logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

11 iqlim qurşağından 9-nun Azərbaycanda olmasına dair iddialar

11 iqlim qurşağından 9-nun Azərbaycanda olmasına dair iddialar

Azərbaycanın təbiətini tərənnüm edərkən ən çox istifadə edilən iddialardan biri də “dünyada olan 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması”dır. Bu iddianı ən son səsləndirənlərdən biri də Milli Məclisin deputatı Naqif Həmzəyev olub.

“Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda mövcudluğu, təbii sərvətlərimiz, zəngin tarixi-mədəni irsimiz, milli mətbəximiz, ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik adasına çevrilməsi son illər dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edib”,- deyə deputat "Trend" agentliyinə bildirib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

İqlim qurşaqları yer kürəsinin en dairəsi boyunca yerləşən və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən bircinsli iqlim sahələridir. Rus iqlimşünasi  Alisov Günəşin Yerin səthini qeyri-bərabər qızdırması faktına əsaslanaraq dünyanı 13 iqlim qurşağına ayırıb. Bu bölgü atmosferin dövretmə xüsusiyyətlərinə görə təsnifatlaşdırılıb. Həmin təsnifata görə, Yerin hər yarımkürəsinin payına ekvatorial, tropik, mülayim və qütb olmaqla dörd əsas iqlim qurşağı düşür. Əsas zonalar arasında həm şimal, həm də cənub yarımkürəsi üzrəsubekvatorial, subtropik, subqütb (subarktika və subantarktika) adlanan keçid qurşaqları yerləşir.

Dünyanın iqlim qurşaqları. Skrinşot 9-cu sinfin coğrafiya dərsliyindən götürülüb.

 

Azərbaycan şimal yarımkürəsinin 38°25′ – 41°55′ şimal enlikləri və 44°50′ – 50°51′ şərq uzunluqlarında subtropik və qismən mülayim iqlim qurşaqlarında yerləşir. Mürəkkəb relyef şəraiti bu qurşaqlar daxilində fərqli iqlim sahələri yaradır. Bu iqlim sahələri düzənikdən dağlara doğru dəyişir. Azərbaycanda mövcud olan bu iqlim qurşaqlarında 8 iqlim tipi var:

1. Yarımsəhra və quru çöl iqlimi

2. Qışı quraq keçən mülayim-isti iqlim

3. Yayı quraq keçən mülayim-isti iqlim

4. Qışı quraq keçən soyuq iqlim

5. Yayı quraq keçən soyuq iqlim

6. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim

7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim

8. Dağlıq tundra iqlimidir.

 

Xəritə: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə direktoru Məhərrəm Həsənov “Trend”ə açıqlamasında deyib ki, bəzi hallarda yarımsəhra və quru çöl iqlimi iki tip kimi qəbul edilir və yanlış olaraq, Azərbaycanda 9 iqlim tipinin olduğunu deyirlər.

Beləliklə, Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarında yerləşir və bu qurşaqların daxilində düzənliklərdən dağlara doğru dəyişən 8 iqlim tipi var.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “dünyadakı 11 iqlim qurşağının 9-nun Azərbaycanda olması”na dair iddialar mifdir.

PS. Yazı dərc olunandan sonra Azərbaycan ərazisinin iqlim qurşaqları və iqlim tipləri üzrə faiz bölgüsü çaşqınlıq yaratdığından yazıdan çıxarılıb. Yazı ancaq iqlim qurşaqlarının və iqlim tiplərinin sayı ilə məhdudlaşdırılıb.

Mif
  • 24 Dekabr, 2020
  • 20864

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə