logo logo

Believe in facts, not what has been said

Economy

"Trendyol” kimi platformalar haqsız rəqabət yaradır?

"Trendyol” kimi platformalar haqsız rəqabət yaradır?

“Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin “Trendyol” platformasına məxsusdur.”

Bunu Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı deyib.

Suleymanlı Türkiyə istehsalı olan məhsulların satışının haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarada biləcəyini xüsusi olaraq vurğulayıb.

“Fakt Yoxla” bu açıqlamanın fonunda haqsız rəqabəti qadağan edən xarici və yerli qanunvericilik normalarını analiz edib.

“Sənaye Mülkiyyətinin Mühafizəsi haqqında” Paris Konvensiyasına  görə, aşağıdakı hərəkətlər haqsız rəqabət forması kimi qadağan edilir:

Müəssisə, məhsul, yaxud rəqibin sənaye, və ya ticarət fəaliyyətinə hər hansı bir üsulla maneə yarada bilən fəaliyyətlər;

Kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye və ya ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;

Kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən fikirlərin istifadə edilməsi.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) isə rəqabət hüququ ilə bağlı dörd prinsip müəyyən edib. Həmin prinsiplər aşağıdakı kimi təsbit olunub:

1. Rəqiblərinin sayını və ya fəaliyyətinin genişləndirilməsini məhdudlaşdırmaq (məsələn, şirkətlər üçün mal, xidmət və ya sərmayəni təmin etmək və ya kapital qoymaq üçün coğrafi maneələr yaratmaq);

2. Rəqiblərinin rəqabət qabiliyyətini məhdudlaşdırmaq (məsələn, məhsul yaxud xidmətlərin reklam və ya marketinq azadlığını məhdudlaşdırmaq);

3. Rəqiblərinin güclü rəqabətə olan həvəsini azaltmaq;

4. Müştərilərin əldə edə biləcəyi seçimləri və ya məlumatları məhdudlaşdırmaq.

Bu tipli pozulma halı baş verdiyi təqdirdə, “OSED” təşkilata üzv dövlətlərdən məsələ ilə bağlı ətraflı dəyərləndirmə tələb edir. 

“Trendyol”un aid olduğu Türkiyədə rəqabət orqanı elektron ticarət platformalarının  qanunvericiliyin tələblərini pozub-pozmadığı üç prizmadan qiymətləndirilir: 

1. İxtiyari platformanın fəaliyyətinin digər platformaların rəqabət hüququnun pozulmasına səbəb olub-olmaması (məsələn, bir platforma üçün müstəsna hüquqlar tanınıbmı, bir-birinin işgüzar nüfuzuna xələl gətirən müştəriləri çaşdıran fəaliyyətlər qeydə alınınıbmı və s); 

2. Bu fəaliyyətin platforma daxilində rəqabət prinsiplərini pozub-pozmaması (məsələn, hansısa təchizatçılara platformanın imkanlarından daha üstün imkanlar yaradırmı); 

3. İstehlakçıların hüquqlarını pozub-pozmaması (sifariş edilən məhsullardan fərqli keyfiyyət və markada məhsulun gətirilməsi, sifarişçilərin təqdim etdiyi fərdi məlumatların başqa məqsədlər üçün istifadəsi və s.)   

Azərbaycanın antiinhisar orqanı “Trendyol” platformasının ölkə daxilində fəaliyyətini rəqabət qanunvericiliyinin yalnız bu 3 faktoru üzərindən qiymətləndirə bilər. Cavid Süleymanlının açıqlamasından görünür ki, elektron ticarət platformasının fəaliyyəti ənənəvi ticarət fəaliyyətilə məşğul olan biznes subyektlərinə münasibətdə qiymətləndirilir. Ən mühümü, qiymətləndirmə hüquqi arqumentlərlə deyil, tamamilə subyektiv yanaşmalarla əsaslandırılır. 

Milli qanunvericiliyə gəlincə, Konstitusiyanın 15-ci maddəsində qeyd olunur ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

“Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsində qeyd olunur ki, haqsız rəqabət dedikdə, bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri nəzərdə tutulur.

Bu Qanunun 3-cü maddəsində bəhs olunan ədalətsiz rəqabətin formaları aşağıdakı kimi göstərilib:

-       Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi (rəqibin əmtəəsinin özbaşına təqlidi və s.);

-       Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması (digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması və s.);

-       Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə (rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması və s.);

-       Haqsız sahibkarlıq fəaliyyəti (müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması və s.);

-       Haqsız işgüzarlıq davranışı (rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və s.);

-       İstehlakçıların çaşdırılması (əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi və s.).

Bundan başqa, Nazirlər Kabinetinin 2020-ci ildə qəbul etdiyi qərara əsasən, fiziki şəxslər xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə öz istehlakları üçün ay ərzində 300 dollar dəyərində mal sifariş verə bilərlər. Şəxsin qanunvericiliklə müəyyən olunan limiti aşmadığı halda xaricdən qanunla qadağan olunmayan növdə olan istənilən məhsulu sifariş vermək hüququ var.

“Fakt Yoxla”nın yuxarıda qeyd olunanlara əsasən gəldiyi nəticəyə görə, hər hansı bir sahibkarlıq fəaliyyəti subyektinin məhsulları daha ucuz qiymətə satması və ya qadağan olunmayan digər formada populyar olması, digər sahibkarlıq fəaliyyəti subyektlərindən fərqlənməsi haqsız rəqabət hesab oluna bilməz.

Analysis
  • 10 March, 2023
  • 336

Share this article

Check own fact
Contact us