“Bu gün AXCP, Müsavat partiyası hesabatlarını ictimaiyyətə açıqlamırlar”.
Bunu Milli Məclisin iyunun 23-də keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Fakt Yoxla” Siyavuş Novruzovun iddiasının doğru olub-olmadığını araşdırıb.
Siyasi partiyalar haqqında qanunda qeyd edilir ki, siyasi partiyalar hər il aprel ayının 1-dək öncəki ilin maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, həm Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), həm də Müsavat partiyası 2022-ci il üzrə maliyyə hesabatını MSK-ya təqdim edib.
Müsavat Partiyasının maliyyə hesabatında əks olunur ki, 2022-ci ildə partiyanın ümumi gəliri 9480 manata bərabər olub. Bu vəsaitin 8710 manatı, yəni, 92%-i üzvlük haqları hesabına formalaşıb. Daha 770 manat isə partiyaya ianə edilib. Həmin il partiyanın xərcləri isə 9410 manata bərabər olub ki, bu da partiyanın saxlanması və informasiya təminatı üçün istifadə edilib. Beləcə, partiya ili 70 manat mənfəətlə başa vurub.
AXCP-nin 2022-ci illə bağlı maliyyə hesabatında göstərilir ki, partiyanın 2022-ci ildə heç bir gəliri olmayıb. Həmin il partiyanın həm gəlirləri, həm xərcləri sıfıra bərabər olub.
Qeyd edək ki, hər iki partiya öncəki illərdə də maliyyə hesabatlarını MSK-ya təqdim edib və 2014-cü ildən bəri partiyaların təqdim etdikləri hesabatlar qurumun saytında yerləşdirilib.
“Fakt Yoxla”nın araşdırmasına görə, deputat Siyavuş Novruzovun iddiası yanlışdır.