logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

“Sputnik.az”: “Sinovac”ın vaksini 50,4% effektlidir

“Sputnik.az”: “Sinovac”ın vaksini 50,4% effektlidir

Sputnik.az” saytı Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən hazırlanan “Sputnik V” koronavirusa qarşı peyvənd preparatının effektivliyinin 91,6 % təşkil etdiyini yazıb. 

“Sputnik.az” “Sputnik V”ni digər peyvəndlərlə müqayisə edib, “AstraZeneca”nın 62,1%,  “Sinopharm”ın 79,3%, “Sinovac”ın isə 50,4% effektiv olduğunu vurğulayıb. 

Sayt oxşar iddianı eyni gündə bir neçə saat fərqilə dərc etdiyi digər bir yazıda da vurğulayıb. Həmin yazıda “Sputnik V” vaksininin tədarükünün Rusiya ilə Avropa İttifaqını yaxınlaşdıra biləcəyi qeyd olunub.

“Fakt Yoxla” “Sputnik.az”ın “Sinovac”la bağlı iddiasının doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanda “COVID-19” virusuna qarşı vaksinasiya yanvarın 18-dən başlayıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin şöbə müdiri Teymur Musayev “Sinovac” şirkətindən 4 milyon doza peyvənd sifariş edildiyini, bunun 2 milyon dozasının artıq ölkəyə gətirildiyini bildirmişdi. 

Hökumət hələlik peyvənd idxalında üstünlüyü “Sinovac” şirkətinə verdiyindən “Fakt Yoxla” araşdırmanı bu şirkətə dair iddia ilə məhdudlaşdırıb. 

Koronavirus əleyhinə vaksinlərin araşdırılması ilə məşğul olan “Covid19.trackvaccines.org” saytında, eləcə də “The New York Times” qəzetindəki məlumatlara əsasən, “Sinovac” peyvəndi indiyə kimi 20 ölkə tərəfindən təsdiqlənib. 

Peyvəndin sınaqları Türkiyə, Çin, İndoneziya, Çili, Braziliya, Honq Konq və Filippində rəsmi qeydiyyatdan keçib. Amma bu ölkələrdən yalnız bir neçəsi - Braziliya, Türkiyə, İndoneziya və Çili onun effektivlik faizi barədə açıqlama verib.

“Sinovac” şirkətinin aprelin 3-də dərc etdiyi məlumata görə, simptomatik “COVID-19” hallarına qarşı vaksinin effektivliyi Braziliyada 50,65%, Türkiyə 91,25% təşkil edib. 

Euronews"un martda verdiyi məlumatda isə göstərilib ki, Hacettepe Universitetinin araşdırmalarının nəticəsinə əsasən, Türkiyədə peyvəndin effektivlik dərəcəsi 83,5% təşkil edib. 

İndoneziyaya gəlincə, ölkənin Qida və Dərman Monitorinqi Agentliyi (“BPOM”) vaksinin kliniki sınağından sonra xəstəliyə qarşı 65,3% effektivlik göstərdiyini açıqlayıb.

Çili isə “Sinovac”ın vaksininin 56,5% effektivlik dərəcəsinə malik olduğunu bildirib. Bu rəqəm Çili Universitetinin araşdırmalarının nəticəsi olaraq ortaya çıxıb.

Beləliklə, “Sinovac”ın istehsal etdiyi vaksinin effektivliyi 50,65% ilə 83,5% arasında dəyişir. “Reuters” agentliyinin yazdığına görə, bu fərq sınaqların miqyası, sinaqlara cəlb olunan pasiyentlərin kriteriyası, hədəf qrupları ilə bağlıdır.  

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Sputnik.az”ın “Sinovac”la bağlı  iddiası faktlarla manipulyasiyadır.

  • 12 Aprel, 2021
  • 2655

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə