logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Siyavuş Novruzovun Fransa və “erməni soyqırımı” haqqında iddiası

Siyavuş Novruzovun Fransa və “erməni soyqırımı” haqqında iddiası

“Fransanın Türkiyəyə qarşı qətnamələri də məlumdur. Qərar qəbul etdilər ki, keçmişdə qondarma erməni “soyqırımı”nı tanımayan Fransa vətəndaşları cinayət məsuliyyətinə cəlb olunacaqlar”. 

Deputat Siyavuş Novruzov Fransa Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən belə deyib

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Fransada qanunverici orqan olan parlament iki palatadan – Milli Assambleya və Senatdan ibarətdir. Parlamentin verdiyi qərarları Fransa prezidenti təsdiqləyir. Bu o deməkdir ki, parlamentin qəbul etdiyi qanunların hüquqi qüvvəsinin olması üçün  ölkə başçısı həmin qanunları təsdiqləməlidir.

Siyavuş Novruzovun haqqında danışdığı 3842 saylı qanun layihəsi Milli Assambleyaya 2011-ci il oktyabrın 18-də Fransanın Büş-dü-Ron departamentini təmsil edən Valeri Boyer tərəfindən təqdim edilib. 

Cəmi 2 maddədən ibarət qanun layihəsində “erməni soyqırımı”nın mövcudluğunu inkar edən və əhəmiyyətsizləşdirən hərəkətlərə yol verən şəxslərin 1 il həbs və ya 45 min avro pul cəriməsi ilə cəzalandırılması nəzərdə tutulurdu. 

Senatın Qanunlar Komitəsi layihənin senatorlar tərəfindən rədd edilməsini təklif etsə də, layihə 2012-ci il yanvarın 23-də Senatın Baş Assambleyasında keçirilən səsvermədə 86 əleyhinə, 127 lehinə olmaqla qəbul edildi. Bundan sonra qanun qüvvəyə minməsi üçün Fransa prezidenti tərəfindən təsdiq edilməliydi.

Amma Fransa Konstitusiyasının 61-ci maddəsinin verdiyi imkan vəziyyəti dəyişir. Bu maddəyə görə, ən azı 60 senator və ya 60 nümayəndə qanunun ləğvi üçün Konstitusiya Şurasına müraciət etmək hüququna malikdir. Nəticədə, qanunun qüvvəyə minməsinə qarşı çıxan nümayəndələr və senatorlar lazımi imzaları toplayıb, qanunun ləğvi üçün Şuraya müraciət etdilər.

Konstitusiya Şurası 1789-cu il İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi və 1958-ci il Fransa Konstitusiyasını nəzərə alaraq bu qanunun hər iki maddəsinin Konstitusiyaya zidd olduğunu qərarına gəldi və sözügedən qanunu ləğv etdi. Qanunun ləğvinə dair bu qərar 2012-ci il martın 2-də dərc olunduqdan sonra qüvvəyə mindi. 

Beləliklə, qanun qəbul edilsə də, sonradan qüvvəyə minmədən ləğv edilib. Yəni, bu qərarın hər hansı hüquqi qüvvəsi yoxdur. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Siyavuş Novruzovun iddiası yanlışdır.  

Yanlış
  • 20 Dekabr, 2022
  • 358

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə