logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Aydın Mirzəzadə: “Azərbaycan onunla müttəfiq olan ölkələrə aşağı faizlə kreditlər ayırır”

Aydın Mirzəzadə: “Azərbaycan onunla müttəfiq olan ölkələrə aşağı faizlə kreditlər ayırır”

“Azərbaycan onunla müttəfiq olan ölkələrə aşağı faizlə kreditlər ayırır”. 

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində belə deyib.

“Fakt Yoxla” deputatın dediklərinin doğru olub-olmadığını araşdırıb. 

Azərbaycan son 10 ildə 4 ölkəyə müxtəlif layihələr çərçivəsində kreditlər ayırıb.

Bunlardan yalnız ikisinin faiz dərəcəsi açıqlanıb. Əvvəlcə faizləri bilinməyən kreditlər haqqında. 

 Azərbaycan 2018-ci ildə İrana 500 milyon dollar kredit ayrılıb. İranın Yol və şəhərsalma nazirinin müavini Əli Nurzadın kreditin aşağı faizlə, təqribən 2,5 faizlə verildiyi barədə iddiası var. Lakin bununla bağlı təsdiqlənmiş məlumat yoxdur. 

Faiz dərəcəsi naməlum olan digər ölkə Belarusdur. 2010-cu ildə Azərbaycan Belarusa Rusiyanın “Qazprom” şirkətinə borcunu ödəmək üçün 12 günlük 200 milyon dollar kredit verib. 

Belarus müddət tamam olmamış borcunu qaytarıb. Belarus səfiri Patskeviç kreditin alınmasının təsadüfi hal olduğunu və ölkəsinin onu vaxtından tez qaytardığını bildirib. 

2011-də Azərbaycan “Belaruskaliy” ASC-yə 300 milyon dollar məbləğində kredit verilib. Bu kreditə görə Belarus dövlətindən zəmanət alınıb. Kreditin hansı müddətə və hansı faizlə verildiyi açıqlanmayıb.

Faiz dərəcələri məlum olan iki ölkə isə Gürcüstan və Serbiyadır.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Azərbaycan 2011-ci ildə Gürcüstana Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon ABŞ dolları, Tranş B üzrə isə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon ABŞ dolları həcmində kredit ayırıb. Ümumilikdə qonşu ölkəyə 775 milyon dollar kredit ayrılıb.

2012-ci ildə Azərbaycan Serbiyaya yol tikintisi üçün 300 milyon avro kredit verib. Kredit illik 4 faizlə, 15 illiyə ayrılıb.

2012-ci ildə SOCAR-ın 2.6 mlrd. dollarlıq xarici borclarının təxminən yarısı illik 5-6%, digər yarısı isə illik 2.5-5% intervalında olub. Bu barədə SOCAR-ın 2012-ci il üzrə maliyyə hesabatından (səh.49) məlumat əldə etmək mümkündür.

Nümunə üçün, həmin kreditlərin 500 mln. dollarlıq 2 tranşı LİBOR+4,88%-lə götürülüb. LİBOR London Banklarası pul bazarında faiz dərəcəsidir və benəlxalq borc bazarlarında qısamüddətli borclanmalarda istifadə edilir. 2012-ci ildə LİBOR-un illik dərəcəsi 1,130% olub.

Deməli, SOCAR-ın yuxarıda nümunə kimi göstərilən 2 kredit tranşı üzrə illik faiz dərəcəsi 6% ətrafında olub ki, bu da Azərbaycanın həm Gürcüstana, həm də Serbiyaya verdiyi kreditlərdən daha yüksək faizli kreditlərdir.   

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Aydın Mirzəzadənin dedikləri əsasən doğrudur.

Əsasən doğru
  • 20 Yanvar, 2021
  • 1773

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə