“İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə-orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək”.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında belə yazılıb.
“Fakt Yoxla” hökümətin vədini yerinə yetirib-yetirə bilmədiyini araşdırıb.
Cədvəl: 2012-2022-ci illərdə Azərbaycanda minimum əmək haqqının orta aylıq əmək haqqına nisbəti
Cədvəldən göründüyü kimi, 2012-2020-ci illərdə Azərbaycanda minimum əmək haqqının orta aylıq əmək haqqına nisbəti 24%-dən 36%-ə yüksəlib.
Minimum əmək haqqının artırılması istiqamətində görülən tədbirlərə gəlincə, konsepsiyanın əhatə etdiyi dövr ərzində minimum əmək haqlarının artırılması ilə bağlı bir neçə dəfə qərar qəbul edilib. Prezidentin müvafiq sərəncamları ilə 1 sentyabr 2013-cü ildən etibarən ölkədə minimum əmək haqqı 93 manat 50 qəpikdən 105 manata, 1 yanvar 2017-ci ildən etibarən 105 manatdan 116 manata, 1 yanvar 2018-ci ildən etibarən 116 manatdan 130 manata, 1 mart 2019-cu ildən etibarən 130 manatdan 180 manata, 1 sentyabr 2019-cu ildən etibarən isə, 180 manatdan 250 manata çatdırılıb. Bu addımlara baxmayaraq, həmin dövrdə orta aylıq əmək haqqı da artdığı üçün hökümət minimum əmək haqqını orta aylıq əmək haqqının 60 faizinə çatdıra bilməyib.
“Fakt Yoxla”nın araşdırmasına görə, hökümət vədini yerinə yetirməyib.