də neft hasilatı ilə bağlı kvotaları mövcuddur. Azərbaycanın quruma potensial üzvlüyü Azərbaycanın ümumi kvotaların icrasında daha çox öhdəlik götürməsi ilə nəticələnə bilər.

“Interfax.az”, Azərbaycan OPEC-ə dəvət olunub

“opec.org”, Brief history

“opec.org”, Member Countries

“bbc.com/azeri”, OPEC hasilatı azaltsa nə olacaq?

“eia.gov”, What is OPEC+

“Energetika Nazirliyi”, OPEC

“toplum.tv”, Azərbaycan heç vaxt OPEC-ə üzv olmaq istəməyib

 

Analiz
  • 14 İyul, 2023
  • 391

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə