Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası 2020-ci ilədək olan dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək və onların gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə qəbul edilmişdi. Bu sənəddə hökümət 2020-ci ilədək bir çox sosial-iqtisadi istiqamətlərdə çatmağı hədəflədiyi vədlərini açıqlayıb. Bunlardan biri adambaşına düşən qeyri-neft ixracı göstəricisi ilə bağlıdır. Konsepsiyada qeyd edilir ki, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcmi 1000 ABŞ dollarına çatacaq.
“Fakt Yoxla” hökümətin bu vədini həyata keçirib-keçirə bilmədiyini araşdırıb.
Cədvəl: 2013-2020-ci illərdə adambaşına düşən qeyri-neft ixracı
Cədvəldən göründüyü kimi, 2020-ci ildə Azərbaycanda adambaşına düşən qeyri-neft ixracı göstəricisi 184 dollara bərabər olub. Bu isə hökümətin vəd etdiyi göstəricidən təxminən 5 dəfə aşağı göstəricidir. Hətta son 2 ildə (2021-2022-ci illərdə) dünyada əlverişli qiymət konyukturunun yaranması səbəbindən qeyri-neft ixracından nəzərəçarpan artıma baxmayaraq, hələ də adambaşına düşən qeyri-neft əmtəə ixracı 300 dollardan aşağıdır.
“Fakt Yoxla”nın araşdırmasına görə, hökümət vədini yerinə yetirməyib.