logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

İlham Əliyev: “İnkişaf etmiş ölkələr dünya vaksinlərinin 53 faizini sifariş ediblər”

İlham Əliyev: “İnkişaf etmiş ölkələr dünya vaksinlərinin 53 faizini sifariş ediblər”

Prezident İlham Əliyev AzTV-yə verdiyi müsahibədə inkişaf etmiş ölkələrin vaksinlərin bölüşdürülməsində ədalətsiz davrandığını bildirib.

 “İnkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edirlər. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir?”, – deyə o vurğulayıb.

“Fakt Yoxla” ölkə başçısının bu iddiasını yoxlayıb. 

Hazırda adambaşına ən çox vaksin düşən ölkə Kanadadır. Bu ölkənin əhalisi 37.7 milyon nəfərə bərabərdir

“The Guardian” qəzetinin analitiklərinin Duke Global Health İnnovation Center-in (Duke Qlobal Sağlamlıq İnnovasiya Mərkəzi) 25 yanvar tarixinə olan məlumatları əsasında apardığı hesablamalara görə, hazırda Kanadanın sifariş verdiyi vaksinlərin ümumi həcmi 362 milyon dozaya bərabərdir. Bu baxımdan Kanadada əhalinin hər nəfərinə ortalama 9.6 doza vaksin düşür. 

Koronavirus əleyhinə peyvəndlərin iki doza şəklində vurulduğunu nəzərə alsaq, bu, Kanadanın malik olacağı vaksin ehtiyatının 181 milyon nəfərə kifayət edəcəyini göstərir. Başqa sözlə, Kanadanın malik olduğu vaksin ehtiyatları əhali sayından 4.8 dəfə çoxdur. 

Kanadadan sonra adambaşına düşən ən yüksək göstərici Böyük Britaniyaya məxsusdur. Bu ölkədə sifariş verilən vaksinlərin əhalinin hər nəfərinə nisbəti 5.5 dozaya bərabərdir. 

Ümumi sifarişin həcminə görə isə ilk iki yeri Avropa Birliyi və ABŞ tutur. Avropa Birliyinin sifariş verdiyi vaksinlərin ümumi həcmi 1.6, ABŞ-ın isə 1.2 milyard dozaya bərabərdir. Bu da həmin ölkələrin müvafiq olaraq adambaşına 3.5 və 3.7 doza vaksin ehtiyatına sahib olacaqlarını göstərir. Halbuki Afrika qitəsində bu göstərici cəmi 0.2-ə, Latın Amerikasında isə (Braziliyanı nəzərə almadan) cəmi 0.4 dozaya bərabərdir.

Vaksinlərin bölüşdürülməsi ilə bağlı problemlərin olduğunu müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. 

“Amnesty İnternational”, “Oxfam”, “Global Justice Now” kimi təşkilatların da daxil olduğu GAVİ (The Poeple’s Vaccine Alliance) şəbəkəsi bildirib ki, 70 aşağı gəlirli ölkədə əhalinin sadəcə hər 10 nəfərindən birini peyvəndləmək mümkün olacaq. 

Bu hesabatda da deyilir ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil etməsinə baxmayaraq, 8 aparıcı vaksin firmasının məlumatlarından məlum olur ki, bu ölkələr bütün ehtiyatların 53 faizini əldə ediblər.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, ölkələrdə bütün əhalinin peyvəndləmə prosesinə cəlb edilməsi gözlənilmir. Məsələn, prezidentin köməkçisi Şahmar Mövsümov mətbuata açıqlamasında bildirmişdi ki, əhalinin 40 faizini əhatə edəcək qədər vaksin alınacaq. 

“COVAX çoxtərəfli platforması üzrə əhalinin 20 faizinin - 10 faiz+10 faiz olmaqla – vaksinasiya edilməsinə dair müqaviləmiz var. Bu, 2 milyon əhali edir. “Sinovac” şirkətindən də 2 milyon əhali üçün də 4 milyon doza alınacaq. Eyni zamanda, xəstələnib sağalan insanlara peyvənd vurulmur, çünki onlarda artıq immunitet var. Növbəti aylarda da yoluxanlar, sağalanlar olacaq. Ona görə də hesab edirik ki, alınan vaksin bizə kifayət edəcək”- deyə o əlavə edib. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə açıqlama doğrudur.

Doğru
  • 16 Fevral, 2021
  • 2701

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə